Hesab edirik ki, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Salberin İrəvanda Dağlıq Qarabağın separatçı rejiminin "xarici işlər naziri" Karen Mirzəyanla görüşü düzgün deyil". Bunu SİA-ya Qarabağ Azadlığı Təşkilatının (QAT) sədri Akif Nağı münasibət bildirərkən deyib.QAT sədrinin sözlərinə görə, bu görüş Dağlıq Qarabağ separatçı rejiminin təbliğinə xidmət edir: "Onun adını nə qoyurlar-qoysunlar, amma bu yenə də həmin qondarma rejimin hansısa formada tanınması deməkdir. Rəsmi Bakı da hesab etdi ki, Avropa Birliyi bu məsələlərə loyal yanaşamalı deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də öz açıqlamasında bildirdi ki, həmin görüş DQ-nın erməni və azərbaycanlı icmalararası dialoquna xidmət edir və s. Mən deyərdim ki, bu belə deyil. Hesab edirəm ki, Ermənistann yaratdığı qondarma rejim terrorçu, separatçı bir rejimdir. Hətta bu rejimi İŞİD terror təşkilatı ilə müqayisə etmək olar. Düşünürəm ki, bu cür əlaqələrə birmənalı şəkildə son qoyulmalıdır. Azərbaycan tərəfi imkan verməməlidir ki, beynəlxalq təşkilatlar qondarma rejimin nümayəndələri ilə bu şəkildə görüşsünlər. İkincisi isə əgər onlar görüşürlərsə, icma nümayəndəsi kimi görüşməlidirlər. Onlar aydın şəkildə bildirməlidirlər ki, DQ-dakı erməni icmasının nümayəndəsi ilə görüşürlər. Çünki ermənilər bunu təbliğat vasitəsinə çevirirlər və qondarma rejimin rəsmi nümayəndəsi ilə görüş kimi təqdim edirlər. Hesab edirəm ki, bu məsələlər nəzərdən qaçırılmamalıdır".
sia.az