PDF Oxu

Müxalifət

  • 30

Arif Hacılı təzyiqlər qarşısında tab gətirə bilməyəcək

Arif Hacılı təzyiqlər qarşısında tab gətirə bilməyəcək

Müsavatda ikitirəlik qısa müddətdə partiyanı rəsmən iki yerə parçalayacaq

Məlum olduğu kimi, Müsavat divanının keçirdiyi iclasda "ADR" qərargahının təşkilat komitəsinin sədri Qubad İbadoğlu partiyadaxili nizam-intizama əməl etmədiyi, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunması ilə bağlı qəbul olunan bu qərar bir qrup müsavatçı tərəfindən ciddi etirazla qarşılanıb və bununla bağlı etirazçılır müraciət qəbul ediblər. Müraciətdə bildirilir ki, son günlər Müsavat daxilində partiyanın siyasi xəttindən və idarəçiliyindən narazı olan üzvlərə qarşı repressiyaların genişlənməsi, onlara müxtəlif vasitələrlə təzyiqlər edilməsi, cəzaların verilməsi, tənqidi mövqedə olan üzvlərin partiya sıralarından çıxarılması bir tərəfdən partiyanın rəhbər strukturlarına etimadı, digər tərəfdən də partiyanın ictimai nüfuzunu azaldır və buna görə də bölücülüyə yönəldilmiş çağırışlara son qoyulmasını tələb ediblər.

Arif Hacılının xəfiyyə sistemi

Qubadlı rayon təşkilatının təşkilat məsələləri üzrə keçmiş sədr müavini və qurultay nümayəndəsi Məhəbbət Muradovun verdiyi proqnoza görə 28 səslə başqan seçilən Arif Hacılı təyin etdiyi müşavirlərin hamısı öz tərəfdarlarıdır: "Bu fakt onu göstərir ki, Arif bəy Müsavatın deyil, bir qrup tərəfdarlarının başqanı ola biləcək keyfiyyətdədir. Onun başqan olduqdan sonra təyin etdiyi 4 müşavirdən üçü Qubad İbadoğlunu təhqir və tənqid edən partiya üzvləridir. Onlardan biri Azər İsmayıldır ki, gizli qrup yaradaraq Qubad İbadoğlunun tərəfdarlarını partiyadan sıxışdırıb çıxarmaq, ağır təhqirlərə məruz qoymaqla məşğul olub və olmaqdadır. Digər müşavir Cahangir Əmirxanlı ağsaqqal yaşda olmasına baxmayaraq sosial şəbəkələrdə Qubaq İbadoğlunu dəstəkləyənləri ağır şəkildə təhqir edir. Üçüncü müşavir isə Arif Hacılıya rəsmən çuğulçuluq edib, digər qrup arasındakı söz-söhbətləri ona çatdırmaqla məşğul olub. Özünə bu cür xəfiyyə sistemi yaradan birisi Müsavat kimi köklü və tarixi partiyaya başqan olacaq mənəvi yükə malik deyildir".

Arif Hacılı Müsavatı ailə müəssisəsinə çevirib

M.Muradov onu da bildirib ki, A.Hacılı Müsavatı ailə müəssisəsinə çevirib: "Partiya üzvü olmayan Vaqif Hacıbəyli Müsavatın daxili işlərinə qarışmaqla bu barədə dediklərimi təsdiqləyir. Vurğun Əyyub kimi ölkədə ziyalılığı və təmizliyi ilə tanınmış siyasətçiyə çamur atan digər qardaş Mustafa Hacıbəyli anlamalıdır ki, bu ziyalılar Müsavatın əsas simalarıdır".

"ADR" hərəkatının təşkilat komitəsinin sədri Qubad İbadoğlu da yeni başqanı tənqid edərək bildirib ki, A.Hacılı öz maraqları naminə partiyanı qurban verir: "Arif Hacılının anti-Müsavat kampaniyasının ön cəbhəsində mənim və tərəfdarlarımın dayandığı barədə fikirləri kökündən yanlışdır. O, əks fikirli şəxsləri partiyadan qanunsuz olaraq kənarlaşdırmaqla Müsavatı özəlləşdirmək, onu ailə partiyasına çevirmək istəyir. Biz ona imkan verməyəcəyik. Fevralın 21-də (ADR) hərəkatının təsis konfransı olacaq. Bu toplantıda "ADR" hərəkatının partiya çevrilməsi ilə bağlı müzakirələr gözlənilmir. Hərəkat ictimai birlik statusunda fəaliyyət göstərmək niyyətindədir".

Beləliklə, görünən odur ki, Müsavat partiyasındakı ikitirəlik uzun sürməyəcək və qısa müddətdə partiyanın rəsmən iki yerə parçalanacağı labüddür.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər