"Hesab edirəm ki, Vurğun Əyyubun parlament seçkilərinə Müsavat Partiyasının namizədi kimi qatılmaq fikrində olması onun partiyadan çıxarılmasını sürətləndirəcək". Bunu SİA-ya ADR Hərəkatının İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.S. Əlisoy xatırladıb ki, Müsavat Partiyası Suraxanı rayon təşkilatı Vurğun Əyyubun parlament seçkilərinə namizəd kimi irəli sürüb: "Ancaq Müsavat Partiyasından bildirirlər ki, rayon təşkilatının iclasında şura üzvlərinin hamısı iştirak etməyib. Suraxanı rayon təşkilatından isə bildirirlər ki, şura üzvlərinin hamısı iştirak edib. Məsələ orasındadır ki, Vurğun Əyyub Müsavat Partiyasının üzvüdür. Yəni onu hələ partiyadan çıxarmayıblar. Baxmayaraq ki, Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı bəyan etmişdi ki, ADR-in rəhbərliyində təmsil olunalar partiyadan çıxarılmalıdırlar. Vurğun Əyyubun isə parlament seçkilərinə Müsavat Partiyasının namizədi kimi qatılmaq fikrində olması onun partiyadan çıxarılmasını sürətləndirəcək".S. Əlisoy Müsavatın ADR Hərəkatına qarşı sərgilədiyi münasibətdən də danışıb: "Müsavat Partiyasının elektoratının böyük bir hissəsi ADR Hərəkatına meyl edir. Biz hazırda təşkilatlanma işini davam etdiririk. May ayına qədər 22 rayonda təşkilatlanma işini yekunlaşdıracağıq. Müsavat Partiyasında olan ziyalı kəsimin ADR-ə üz tutması onları qıcıqlandırır. Onların ətrafında bir ovuc populist Arif Hacılı tərəfdarı qalacaq".ADR Hərəkatının İdarə heyətinin üzvü qeyd edib ki, Müsavatda parçalanma davam edəcək: "Partiyada başqanlığa sabiq namizəd Tural Abbaslının tərəfdarları var. Onları məclis üzvlüyünə belə yaxın buraxmırlar. Bundan başqa Sabunçu rayonunda da sədr seçkilərindəki saxtakarlığa görə 10-a yaxın müsavatçı partiyadan istefa verib. Bunlar isə Arif Hacılının saxtakarlıqlarından irəli gələn məsələlərdir. Özünə Hacılı populizminə meyllənməni rəva bilməyənlərin hamısı ADR-ə üz tutur. Buna görə Müsavatdakıların qarın sancıları artıb".
sia.az