Partiyaxadili gərginliyə daha bir səbəb bəlli oldu
Müsavat partiyasında məlim səbəblər üzündən yaranmış gərginliyə daha bir səbəb yaranıb. Budəfəki məsələ cari ilin payızında keçiriləcək parlament seçkiləridir ki, hazırda təşkilat rəhbərliyi ilə narazılar arasında kəskin ziddiyyətlər yaşanmaqdadır. Hətta vəziyyət o həddə qədər inkişaf edib ki, siyasətlə maraqlanan ictimai rəydə Müsavatın seçkilərə iki siyahı ilə qatılması amili formalaşmağa başlayıb. Daha dəqiq desək, partiyadan çıxarılan eks- başqan müavini, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri olan Qubad İbadoğlunun Müsavatda təmsil olunan tərəfdarları parlamentə məhz Müsavat partiyasından namizədliklərini irəli sürəcəklərini gizlətmirlər. Onların bu kimi iddiaları isə partiya rəhbərliyini qıcıqlandırır. Başqa tərəfdən, digər sabiq başqan müavini Vurğun Əyyubla partiyanın qadınlar birliyinin sədri Ellada Məmmədlinin namizədliklərinin təşkilatın rayon şöbələrindən irəli sürüləcəyi xəbəri sözügedən vəziyyəti gərginliyin pik həddinə qədər yetişdirib.
Mustafa Hacıbəyli: "Buna imkan verməyəcəyik...Müvafiq tədbirlər görülməlidir"
Bu arada Müsavat məclisinin üzvü Mustafa Hacıbəyli öz açıqlamasında bildirib ki, ADR-də təmsil olunan müsavatçılar ictimai rəydə parlament seçkilərinə hazırlıqla bağlı tərəfdarları arasında çaşqınlıq yaradırlar. Belə ki, Hacıbəylinin fikrincə, ADR təmsilçiləri olan adıçəkilən müsavatçılar alternativ siyahı hazırlayıblar və cəmiyyətə partiyanın parlament seçkilərinə iki siyahısı ilə gedəcəyini bəyan edirlər: "Yəni çalışırlar ki, Müsavatın bir dairədən iki namizədinin olduğunu nümayiş etdirsinlər. Biz Müsavat partiyası olaraq buna imkan verməyəcəyik".
Mustafa Hacıbəyli onu da deyib ki, narazı olaraq, həm də ADR-də təmsil olunan müsavatçıların iki siyasi qurumda təmsil olunması mümkün olmayacaq məsələdir. Partiya rəsmisi ADR-də olan müsavatçıların həmin qurumdan çıxaraq, yalnız Müsavatda təmsil olunacaqları təqdirdə onların parlament seçkilərinə qatılacaqları imkanının olduğunu da bildirib. O, hətta ADR-də təmsil olunan müsavatçılara dolayısı ilə "hörmətsiz" damğası vurub: "Müsavat üzvlərinin iki yerdə təmsil olunması uzun müddət davam edə bilməz. Ümid edirəm ki, o adamlar özlərinə hörmət qoyacaqlar".
O, eyni zamanda partiyanın parlament seçkilərində namizədliklərini irəli sürəcək müsavatçıların razılığının məhz məclis tərəfindən təsdiq oluna biləcəyini bildirib: "Müsavat partiyasının nizamnaməsində göstərilib ki, partiyanın parlament seçkilərindəki namizədlərinin siyahısını məclis müəyyənləşdirir. Məclisi tanımayan, məclisə qatılmayan insanların həmin səsvermədə səs yığacaqları gözlənilmir. Digər tərəfdən, burada Müsavat əleyhinə fəaliyyət göz qabağındadır. Düşünürəm ki, onların bu fəaliyyətlərinə görə müvafiq tədbirlər görülməlidir".
Partiya rəsmisi Vurğun Əyyubun Suraxanı rayon təşkilatından namizədıiyinin irəli sürülməsini təşkilata qarşı sabotaj olduğunu da deyib: "Suraxanı rayon təşkilatının rəhbərliyi 6 aydır sabotajla məşğuldur, partiyanın qərarlarını icra etmir, üzvlük haqqını ödəmir. Nümayişkaranə şəkildə sədrlər şurasına, məclisə qatılmırlar, partiya ilə əlaqəni tamamilə kəsiblər. Bütün bunlar partiyanın nizamnaməsinə ziddir. Müsavatın qərarlarını icra etməyən və nizamnamə tələblərini yerinə yetirməyən təşkilatlar haqqında tədbirlər görülür və yəqin ki, bu məsələyə də baxılacaq".
Ellada Məmmədli: "Seçim etməklə bağlı çağırış insan və vətəndaş hüquqlarının tapdanmasıdır"
Mustafa Hacıbəylinin cavabı gecikməyib. Narazı müsavatçı, partiyanın qadınlar bilriyinin sədri, eləcə də ADR təmsilçisi Ellada Məmmədli partiyaya yaxınlığı ilə seçilən mətbuata açıqlamasında Hacıbəyliyə cavab olaraq bildirib ki, ADR-dəki müsavatçılar Müsavatın ziyanına heç bir fəaliyyət göstərmirlər: "Müsavat partiyası üzvlərinin ya Azərbaycan Demokratiya Rifah Hərəkatı, ya da Müsavat partiyasında təmsil olunmaları ilə əlaqədar seçim etmələri ilə bağlı çağırışlar nizamnamə pozuntusudur. Hər bir insanın vətəndaş kimi haqq və hüquqları var. Müsavatın nizamnaməsində yazılmır ki, partiya üzvü hər hansı bir ictimai qurumda təmsil oluna bilməz. ADR-in də nizamnaməsində yazılmayıb ki, bu qurumun üzvü siyasi partiyalarda təmsil oluna bilməz. Əgər vətəndaşın qüvvəsi, enerjisi, vaxtı bir neçə qurumda fəaliyyət göstərməyə imkan verirsə, bu qurumlarda təmsil olunmaq onun hüququdur və hüququ tapdalanmamalıdır. Seçim etməklə bağlı çağırış insan və vətəndaş hüquqlarının tapdanmasıdır".
Beləliklə, görünən budur ki, artıq Müsavatda suların durulması prosesi birdəfəlik sona çatıb və partiyanın daxilində normal ab-havanın yaşanması qeyri-mümkündür. Parlament seçkilərinə daha az müddət qaldıqda isə, təşkilatdan istefa verənlərin sayının artması gözlənilir. Çünki seçkilərə qatılmaq istəyən müsavatçıların sayı kifayət qədərdir və bu amil növbəti gərginliklərin, ziddiyyətlərin yaranmasına səbəb olacaq. Bu hal isə Müsavat partiyasının gələcəyini böyük şübhə və sual altında qoyan danılmaz faktor kimi qiymətləndirilə bilər.
Rövşən RƏSULOV