PDF Oxu

Müxalifət

  • 28

AXCP-dən kütləvi istefalar gözlənilir

AXCP-dən kütləvi istefalar gözlənilir

Razi Nurullayev: "Əli Kərimli, müxalifətin adını ləkələmə!"

AXCP rəhbərliyi ilə partiyanın gənc fəalları arasında qarşıdurmalar davam edir. Məhz buna görə də üç gün öncə partiyanın gənclər komitəsinin üzvləri Ehtiram Mehdiyev, Kamandar Hüseynov və Cavid Musazadə bu qarşıdurmanın nəticəsi olaraq AXCP-dən xaric olunublar. Gərginliyə səbəb kimi isə gənclər komitəsinin üzvü Ehtiram Mehdiyevin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı haqqında yazdığı bir facebook statusu olub. Həmin statusda E.Mehdiyev martın 15-də "Milli Şura"nın keçirdiyi mitinq zamanı F.Qəhrəmanlının tribunanın yanında dayanan yaşlı insanı və gəncləri təhqir etməsini sərt şəkildə tənqid edib. AXCP gənclər komitəsinin bəzi üzvləri də E.Mehdiyevə dəstək veriblər. Bundan sonra isə E.Mehdiyev və gənclər komitəsinin digər üzvü C.Musazadə partiyadan çıxarılıblar. Bu qərardan əsəbiləşən gənclər komitəsinin üzvləri ilə partiya rəhbərliyi arasında ciddi gərginlik yaşanıb. İnformasiyalarda deyilir ki, gənclər komitəsinin üzvlərinin yaxın günlərdə bəyanat verərək, kütləvi şəkildə partiyadan çıxacaqları gözlənilir.

Cəbhəçi gənclərlə AXCP rəhbərliyinin qarşıdurmasına bu yaxınlarda partiya sıralarından istefa vermiş sabiq sədr müavini Razi Nurullayev də özünün facebook səhifəsində münasibət bildirib. R.Nurullayev gənclərin müdafiəsinə qalxıb. O, qeyd edib ki, gəncliklə savaşanlar məğlub olur: "Partiya içində sənin siyasətini tənqid edənlərlə mübarizə aparmaq düzgün deyil. AXCP sədrini və yaxın ətrafının siyasətini tənqid edənlər partiyadan uzaqlaşdırılıb. Bu gənclər E.Mehdiyev, C.Musazadə və K.Hüseynovdur. Səbəb obyektiv tənqiddir. Amma onlar unudublar ki, AXCP-də tənqid qadağan olunub. Səmərəli təklif vermək və onu keçirmək mümkün deyil. Təklif yalnız partiyanın inkişafına yox, həm də sədrin maraqlarına cavab verməlidir. Əli Kərimli də məğlub olacaq. Çünki o, gəncliklə və onu obyektiv tənqid edənlərlə savaş yolunu seçib. Partiya resursları onun özünə və seçdiyi ətrafına xidmət edir. Partiya üzvləri və təəssübkeşlərinin çalışmaq üçün hansı stimulu və motivasiyası var? Əli Kərimlini tərifləmək və onun dediklərini qeyd-şərtsiz yerinə yetirmək insan üçün stimul ola bilərmi? Həyatını partiyaya sərf edənlərin, canını bu yolda fəda edənlərin üzərinə qışqırmaq, onları istismar etmək partiya rəhbərliyinə yaraşmaz. Müxalifət adını ləkələməyin. Fərqli fikrə dözümlü yanaşın, ya da gedin durun iqtidarın yanında. Daha gizlində yox, açıqda".

Samir

Digər xəbərlər