Sərdar Cəlaloğlu: "Milli Şura" nə üçün mitinqləri intensiv keçirmir, bir ay keçirir, 3-4 ay sonra təkrar keçirir?"
Elçin Mirzəbəyli: "Onlar insanların nəzərini içlərindəki böhrandan yayındırmaq üçün bu tipli aksiyalar keçirməklə guya öz mövcudluqlarını göstərməyə cəhd edirlər"
Zərdüşt Əlizadə: "Mən "Milli Şura"da olan şərçi insanlara inanmıram"
"Milli Şura"nın aprelin 5-də keçirdiyi mitinqdən sonra radikal müxalifət düşərgəsindəki acınacaqlı durum bir daha ortaya çıxmış oldu. Bir daha isbat olundu ki, xalqın tələbi, dəstəyi olmadan keçirilən bu kimi piketlər sadəcə özlərini aldatmaqdan başqa bir şey deyil. "Milli Şura" bununla guya öz varlığını sübut etməyə çalışır. "Milli Şura"nın 5 aprel mitinqi ilə bağlı cəmiyyətin haqlı qınağından sonra ayrı-ayrı siyasətçilər, partiya sədrləri də onların bu addımını yersiz adlandıraraq, radikal müxalifət rəhbərini bu cür başısoyuq hərəkətlərdən çəkinməyə çağırıblar.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Milli Şura"nın 5 aprel mitinqi ilə bağlı danışaraq qeyd edib ki, "Milli Şura" və AXCP-nın bu mitinqləri keçirməkdə məqsədləri odur ki, desinlər ki, Azərbaycanda ən güclü yeganə müxalifət onlardır, çünki mitinq keçirirlər: "Bu məqsəd isə mitinqlərin guya xalqın hansısa problemlərini həll etmək üçün keçirildiyi fikrini təkzib edir. Digər tərəfdən, "Milli Şura"nın və AXCP-nin keçirdiyi mitinqlər göstərir ki, cəmiyyətdə ən güclü yeganə müxalif qüvvə olmaları və xalqın onlara böyük dəstək nümayiş etdirdiyi barədə dedikləri də yanlışdır, onlar bu məqsədlərinə çatmırlar".
ADP sədri S.Cəlaloğlu onu da bildirib ki, demokratik mübarizənin əsas prinsiplərindən biri ardıcıllıqdır: "Mitinqlər o zaman effektli ola, artan tendensiya ilə inkişaf edə bilər ki, bu mitinqlərin arasındakı məsafə qısa olsun. Yəni mitinqlər arasındakı məsafə qısa olacaqsa, vətəndaşlar da mitinqlərə bir o qədər dəstək verəcək, mitinqlər bir o qədər də siyasi nəticələrə gətirib çıxaracaq: "Sual ola bilər ki, nə üçün müxalifət mitinqləri intensiv keçirmir, bir ay keçirir, 3-4 ay sonra təkrar keçirir? Çünki bu mitinqlər sosial tələbat deyil. Sosial tələbat olsa, xalq gündə 3-4 dəfə mitinq keçirməyi tələb edər. İndi mitinq iştirakçıları insanları ora gətirmək üçün uzun müddət hazırlıq aparmalıdırlar. Mitinqlərin arasında uzun müddət yaranır və bu uzun müddətdə də fəaliyyətdə tələb olunan intensivlik pozulduğuna görə getdikcə mitinqlərə həvəs də, maraq da azalacaq. Həm də mitinqlərdə nəticə olmadığına görə iştirakçıların sayı azalır".
5 aprel mitinqinə münasibətini bildirən politoloq Zərdüşt Əlizadə "Milli Şura"nın aprelin 5-də keçirilən mitinqində iştirakçıların sayının kifayət qədər az olduğunu vurğulayıb: "Müxalifətin də fərqli zəkası və iradəsi yoxdur. Müxalifət haqqında çox şey demək istəmirəm. Onu bilirəm ki, müxalifət iqtidarın idarə etdiyi bir qurumdur. Mən mitinqləri təşkil edən insanların elan etdiyi şüarlarla saf şəkildə mübarizə aparacaqlarına inanmıram. Mən "Milli Şura"da olan şərçi insanlara inanmıram".
"Milli Şura"nın keçirdiyi mitinqlə bağlı suallarımızı cavablandıran Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Elçin Mirzəbəyli bildirib ki, "Milli Şura"nın ənənə halını alan uğursuz, heç bir əhəmiyyət kəsb etməyən mitinqləri onların özlərindən xoflanmağının nəticəsidir: "Çünki hər şey göz önündədir. İllər keçdikcə müxalifətçilər geriləyirlər, heç bir uğur əldə edə bilmirlər, ətraflarında olan adamlar da müəyyən müddətdən sonra ordan uzaqlaşırlar. Beləliklə, radikal müxalifət partiyalarının özündə bir böhran baş alıb gedir. Bu zaman insanların nəzərini içlərindəki böhrandan yayındırmaq üçün bu tipli aksiyalar keçirməklə guya öz mövcudluqlarını göstərməyə cəhd edirlər. Ancaq bu metod keçərli deyil. Onların 5 aprel mitinqində 10 min adamın iştirak etdiyi ilə bağlı səsələndirdikləri absurd iddia göstərdi ki, "Milli Şura"da təmsil olunanlar nə qədər gülünc və qeyri-ciddi şəxslərdir".
Samir