Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin prezidenti İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib.
Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinən İ.Əliyev məhkəmədə çıxış edərək hakimin ünvanına aşağılayıcı ifadələr işlədib. Daha sonra hakimin müxtəlif suallarına, eləcə də "özünüzü təqsirli bilirsinmi?" sualına konkret cavab verməkdən yayınan İ.Əliyev hakimiyyətin ünvanına tənqidlər səsləndirib.
İ.Əliyevin hüquqlarını müdafiə edən vəkil Şəhla Hümbətova cinayət işində şahid kimi adı salınan bank əməkdaşına təzyiqlər göstərib. İ.Əliyev ümumilikdə 119 min manat vəsaitin müxtəlif adlar və imzalarla naməlum istiqamətdə xərclənməsinə aydınlıq gətirə bilməyib. Hakim Rasim Sadıqovun suallarından yayınan İ.Əliyev daha sonra çıxış etməkdən imtina edib.
Məhkəmə prosesinin sonunda dövlət ittihamçısı çıxış edərək məhkəmədən İ.Əliyevin təqsirli bilindiyi maddələr üzrə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilib və KİV nümayəndələri də məhkəmədə iştirak ediblər. Lakin məhkəmə prosesində "SƏS" qəzetinin əməkdaşını görən radikal müxalifətçilər jurnalistin ünvanına təhqiramiz ifadələr işlədərək fiziki təzyiqlər göstərməyə cəhd ediblər. Görünür ki, demokratiya və insan hüquqlarından danışan müxalifət küçə təfəkküründən kənara çıxa bilmədiyi üçün və sivil mübarizə aparmaq gücündə olmadığına görə növbəti dəfə öz simalarını nümayiş etdirməkdən çəkinməyiblər.
Samir