Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunan R.Cəfərov qanunsuz sahibkarlıqla məşğul olduğuna, vergidən yayındığına və vəzifə səlahiyyətlərini aşdığına görə ittiham edilir. Məhkəmə prosesində dövlət ittihamçısı Mübariz Mirili replika hüququndan istifadə edərək, ötən gün keçirilən prosesdə müdafiə tərəfinin ittiham tərəfinin qərəzli olması barədə iddialarına cavab verib: "Bu, düzgün deyil, ittiham tərəfinin hər hansı qərəzi yoxdur. Müdafiə olunan tərəfin dedikləri həqiqəti əks etdirmir". Daha sonra prosesdə Rəsul Cəfərov son söz deyib. Məhkəmə prosesi aprelin 16-da davam etdiriləcək və hökmün oxunacağı gözlənilir. Qeyd edək ki, məhkəmə prosesində iştirak edən hüquq müafiəçisi Vidadi İsgəndərli məhkəmədə hay-küy salaraq R.Cəfərovu aqressiv olmağa çağırıb. V.İsgəndərli məhkəmədə iştirak edən müxalifətçiləri şüar səsləndirməyə də çağırıb. Lakin məhkəmə nəzatəçilərinin müdaxiləsi nəticəsində zalda sabitlik tam təmin olunub .
Samir