PDF Oxu

Müxalifət

  • 25

ADR Müsavatı dalana sıxdığı kimi, YDH də AXCP-nin sonuna çıxacaq

ADR Müsavatı dalana sıxdığı kimi, YDH də AXCP-nin sonuna çıxacaq

Yeni yaradılan hərəkatlar hücum taktikasından məharətlə yararlanırlar

Bir sıra müsavatçıların partiyanın qurultayından sonra başqanlıq seçkisində saxtakarlıq iddiası irəli sürüb təşkilatdan istefa vermələri, eləcə də digərlərinin oradan qovulmalarından sonra yaradılan Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) demək olar ki, tam sürətlə ölkədaxili siyasi proseslərlə qatılıb. Qubad İbadoğlunun sədrliyi ilə fəaliyyət göstərən ADR artıq rayon təşkilatlarının formalaşdırması prosesini də yekunlaşdırmaqdadır. Daha bir maraqlı məqam isə sabiq müsavatçılarla yanaşı, hələ də Müsavat partiyasında qalmalarına rəğmən, ADR-də təmsil olunan müsavatçıların yeni rəhbərliyə qarşı apardıqları mübarizədir. Beləliklə, qənaətə gəlmək mümkündür ki, ADR yaxın zamanlarda, xüsusilə parlament seçkilərində Müsavata qarşı real konkurent olmaqla, Arif Hacılı-İsa Qəmbər cütlüyünə qurşaqaltı zərbələr endirəcək.

AXCP üzvləri Razi Nurullayevi dəstəkləməyə başlayıblar

Belə bir məqamda Müsavat partiyasının aqibətini AXCP də yaşamaq üzrədir. Məsələ ondadır ki, Əli Kərimlinin öz müavini Razi Nurullayevi təşkilat sıralarından uzaqlaşdırması, ikincinin isə AXCP sədrinin üstüörtülü məqamlarını ictimailəşdirərək, onu ifşa etməsi nəticədə digər cəbhəçilərin də Razi Nurullayev cəbhəsinə keçmələrinə şərait yaradıb. Uzun illərdir ki, Əli Kərimlinin dediyi ilə oturub-duran, partiyada avtoritar rejimdən kənara çıxa bilməyən bir çox AXCP üzvü istər dolası, istərsə də birbaşa yollarla Razi Nurullayevi dəstəkləməyə başlayıblar. Eyni zamanda, ötən ildən başlayaraq cəbhə sıralarından istefa verən narazılar da sabiq sədr müavininin Əli Kərimliyə ünvanlanmış ittihamlarını birmənalı şəkildə dəstəkləməkdədirlər.

Müsavat və AXCP-nin köklü şəkildə parçalanmalarının əsası artıq qoyulub

Bu arada Qubad İbadoğlu kimi, Razi Nurullayev də ənənəvi müxalifət düşərgəsinə yeni nəfəs gətirmək üçün siyasi hərəkat təsis edəcəyini bəyan edib. Belə ki, bu barədə "facebook"dakı səhifəsində məlumat verən AXCP-nin sabiq sədr müavininin fikrincə, yaradılacaq hərəkat müxalifətyönümlü demokratik təsisat olacaq. Həmin qeydlərdən bəzi sitatlara nəzər salaq: "Siyasi qüvvələr gün-gündən sosial bazasını itirir, xalqın dəstəyindən məhrum olur. Bu səbəbdən siyasətə yeni yanaşmanın ortaya qoyulmasına və xalqın inamının bərpa edilməsinə ehtiyac var. Xalq və seçici özünü kənardan seyrçi yox, taleyini müəyyən edən proseslərin iştirakçısı kimi görməlidir. Cəmiyyətin yeni demokratiyaya ehtiyacı vardır. İmitasiya olunmayan, demokratik ənənələrin formalaşdığı siyasi qüvvə xalq tərəfindən dəstəklənəcək və cəmiyyətdə öz yerini tutacaq".

Razi Nurullayev artıq yaradacağı hərəkatın adını da müəyyənləşdirib. Siyasi təsisatın adı Yeni Demokratiya Hərəkatı olacaq. Lakin burada bir daha belə bir məqam nəzərə çarpır. Yaradılan hərəkatların yaxın zamanlarda ənəvəi müxalifət partiyalarını sıxışdıraraq kənara atmaları artıq an məsələsinə çevrilə bilər. Bu ilin payızında keçiriləcək parlament seçkilərində biz bunun şahidinə çevriləcəyik. Ona görə də həm Müsavat, həm də AXCP ciddi şəkildə narahat olmağa başlasalar da, hələlik, bunu açıq şəkildə büruzə vermirlər. Ancaq bütün hallarda istər Qubad İbadoğlunun ADR-i, istərsə də Razi Nurullayevin YDH-si artıq ilk addımlarını atıblar. Daha dəqiq desək, Müsavat və AXCP-nin köklü şəkildə parçalanmalarının əsası artıq qoyulub. Beləliklə, yeni yaradılan siyasi hərəkat rəhbərləri vaxtilə təmsil olunduqları partiyalara qarşı istifadə etdikləri hücum taktikasından məharətlə yararlanırlar.

Afət TAHİRQIZI

Digər xəbərlər