PDF Oxu

Müxalifət

  • 35

Müsavat niyə mitinq deyil, yürüş keçirmək iddiasındadır?

Müsavat niyə mitinq deyil, yürüş keçirmək iddiasındadır?

Səbəblər üzə çıxır...

Müsavat partiyasının aprelin 19-da keçirmək istədiyi yürüşün pərdəarxası məqamları üzə çıxmaqdadır. Belə ki, partiya rəhbərliyinin öz aksiyasını "Məhsul" stadionunda deyil, məhz küçə yürüşü ilə keçirmək istəməsinin əsas səbəblərindən biri adıçəkilən siyasi təşkilatın sosial bazasının qeyri-mövcudluğu, eləcə də elektorat tərəfindən ciddi qıtlıq çəkməsi amili dayanıb. Məhz bu baxımdan, partiya rəhbərliyi düşünüb ki, əgər öz aksiyasını mitinq üsulu ilə keçirərsə, həmin məkana 200-300 nəfər olsa belə, çıxarmağa nail olmayacaq. Bunun isə səbəbləri var. Daha dəqiq desək, ötən ilin sentyabrında baş tutan partiya qurultayından sonra yaranmış ziddiyyətli vəziyyətin daha sonradan qarşıdurmalara, nəticədə isə istefalara səbəb olması demək olar ki, Müsavatın təməlini kifayət qədər laxladıb. Artıq Arif Hacılının başqanlığını qəbul etməyən müsavatçılar bunu açıq şəkildə bəyan etməkdədirlər. Əbəs yerə deyil ki, bu gün Müsavatı tərk edən tərəflərin hamısı məhz keçmiş başqan İsa Qəmbərin sabiq müavini, hazırda ADR adlı hərəkata rəhbərlik edən Qubad İbadoğlunun ətrafında cəmləşiblər. Hətta ADR hərəkatı Müsavatdan kənar mitinq keçirərsə, həmin partiyanı elektorat çoxluğu baxımından kölgədə qoymaq gücündə olduğunu sübuta yetirmiş olar. Ona görə də bu və bu kimi digər məqamları yaxşı dərk edən Müsavat rəhbərliyi öz etiraz aksiyasını mitinq üsulu ilə keçirməkdən ehtiyat edir.

Bunun əvəzinə isə alternativ variant kimi yürüş aksiyası keçirməyə üstünlük verir.

Partiyaya heç bir aidiyyatı olmayan və yoldan keçən adi vətəndaşları sonradan "aksiya iştirakçısı" kimi qələmə verməyə çalışacaqlar

Ancaq burada da bir sıra məqamlar özünü açığa çıxarmış olub. Məsələn, Müsvat rəhbərliyi ona görə küçə yürüşünün üzərində israrla dayanıb ki, əgər həmin yürüşü reallaşdırarsa, bu zaman elektorat qıtlığını gizlətmək üçün müəyyən fürsət əldə edə bilər. Misal üçün, tutaq ki, 200 nəfər müsavatçı yürüşə qatıldığı zaman, küçələrdə onları müşahidə edəcək, eyni zamanda partiyaya heç bir aidiyyatı olmayan və yoldan keçən adi vətəndaşları da sonradan "aksiya iştirakçısı" kimi qələmə verməyə çalışacaqlar. Yəni ətrafda olan vətəndaşların zorən "müsavatçı" olmaları barədə sosial şəbəkədə, mediada yazılar dərc olunacaq. Lakin bəlli olan daha bir məqam da budur ki, Müsavat partiyası küçə yürüşü keçirməyə nail olsa belə, həmin yürüşün nə həmin siyasi təşkilata, nə də ki, ictimai rəyə müsbət təsiri olmayacaq.

Səxavət Əlisoy: "Məhsul" stadionunu insanlarla doldura bilmirlərsə, axı hansı mitinqdən, yürüşdən danışırlar?"

Bu arada sabiq müsavatçı, vaxtilə İsa Qəmbərin müşaviri olmuş Səxavət Əlisoy Arif Hacılının rəhbəri olduğu partiyanın küçə yürüşü vasitəsilə aksiya keçirməsinə münasibət bildirib. O, SİA-ya verdiyi açıqlamasında Müsavatın sonuncu - ötən ilin son ayında keçirdiyi aksiyasını xatırladaraq deyib ki, həmin vaxt mitinqin keçirildiyi məkanda uzağı 300-400 nəfər insan iştirak etmişdi. Sitat: "Müsavat partiyasının ötən ilin dekabrında keçirdiyi aksiyada Arif Hacılının üzə çıxarılması prezentasiyasında yalnız 300-400 nəfər iştirak etdi. Bu gün hər kəs Müsavat partiyasının hansı vəziyyətdə olmasını bilir. Heç kimə sirr deyil ki, Müsavat artıq parçalanmış vəziyyətdədir. Əgər onlar Bibiheybət qəsəbəsi yaxınlığındakı stadionu, "Məhsul" stadionunu insanlarla doldura bilmirlərsə, axı hansı mitinqdən, yürüşdən danışırlar? Onlar indi də təkbaşına yürüş etmək istəyirlər. Müsavat mitinqin effekt verməyəcəyini, biabır olacağını yaxşı başa düşür. Başqa çıxış yolları qalmadığı üçün də bu kimi yollara əl atır. Bu, yalnız Arif Hacılı populizmidir. Həmin şəxs 20-22 ildir ki, eyni sözləri təkrar etməyi sevir. Bu mənada onlar israrla çalışırlar ki, yürüş keçirsinlər və effektlivliyi artırsınlar. Bunların heç bir effekt verməyəcəyi öncədən bəllidir".

Göründüyü kimi, Müsavat hazırkı vəziyyətdə öz çulunu sudan quru çıxarması üçün nə qədər çalşsa belə, istəyinə nail ola bilmir və təbii ki, bütün bunların köklü, əsas baiskarı sabiq başqan İsa Qəmbərin və bu gün onun təlimatları ilə təşkilata "rəhbərlik" edən Arif Hacılının izafi siyasi ambisiyalarında, səriştəsizliklərində və avtoritar idarəçiiklərinə söykənir. Bu faktor isə heç bir siyasi təşkilata arzuladığı nəticəni verməyib.

Rövşən RƏSULOV

Digər xəbərlər