*****
Yazıq Con Kerri, gör dünyanın harasıdır ki, böyük-böyük dünya dövlətlərinin liderləri qala-qala ona ABŞ-ın sabiq məmurları, bir də "beşinci kolon" nümayəndələri müraciət ünvanlayırlar. Özü də ona məsləhət verə-verə. Yəni Azərbaycanda fəaliyyət göstərən dövlət məmurlarına qarşı sanksiyalar irəli sürmək tələbi ilə birgə. İndi nə ola Con Kerri ona müraciət, yaxud da snaksiya yürütmək tələbnaməsi göndərən adamları çağıra kabinetinə və kəmərini çıxararaq, onların gündəyməzlərini o ki var şappıldada! Sözün qısası, axı ABŞ "demokratiyasının" ənənəvi qaydalarından biri də budur - şappıldatma...
*****
"Lalə Şövkət həmişə olduğu kimi dünyada və Azərbaycanda baş verən siyasi prosesləri izləyir və bunları təhlil edib, nəticələr çıxarır". Hər zamankı kimi, bu dəfə də heç bir ifadə və məzmun dəyişmədən təkrar olaraq bənzər açıqlamanı Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan fərxi sədri Lalə Şövkət Hacıyevanın səhhətini malalayarkən deyib.
Hələ bu harasıdır ki! Əvəz Temirxan bildirib ki, Lalə Şövkət özü, təhlilləri və analizləri həlledici məqamlarda mətbuatda görünəcək. Deyir ki, Azərbaycan siyasi həyatında durğunluq yaranıb. Aktivlik müşahidə olunanda Lalə Şövkət də öz sözünü deyəcəkmiş (?-R.N.). Başa düşmək olmur, Azərbaycan Avropa Oyunları və parlament seçkiləri ərəfəsindədir, ölkədə aktiv hadisələr cərəyan edir və sən demə Lalə Şövkət bütün bunları aktivlik kimi görmür. Hə, yeri gəlmişkən, Lalə Şövkətin xəstə olmasını müxtəlif üsullarla, lakin qeyri-peşəkarcasına malalayan Əvəz Temirxan bəlkə fəxri sədrin aktivliyi görməyən gözlərini də həkim nəzarətindən keçirsin? Sözün qısası, bizdən isə ALP liderinə "Allah şəfa versin" demək qalır. Baxmayaraq ki, Əvəz Temirxan onunla srağagün axşam telefonla danışdığını və "səhhətinin normal" olduğunu iddia etsə də...
*****
Arif Hacılı Müsavatın mitinqini bir yerdə dayanaraq keçirilməsini istəmirmiş. Əksinə, hərəkət edə-edə mitinq keçirmək istəyirmiş. Yəni yürüş aksiyası. Adama deyərlər ki, a bəy, axı yürüş aksiyasında da çığırmaq var, mitinqdə də. Beş-on nəfərlər küçənin ortasında hay-haray salmağın adı nədir axı? Get həmin o beş-on nəfərinlə "Məhsul"a bə çığır-bağır da özün üçün istədiyin qədər. Sonra da de ki, iqtidar müxalifətə söz azadlığı, sərbəst toplaşmaq azadlığı vermir. Sözün qısası, 20 ildən artıqdır ki, bunların bizdən nə istədiklərini bilmədik. Əşşi, bunlar nə çətin adamıymışlar, dədə balası!
*****
Azərbaycan Demokratiya Rifah (ADR) hərəkatının funksioneri Səxavət Əlisoy Müsavat başqanı Arif Hacılını "kommunustdir" deyə ittiham edib. Məncə, Səxavət bəy, heç də elə deyil. Çünki Arif Hacılının kommunist olmasına hələ çox var. Yaxşı olardı ki, Müsavat başqanı kommunust olana qədər bolşevik, ən azından isə menşevik adlandırılsın. Sözün qısası, Arif Hacılı o qədər "inqilab...", "üsyan..." "qiyam..." qışqırdı ki, həmin şeylər öz başına gəldi.
*****
Papa Fransiskin qondarma erməni soyqırımı haqqında dediklərindən sonra Vatikanın rəsmi internet səhifəsinə haker hücumları başlayıb. Roma Papasının və kilsənin işlərini işıqlandıran "vatican.va" saytı məhz türk hakerləri tərəfindən vaya qalıb. Üstəlik, italyan mətbuatında yer alan məlumata görə, "Turk Hack Team" üzvü bir qrup haker rəsmi sayt olan "vatican.va"nı vaya salarkən deyiblər ki, Papa Fransisk səhvini etiraf edənə qədər haker hücumlarını davam etdirəcəklər. Əgər Papa sözlərini geri götürməsə, vəziyyət daha da gərginləşəcək. Sözün qısası, yəqin türk hakerlər Roma Papasını Roma maması etmək qərarına gəlməli olacaqlar.
Rövşən Nurəddinoğlu