"AXCP-Müsavat rəhbərliyi siyasətə mübarizə vasitəsi kimi deyil, gəlir mənbəyi kimi baxır"
Müxalifətdaxili intiriqaların gərginləşməsində Müsavatla AXCP arasında cərəyan edən qarşıdurmalar xüsusi rol oynayır. "Səs" qəzetinə açıqlamasında AMİP funksioneri Əli Orucov bildirdi ki, Müsavatla AXCP arasında olan qarşıdurmanın kökü çox dərindir: "Onların birinin digərini qəbul etməməsinin faciəli şəkildə acısını digər müxalifət partiyaları çəkib. AXCP və Müsavat partiyaları arasında olan qarşıdurmanın səbəbindən müxalifət partiyaları birləşmək üçün nə qədər müxtəlif qurumlar və bloklar yaratsalar da, heç bir xeyiri olmayıb. Çünki AXCP-Müsavat düşmənciliyi müxalifətin ümumi məqsədləri naminə bir araya gəlmələrinə imkan verməyib. Bu proses səngiməyəcək. Yalnız hər iki partiyanın rəhbərliyində təmsil olunan şəxslərin siyasətdən getməsilə düşərgə daxilində sakitliyə nail olmaq olar. Bu isə mümkünsüz görünür. AXCP-Müsavat rəhbərliyi siyasətə mübarizə vasitəsi kimi deyil, gəlir mənbəyi kimi baxır".
Azadlıq hərəkatçılar birliyinin sədri Təhmasib Novruzov qəzetimizə açıqlamasında bildirdi ki, müxalifətin yaratdığı blok və qurumların tez bir zamanda dağılması birbaşa müxalifətin zəifliyindən və gücsüzlüyündən xəbər verir: "Əgər müxalifət partiyaları güclü olsaydılar, öz partiyalarının adı altında çox güclü fəaliyyət göstərə bilərdilər. Buna nail ola bilməmələrinin səbəbi də müxalifətçilər arasında hər hansı bir birliyin olmaması ilə bağlıdır. Ümumiyyətlə, müxalifətdaxili intiriqalar və qarşılıqlı ittihamlar nəticə etibarilə bu düşərgənin cəmiyyətin gözündən daha da düşməsinə gətirib çıxarır. Artıq çoxdan bu qüvvələr cəmiyyətin gözündən düşüb. Bunun da səbəbi müxalifət təmsilçilərinin yersiz hərəkətlərə əl atmalarıdır. Xüsusilə də, AXCP sədri Əli Kərimli müxalifətə ciddi zərbələr vurur. Bu baxımdan demək olar ki, Əli Kərimli müxalifətin axırına çıxacaq".
T.Novruzov onu da bildirdi ki, müxalifət reallığı özündə əks etdirməyən məsələlərlə məşğul olur: "Azərbaycanda özünü müxalifət adlandıran bu qüvvələrin müxalifət olmaq üçün heç bir sosial bazası yoxdur. Müxalifət partiyaları müxtəlif adlar altında, o cümlədən də QHT-lər vasitəsilə xaricdən maliyyə yardımları alırlar. Aldıqları maliyyə yardımı müqabilində pozuculuq aktları həyata keçirməyə cəhdlər göstərirlər. Amma cəhdlər uğursuzluğa düçür olur. Bu günə qədər müxalifət düşərgəsini təmsil edən şəxslərin ölkəmizlə bağlı olan xoşagəlməz planlarının heç biri həyata keçməyib və bundan sonra da keçəməyəcək. Bir sözlə, müxalifət təmsilçiləri pul xatirinə hər şeyi edərlər. Çünki onlar pulu hər şeydən üstün tuturlar. Həmin qüvvələrin bu cür hərəkətləri onlara baş uçalığı gətirməyəcək. Əksinə, onları daha da gözdən salır".
GÜLYANƏ