"Heç kimin AXCP-dən ayrılaraq bizim hərəkata gəlməsini arzu etmirəm"
AXCP-də yaşanan uzunmüddətli qarşıdurmalardan sonra, sədr Əli Kərimlinin avtoritar idarəçilik fəaliyyətinə etiraz əlaməti olaraq, siyasi təşkilatdan uzaqlaşan (çıxarılan-A.T.) Razi Nurullayev hazırda yeni hərəkat təsis etmək istiqamətində işlərini davam etdirməkdədir. Artıq bəllidir ki, o, "Yeni Demokratiya Hərəkatı"nı ("YDH") yaratmaq istiqamətində özünə tərəfdar toplamaqla məşğuldur. Qeyd edək ki, eynilə Müsvatdakı narazıların "Azərbaycan Demokratiya və Rifah" ("ADR") hərəkatı yaratmalarına bənzəyən bu olaydan sonra, Razi Nurullayevin eyni addım atması özündə bir çox məqamları ehtiva etməkdədir. Əli Kərimlinin sabiq sədr müavini də, əslində belə hesab edir ki, "ADR" kimi "YDH" də siyasi arenada müxalifətçiliyə yenilik gətirə bilər. Bu səbəbdən, ona əsaslı şəkildə tərəfdar toplamaq lazımdır ki, burada cəbhəçilərin də təmsil olunacaqlarını proqnozlaşdırmaq mümkündür. Çünki son zamanlar Əli Kərimliyə etiraz edən AXCP üzvlərinin sayı durmadan artamqda davam edir.
Razi Nurullayev AXCP üzvlərini açıq şəkildə hərəkata dəvət etsəydi, bu zaman onun Əli Kərimli ilə qarşıdurması daha da dərinləşə bilərdi
Razi Nurullayev bütün bunlara rəğmən, "YDH" hərəklatında AXCP üzvlərinin təmsil olunmalarına "qarşı" çıxdığını deyib. Məsələn, bu yaxınlarda onun mətbuata verdiyi açıqlamalarının birində qeyd edilib ki, o, heç də cəbhəçilərin yeni yaradılacaq hərəkatda təmsil olunmasını arzu etmir: "Heç kimin AXCP-dən ayrılaraq bizim hərəkata gəlməsini arzu etmirəm".
Razi Nurullayev burada, əslində, dolayı yolla çağırış edib. Yəni o, həmin bəyanatında cəbhəçiləri öz hərəkatına dəvət edib. Çünki o, açıq şəkildə yaradacağı hərəkata AXCP üzvlərini dəvət etsəydi, bu zaman onun Əli Kərimli ilə qarşıdurması daha da dərinləşə bilərdi. Bu səbəbdən də o, guya AXCP üzvlərini öz hərəkatına qatılmalarını "arzu etmədiyini" dilə gətirib.
Məsələn, hesab etmək olar ki, ötən ildən başlayaraq, Əli Kərimlini ifşa edən bir çox cəbhəçilər məhz Razi Nurullayevin hərəkatına qoşulacaqlar. Söz yox ki, həmin tərəflərin hazırda da AXCP-də dost-tanışları mövcuddur və əgər narazılar Razi Nurullayevlə birgə olsalar, onların cəbhədəki tanışları da "YDH"-yə axın edə bilərlər.
Əli Kərimlinin şantaj və təzyiqlərindən sığortalanma amili: "Yenidən bu partiyada baş verənlər haqqında danışmaq istəmirəm"
Nurullayev daha bir siyasi gediş edərək, özünü Əli Kərimlinin şantaj və təzyiqlərindən sığortalayıb. O, bununla bağlı deyib ki, artıq Azərbaycan Xalq Cəbhəsi Partiyası, onun fəaliyyəti, partiyadaxili məsələlərlə maraqlanmır: "Biz fəaliyyət göstərəcəyimiz hərəkatı yaradırıq. Mən heç kimin AXCP-dən ayrılaraq bizim hərəkata gəlməsini də arzu etmirəm. Yəni işimizi "keçmiş partiyamızdan kimsə çıxaraq bizə qoşulacaq" prinsipi üzərində qurmuruq. Mən bəyan etmişəm ki, AXCP-dən heç kəsi hərəkata dəvət etmək niyyətində deyiləm. Əgər kimsə partiyadan ayrılıb hərəkata qoşulmaq niyyətində olacaqsa, mən bunun əleyhinə olacağam. Ancaq qeyd edim ki, bizim hərəkatın qərarverici qurumu siyasi şura olacaq. Yəni hər şey siyasi şuranın iradəsindən asılı olacaq. AXCP-də baş verənlərə, xüsusilə gənclərin bu partiyadan çıxarılmasına münasibətimizi ifadə etmişik. Yenidən bu partiyada baş verənlər haqqında danışmaq istəmirəm. Düzdür, deyilənə görə, AXCP üzvlərindən kimsə sosial şəbəkədə barəmdə müəyyən fikirlər işlədib. Ancaq şəxsən mənim özümün bundan xəbərim yoxdur. AXCP-də baş verən hərəkətlərin normal olmadığını ifadə etmişəm və hazırda onlar mənim marağımı cəlb etmir. Açığını deyim ki, mən AXCP-dən istefa verdikdən sonra barəmdə ciddi qara piar aparıldı. Lakin indilikdə bu kampaniya səngiyib və ümid edirəm ki, bir daha baş verməyəcək".
"YDH"-nin siyasi şurası Razi Nurullayevin "etirazına" rəğmən, cəbhəçiləri hərəkata üzv yazdıracaq
Məhz bu tonda verilən açıqlamadan da kifayət qədər bəlli olur ki, Razi Nurullayev AXCP-dən istefa verənlərin onun hərəkatına üzv olmalarının "qəti əleyhinə" olduğunu desə də, nəticədə hərəkatın siyasi şurasının qərar verəcəyini bildirib. Yəni belə çıxır ki, əgər Nurullayev cəbhəçilərin onun hərəkatına qoşulmalarına qarşı çıxarsa belə, hərəkatın siyasi şurası onların həmin quruma üzvlüyünü təmin edəcək. Bu isə bir daha belə deməyə əsas yaradır - Razi Nurullayev "Heç kimin AXCP-dən ayrılaraq bizim hərəkata gəlməsini arzu etmirəm" bəyanatını səsləndirməklə, Əli Kərmliyə etiraz əlaməti olaraq AXCP-dən istefa verəcək şəxsləri hərəkatın siyasi şurasına müraciət etməli olacaqları eyhamını vurub. Daha dəqiq desək, "YDH"-nin siyasi şurası Razi Nurullayevin "etirazına" rəğmən, cəbhəçiləri hərəkata üzv yazdıracaq.
Afət TAHİRQIZI