Sədrliyə namizədlə rəhbərlik arasında qarşıdurma şiddətləndi
Klassik Xalq Cəbhəsi Partiyasında vəziyyət çərçivədən çıxamqdadır. Belə ki, partiyanın qurultaya hazırlıq işlərində və parlament seçkilərinə namizədlərinin müəyyənlşdirilməsi istiqamətində yaranmış durum qarşıduma həddinə qədər inkişaf edib. Daha dəqiq desək, təşkilatın daxilində yaradılmış etirazçı "Demokratik Birlik Fraksiyası"nın rəhbəri İsmayıl Yusifovun KXCP-nin qurultayında iştirak edərək, sədr Mirmahmud Mirəlioğluya qarşı alternativ olacağını bəyan etməsi rəhbrliyi qıcıqlandırıb. Artıq həm M.Mirəlioğlu, həm də onun yaxınlarından hesab edilən müavini Xəzər Teyyublu onlara qarşı qiyam qaldıran tərəfləri sərt şəkildə ittiham edib və bildirib ki, əslində, İsmayıl Yusifov başda olmaqla, KXCP-də "Demokratik Birlik Fraksiyası" yoxdur.
Nəticədə bu kimi açıqlama qarşı tərəfin hiddətlənməsinə səbəb olub. O isə öz növbəsində bildirib ki, KXCP-nin hazırkı rəhbərliyi məhz onun sədr seçiləcəyindən qorxduğu üçün barəsində məlum ittihamları səsləndirirlər. Məsələn, onun 10 ildir ki, KXCP üzvü olmadığını deyirlər.
Lakin Yusifov həm Mirmahmud Mirəlioğlu, həm də Xəzər Teyyublu qarşısında danılmaz faktlar ortaya çıxarıb. Sitat: "Sədrliyə iddiam olduğu üçün qurultaydan vaz keçəcəklər. KXCP-nin təşkilati məsələlər üzrə müavini iddia edir ki, mən 10 il əvvəl partiyadan getmişəm və hazırda təşkilatla əlaqələrimi kəsmişəm. Təbii ki, bu həqiqətə uyğun olmayan informasiyadır. Bunu deyən şəxs KXCP sədrinin təşkilati məsələlər üzrə müavinidir, əvvəl isə təşkilat şöbəsinin müdiri olub. Bu adamın verdiyi məlumat göstərir ki, KXCP rəhbərliyinin təşkilatdan xəbəri yoxdur. Mən 2006-cı il martın 26-da KXCP-yə gəlmişəm. Bu tarixdə də qurultay keçirilib. Həm də mən KXCP-yə sədri olduğum Vahid Azərbaycan Uğrunda İstiqlal adlı qurumla gəlmişəm".
Fraksiya təmsilçisi hətta iddia edib ki, o, partiya sıralarına daxil olakrən, özü ilə birgə 3 min üzvü də klassiklər sırasına yazdırıb: "Biz 26 rayon təşkilatı və 3 min nəfər üzvümüzlə birlikdə KXCP-yə daxil olmuşuq. 2006-cı il martın 26-da keçirilən qurultayın hazırlanması üçün yaradılan təşkilat komitəsinə məni də daxil ediblər. Eyni zamanda, İmişli rayon şöbəsindən qurultaya nümayəndə seçilmişəm. Qurultayda isə KXCP ali məclisinin və idarə heyətinin üzvü seçilmişəm. Həmçinin həmin gün sədr müavini təyin olunmuşam. KXCP sədrinin müavini kimi 2011-ci il aprelin sonuna qədər fəaliyyətim olub. Çünki 2011-ci ilin sentyabrında keçirilən qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü olmuşam. Bəzi rayon şöbələrində konfransların keçirilməsi mənim səlahiyyətimdə olub. KXCP Saatlı təşkilatının konfransında iştirak etmişəm və bəyan etmişəm ki, sədrliyə namizəd olmaq iddiam var. Sonra 14 apreldə bu fikirlərimi idarə heyətində səsləndirmişəm. Bu fikirlərimdən partiya sədri narazı qalıb və aramızda mübahisə yaranıb. Ali məclisin sədri Bəybala Əbil və KXCP sədri məni aprelin sonunda müavinlikdən azad edib".
Göründüyü kimi, KXCP-dəki vəziyyət heç də ötən ilin sentyabrından əvvəl və ondan sonrakı aylardan kəskin fərqliliyi ilə seçilmir. Yəni ortada kifayət qədər bənzərlik mövcuddur. Bu isə həm də belə deməyə zəmin yaradır ki, artıq Müsavatda baş qaldırmış saxtakarlıq virusu indi də KXCP-yə bulaşıb. Etirazçılar isə öz haqlarını tələb etməkdədirlər. Belə olan zaman KXCP-nin qurultayından sonra bir partiyanın onsuz da zəif strukturlarının daha da zəifləyərək, siyasi arenadakı mövcudluğuna son qoyacaq. Parlament seçkiləri ərəfəsində isə bu kimi halların yaşanması heç bir siyasi partiya üçün xoş deyil. Xüsusilə, müxalifət partiyaları bu problemdən uzun illərdir ki, sığortalanmayıblar.
Afət TAHİRQIZI