Mövcud siyasi reallıq onu göstərir ki, ölkədə fəaliyyət göstərən mövcud siyasi müxalifət zəif vəziyyətdədir. Bunun üçün keçirilən mitinqlərdə iştirak edən insanların sayına baxmaq kifayətdir ki, deyilənlərin həqiqət olduğunu anlayasan. Təbii ki, bunun müxtəlif səbəbləri var. Hazırda isə ortada olan faktlardan biri də cəmiyyətin müxalifəti dəstəkləmək üçün müxtəlif yollar axtarılmasında baş verən uğursuzluqlardır.
Beləliklə, müxalifətin zəif olması çox ciddi faktorlara dayanır. Çünki müxalifət (burada radikallar nəzərdə tutulur-R.) xalqa deyil, xarici ölkələrdə fəaliyyət göstərən və onlara qrant paylayan, o cümlədən, maliyyə mənbələri milyard dollarlarla ölçülən erməni lobbisinə arxalanır. Yəni radikalların xalq, dövlət, millət faktoruna aidiyyatları yoxdur. Onlarınkı pul-para və həmin pul-para müqabilindəki dağıdıcılıq fəaliyyətidir. Biz uzun illərdir ki, bunu görməkdə, şahidi olmaqdayıq.
Bu zaman sual yaranır ki, əcəba, müxalifət nə etməlidir ki az-çox hər hansı bir siyasi vəziyyətdə nəzərə çarpa bilsin? Əgər bunu bilmirlərsə, onda məsləhət verə bilərik. Məsələn, ən azından siyasi proseslərin arxasınca sürünməkdənsə, özləri proses yaratmalıdırlar. Mütləq bir addım öndə olmalıdırlar ki, hakimiyyət düşünsün ki, görəsən müxalifətin növbəti addımı nə olacaq? Ancaq bizdə əksinədir. Bu gün proses yarada bilmirsənsə, sən cəmiyyətin də diqqətini özünə cəlb edə bilməzsən. Üstəlik, nəzərə almaq lazımdır ki, kabinetlərdə oturub qrant yeməklə xalqı özünə cəlb etmək mümkün deyil.
Beləliklə, görünən də budur ki, bu gün heç bir radikal müxalifət siyasi partiyasının ayrı-ayrılıqda özünə inamı yoxdur. Nə AXCP-nin, nə Müsavatın, nə də o birilərin. Əgər fikir vermisinizsə hər seçki ərəfəsində siyasi partiyalar "birləşərək", guya birlik nümayiş etdirirlər, amma seçkilər bitdikdən sonra yenə düşmən kimi ayrılırlar. Bütün bu prosesləri cəmiyyətin içinə normal daşıya bilsələr, təbii ki, xalq da ağla qaranı seçə bilər. Ancaq ilk öncə, onların özləri reallığa doğru qiymət verməyi bacarmalı və ağı-qaradan, qaranı da ağdan seçməlidirlər. Fəqət, müxalifətin özü rəngsiz və çalarsız olduğu üçün hətta rəng seçimində də çətinlik çəkir. Yəqin rəngli inqilablara baxım, öz rənglərini unudublar...
RƏFİQƏ