I Avropa Oyunlarına hesablanan qərəz
I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az vaxt qalır. Azərbaycan ümum-Avropa ailəsinin tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Lakin anti-Azərbaycan dairələrin tərkibində ermənilərin aparıcı yer tutması bəlkə də başa düşüləndir. Lakin özünü azərbaycanlı adlandırıb erməninin çağırışına qoşulanları, hətta bu cəfəngiyyatları həqiqət kimi başqalarına da qəbul etdirməyə çalışanları heç cür anlamaq olmur. Söhbət ermənidən artıq erməni olanlardan gedir.
Çünki bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sisteminin ən fəal və müstəqil aktoru kimi qlobal siyasətin formalaşdırılmasında, təhlükəsizlik və əməkdaşlıq platformasının yaradılmasında əhəmiyyətli rol oynayan, eyni zamanda, dünya enerji təhlükəsizliyi arxitekturasının qurulmasında önəmli yer tutan dövlətə çevrildikcə, Azərbaycan regionun sabitləşdirici amili imicini qazandıqca antimilli qüvvələr narahat olmağa başlayır. Bu səbəbdən də anti-Azərbaycan dairələri müxtəlif vasitələrdən istifadə etməklə ölkəmizə təzyiq etməyə cəhdlər göstərirlər. Lakin istənilən halda məkrli qüvvələrin planlarının reallaşdırılmasında əsas icraçılar qismində Azərbaycanın dağıdıcı müxalifəti çıxış edir. Bu, o dağıdıcı müxalifətdir ki, 20 ildən artıq müddətdir ki, xəyanət mövqeyi tutub və ölkəmizdə keçirilən mötəbər tədbirlərdə, eyni zamanda bütün seçkilərdə anti-Azərbaycan qüvvələrinin "siyasi mətbəx"inə işləyib. Həm xaricdəkiləri, həm də sapı özümüzdən olan baltaların Avropa Oyunları ərəfəsində də eyniadlı mənzərəni görüb təəccüblənməsin. Çünki onların xisləti və xəbisliyi xalq tərəfindən dəfələrlə görünüb. Həmin adamlardan soruşmaq lazımdır ki, sən bu torpağın çörəyini yeyirsən, suyunu içirsən, havasını udursan, belə olan halda bu ölkənin uğurları səni niyə sevindirmir? Sən öz dövlətinin və millətinin uğurlarını top-tüfəngin qabağına verəndə, hansısa beynəlxalq səviyyəli dələduza dəstəkçi olanda, xalqın nifrətini birə- on qat artırmağını düşünürsənmi? Axı bu, bir tək Azərbaycan iqtidarının deyil, bütünlükdə Azərbaycanın adına yazılan tədbirdir! Doğurdan da, bunu anlamırsan. Anlamırsan ki, sizin qatarınız çoxdan gedib.
Dövlətimizin başçısı İlham Əliyevin bildirdiyi kimi, daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur: "Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açıblar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain - onlara heç qüvvə də deyə bilmərəm - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra".
Göründüyü kimi, Azərbaycan xalqı dağıdıcı müxalifəti heç bir zaman dəstəkləməyib və onları kandarda, qapı arxasında qoyub, bu siyasi ünsürlərə öz yerini göstərib.
Siyasətdə ən "axırıncı" variantlar nədirsə, Kərimli onu sınaqdan keçirib
Bütün dövrlərdə "təxribat" anlayışı AXCP sədri Əli Kərimli və onun dəstəsinin əsas iş prinsiplərindən olub və xaricdəki dəstəkçilərin diqqətini öz üzərlərinə hər zaman bu formada yönəldiblər. Bu gün də I Avropa Oyunları ərəfəsi yazıq, məzlum, əzilmiş obraz yaradıb özləri üçün xal toplamağa, "hərif" tapdıqda isə, bu vasitə ilə qrant, pul-para qoparmağa çalışıblar. Əli Kərimli və AXCP üçün kişilik, kişi kimi mübarizə aparmaq adında anlayış keçərli deyil. Çünki siyasətdə ən "axırıncı" variantlar nədirsə, Kərimli onu sınaqdan keçirib. Elə, "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirilməsi, London Olimpiyasında Azərbaycan idmançılarının qələbə qazanmağa hazırlaşdıqları bir vaxtda icazəsiz aksiyalar keçirməyə cəhd göstərməsi, siyasi sabitliyə zərbə vurmağa çalışması dağıdıcı müxalifətin həmin anti-Azərbaycan fəaliyyətinin əyani sübutlarıdır. Məhz bu səbədəndir ki, dağıdıcı müxalifətin mitinqlərində Azərbaycan xalqı onlara dəstək olmayıb.
Ölkə başçısının dediyi kimi, xalq görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir: "Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun, müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik".
Beləliklə də, istər sapı özümüzdən olan yerli "baltaların", istərsə də onlara himayədarlıq edən erməni lobbisinin və Qərb təşkilatlarının Avropa Oyunlarına qarşı başlatdıqları "mücadilə" elə onların ağır məğlubiyyətləri ilə nəticəsini tapmaqdadır.
Rəfiqə HÜSEYNOVA