AXCP-də bayram ovqatı yaranıb. Hətta partiyanın sədr müavini Fuad Qəhrəmanlı partiyadaşlarına söz verib ki, bayram ovqatına daha bir sevinc bəxş edəcək. Amma ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovskinin iki həftədən sonra Bakıya gözlənilən səfəri zamanı...Yəni görünür, Əli Kərimlinin müavini Fuad, Con Kerrinin müavini Tomun cibinə göz dikib ki, Con dayıları bunlara nə qədər dollar yollayıb?! Çünki bunlar Con üçün elə-belə işləmirlər. Məsələn, Azərbaycana qarşı sanksiyaların qatı tərəfdarı olan Tom Malinovski eynilə erməni marağından çıxış edir. Çünki ermənilər də Qərb təşkilatları qarşısında çıxış etdikləri vaxt Azərbaycana qarşı sanksiyaların irəli sürülməsini tələb edirlər. Eynilə də Fyad Qəhrəmanlının sədri Əli Kərimli həm erməni, həm də bəzi amerikalılar kimi ölkəmizə sanksiyaların tədbiq edilməsi üçün "sinov" gedir.
Viktoriya Nuland da Bakıya səfər etmişdi
Hələ bu harasıdır, Fuad Qəhrəmanlı gecələr ABŞ-ın rəsmi dövlət adamları ilə "watsapp"laşır. Bu vasitə ilə mesajlar da alır. Məsələn, Fuadın "Azadlığ"a verdiyi açıqlamasına görə, "ABŞ mesaj verir ki, demokratiya və insan haqları ilə bağlı problem həllini tapmayınca, münasibətlərin inkişafı mümkün deyil". Demək belə çıxır ki, ABŞ Azərbaycanla strateji tərəfdaş olmaqdan ötrü Azərbaycanın istər enerji, istərsə də digər sahələrdə atdığı addımlarını dəstəkləyir, Azərbaycanın terrorla mübarizəsi çərçivəsində ölkəmizlə həmrəy olduğunu nümayiş etdirir (Ermənistanın terrorçu dövlət olduğunu da tanısaydı məsələ oları lap əla-R.R.), amma məsələ müxalifətə gəlib-çıxanda "münasibətlərin inkişafında problemlər yaranır" (?!-R.R.). Amma gəlin görək, AXCP sədrinin müavini niyə bu qədər özündənrazı və inamlı şəkildə danışır?
Məsələn, hələ bir müddət əvvəl, daha dəqiqi, fevral ayında Kerrinin digər müavini Viktoriya Nuland da Bakıya səfər etmişdi. Ancaq onun səfəri zamanı ABŞ siyasətçisi Əli Kərimli, Cəmil Həsənli və digər müxalifət "liderlərini" saya belə almamışdı. Üstəlik, Azərbaycanla əməkdaşlıq barədə çoxlu-çoxlu, hətta izafi dərəcədə müsbət ifadələr işlətmişdi. Məhz bundan sonra müxalifət-iqtidar dialoqunda yeni mərhələ start götürmüşdü. Ancaq həmin dialoqa Əli Kərimli qatılmamışdı. Bu yerdə adamdan soruşmaq lazımdır ki, ay adam, sən bir dialoqa get ki, qarnının ağrısını da bilək də. Nə dialoqa qatılırsan, nə də dialoqa qatılmaq çağırışlarına səs verən o biri müxalifət partiyalarına müxalifətçi kimi baxırsan. Deyirsən ki, burada mənəm, Bağdadda kor xəlifə.
Tom Malinovskinin Əli Kərimlini ofsaydda qoymayacağını kim təmin edə bilər?
Sabah-birigün Con Kerrinin sanksiyapərəst müavini Tom Malinovskinin həmin pərəstliyindən əl çəkərək, Əli Kərimlini ofsaydda qoymayacağını kim təmin edə bilər? Yaxud Malinovskinin də öz həmkarı Nuland kimi Əli Kərimliyə tərs siyasi sillə vuraraq, Bakını tərk etməyəcəyini kim sübut edə bilər? Dünya kimi, siyasət də yumrudur. Sadəcə, dünya öz dəyişilməz oxu ətrafında fırlansa da, siyasət öz oxu ətrafında elə də sən deyən fırlanmır. Çünki siyasətin oxu bir balaca laxlayır. Laxladığına görə də Fuad Qəhrəmanlı Malinonskinin səfərin öncəsi verdiyi proqnozlarında yaman tələskənliyə yol verir. Halbuki elə həmin "Azadlığ"ın özü də yazır ki, Vaşinqtondakı mənbələr Malinovskinin səfərinin detallarını açıqlamır. Açıqlamırsa, onda arxı hoppanmamış hopp deməyə də lüzm qalmır. Fuad Qəhrəmanlı axecepeçilərə yeyib-içmək banketi verməyə tələsməsin. Görəcəyik, axırda şampanı kim içəçək...
Rövşən RƏSULOV