Hələlik isə parityalar arasında əsəb müharibəsi gedir
Müsavat partiyasında davam edən gərginlik hələ də qarşıdurmalara səbəb olmaqdadır. Belə ki, Qubad İbadoğlu probleminin ardınca, Vurğun Əyyub amilinin ortaya çıxması, partiyadaxili narazı elektoratın rəhbərliyin qəbul etdiyi qərarlara baş əyməməsi sözügedən amili daha da qabartmaqdadır. Çünki son addım illərini Müsvat partiyasının siyasətinə qurban vermiş Vurğun Əyyubun adıçəkilən təşkilat sıralarından çıxarılmasıdır ki, hələlik, başqan Arif Hacılı buna getməyib. Hansı ki, sabiq başqan İsa Qəmbər ona bu tövsiyəni verib. Eyni zamanda, Hacılının qardaşı Mustafa Hacıbəyli də tezliklə Vurğun Əyyubun Müsavat sıralarından çıxarılması tələbini irəli sürməkdə davam edir.
Daha bir maraqlı məqam Müsavatın Suraxanı rayon təşkilatının Arif Hacılının istefasını tələb etməsidir
Düzdür, o, partiyanın ali orqanı hesab edilən məclis sıralarından uzaqlaşdırılıb. Ancaq buna rəğmən, təşkilatın üzvü olaraq, hələ də müəyyən spektrlərdə sözünü deməkdə davam edir. Məsələn, Müsavat partiyasının bütövlükdə rəhbər strukturlarının legitimliyini qəbul etməyən Suraxanı rayon təşkilatı Vurğun Əyyubun parlament seçkilərinə namizədliyini irəli sürüblər. Baxmayaraq, Arif Hacılı bəyan etmişdi ki, namizədlərin irəli sürülməsi divanla razılaşdırılmalıdır. Lakin daha bir maraqlı məqam Müsavatın Suraxanı rayon təşkilatının Arif Hacılının istefasını tələb etməsidir. Hələ bir müddət öncə, rayon təşkilatının sədri Rövşən Dəmirli bildirmişdi ki, artıq bununla bağlı məsələ qaldırılıb.
Rövən Dəmirlinin Əli Kərimli ilə isti münasibətlərinin olması barədə faktlar kifayət qədərdir
Ancaq bu arada növbəti bir məsələ özündə bəzi detalları açıqlamış olur. Belə ki, Suraxanı rayon təşkilatının bütün üzvləri Vurğun Əyyubun qatı tərəfdarları qismində çıxış edirlər. Hətta rayon təşkilatının sədri Rövşən Dəmirlinin də təyinatının zamanında Vurğun Əyyub tərəfindən önə sürülməsi kimsəyə sirr deyil. Lakin orada olan nüans Rövən Dəmirlinin Vurğun Əyyubla yanaşı, həm də AXCP ilə, xüsusilə, Əli Kərimli ilə isti münasibətlərinin olması barədə faktlar kifayət qədərdir. Və məhz Müsavatın yeni rəhbərliyi də Rövşən Dəmirlinin Əli Kərimli tərəfindən idarə olunmasından xəbərdardır. Buna isə bir sıra səbəblər var.
Məsələn, cəbhə sədri hələ də 2000-ci ilin qisasını Müsavatdan almaq həvəsi ilə yaşayır və əlinə düşən bütün imkanlardan maksimum şəkildə yararlanmağa yollar axtarmaqdadır. Rövşən Dəmirli isə onun üçün ən rahat vasitələrdən biridir. Çünki Əli Kərimliyə kifayət qədər aydın idi ki, başqan dəyişikliyi Müsavatda kifayət qədər böyük itkilərlə müşayiət olunacaq. AXCP sədri bu ehtimalında yanılmamışdı və olanlar da oldu.
Arif Hacılı da Əli Kərimlinin bu planlarından xəbərdar olduğu üçün, tələm-tələsik qərarlar vermək istəmir
İndi isə onun əlində Müsavatı tamamilə çökdürmək üçün yaxşı fürsət yaranıb. Əgər Kərimli bu fürsəti əlindən versə, onsuz da AXCP-də də baş verən son narazılıqlar prosesinin qarşısını ala bilməyəcək. Bu baxımdan, o, AXCP-də yaranmış çətin vəziyyəti bir kənara qoyaraq, onun yolunda dayanan əsas maneə - Müsavat partiyasını yox etmək istiqamətində planlar hazırlayır. Məsələn, əgər Arif Haıclı narazı Suraxanı rayon təşkilatını buraxarsa, həmin təşkilat bütünlüklə AXCP-yə transfer oluna bilər. Bu amil isə AXCP-nin Müsavat üzərindəki gücünü daha da artırmış olar. Görünür, Arif Hacılı da Əli Kərimlinin bu planlarından xəbərdar olduğu üçün, tələm-tələsik qərarlar vermək istəmir. Ancaq görünən budur ki, indilərdə olmasa da, payızda hər iki siyasi təşkilat arasında ciddi qarşıdurmalar yenidən alovlanacaq. Hələlik isə, parityalar arasında əsəb müharibəsi gedir.
Afət TAHİRQIZI