Müxalif partiyaları daxilində baş verən çəkişmələr kütləvi qopmaların baş verməsinə gətirib çıxarıb. Artıq demək olar ki, AXCP-nin ardınca Müsavat partiyası da parçalanma dövrünü başa vurub, məhvolma mərhələsinə adlayıb. Yaxın vaxtlarda bu partiyanın, ümumiyyətlə sıradan çıxacağı proqnozlaşdırılır.
Vəhdət partiyasının sədri Tahir Kərimli də o fikirdədir ki, AXCP və Müsavatın tarixin arxivinə atılmaları real görünür: "Son vaxtlar "Milli Şura" deyilən qurum özünü bir növ reklam etmək üçün aksiyalar keçirtməyə cəhdlər göstərir. Amma cılız aksiyalar onlara düşdükləri böhranlı vəziyyətdən çıxış yolu sayıla bilməz. Əksinə, gözdən düşmüş "Milli Şura" daha da gözdən düşəcək. Ümumiyyətlə, müxalifətin mövcudluğu cəmiyyət üçün maraqlı deyil. Əgər adını siyasi qüvvə qoyanlar normal təşəbbüslər, proqramlar irəli sürə bilmirsə və cəmiyyəti cəlb edə biləcək normal ideyalarla çıxış edə bilmirsə, həmin partiyaların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi də ola bilməz".
T.Kərimlinin sözlərinə görə, bugünkü müxalifətin çıxılmaz bir vəziyyətə düşməsinin də səbəbi məhz liderciklərin yersiz hərəkətləri, yalan vədləri və şəxsi ambisiyalarının olması ilə bağlıdır: "Demək olar ki, bu gün müxalifət partiyalarının mövcudluğu cəmiyyət üçün heç bir isti-soyuqluğu yoxdur. Bu da müxalifətin sonu deməkdir. Bu baxımdan, yaxış olardı ki, müxalifət partiya rəhbərləri papaqlarını qarşılarına qoyub düşünsünlər ki, bu cür çıxılmaz vəziyyətdən necə çıxacaqlar?! Yəni biri-birini qırmağı yox, müxalifəti düşdüyü çətin vəziyyətdən cıxarmaq yoları haqqında düşünməlidirlər. Əks təqdirdə, müxalifət partiyaları tamamilə mövcudluqlarını itirəcəklər".
Partiya sədri faktlara istinadən sübut etməyə çalışdı ki, AXCP və Müsavat partiyası müxalifətin inkişafına əngəl olan əsas partiyalardır: "Bu gün Azərbaycan müxalifətinin normal şəkildə formalaşmamasının əsas səbəblərindən biri AXCP və Müsavat arasında olan intiriqadır. Bu iki partiya arasında gedən qarşıdurmalar müxalifət düşərgəsini də islahatların aparılmasına mane olan amillərdəndir. Yəni AXCP və Müsavat arasında olan dava-dalaş müxalifəti tamamilə iflıc bir vəziyyətə salıb. Təbii ki, müxalifət daxilində bu iki partiyanın birinin digərini qəbul etməməsinin tarixi səbəbləri də var. İndiyə qədər də adıçəkilən partiyalar arasında mübarizə davam etməkdədir".
T.Kərimli onu da bildirdi ki, müxalif partiya rəhbərləri məntiqsiz formada düşünürlər ki, əgər biri digərini siyasi səhnədən sıxışdırıb çıxararsa, mübarizə yolunda uğur qazana bilərlər: "Yəni iddialı liderlərin hər biri birinci partiya, aparıcı lider xülyasındadırlar. Məhz müxalifət partiya rəhbərlərinin arasında gedən dava-dalaş bunun üzərində qurulub".
GÜLYANƏ