SİYASİ RAKURS
Bununla da "Milli Şura"nın növbəti planları üzə çıxır
"Milli Şura"nın mitinq keçirmək məsələsində bu və ya digər üsullarla yayınması ilk öncə belə təəssürat yaradır ki, əslində qurumun koordinasiya mərkəzi ümumiyyətlə, bu günlərdə aksiya keçirmək fikrində deyil. Çünki mitinq keçirmək istəsəydilər, yaxud da buna əmin olsaydılar, əvvəlki aksiyaları kimi indi də eyni addımı atardılar. Gah hakimiyyəti "söz və ifadə azadlığını pozmaqda" günahlandıran, gah da hakimiyyətin "Milli Şura"nın mitinq keçirməsindən "qorxduğunu" iddia edən Əli Kərimli-Cəmil Həsənli cütlüyü reallıqda daha öncədən hazırladığı, xüsusilə xarici siyasi dairələr tərəfindən aldıqları təlimatlara xas olan ehtiyat planlarını işə salmağa cəhd göstərirlər. Bu barədə az sonra qeyd edəcəyik.
Faş olan bleflər
Lakin buna qədər daha bir məsələyə diqqət yetirək. Bu gün ictimai rəydə belə bir fikir mövcuddur ki, əgər "Milli Şura" rəhbərliyi siyasətlərinə bu qədər güvənirlərsə, xalqın onların yanında olduğunu iddia edirlərsə, "Məhsul"a istədikləri qədər adam toplayacaqlarını, bununla da istədikləri məhsuldarlığı əldə edə biləcəklərini düşünürlərsə, çoxdan öz aksiyalarını keçirmiş olardılar. Fəqət, mitinqin keçirilməsi qərarının bir gün öncəki günlərə təyin olunması (artıq bu, bir neçə dəfə təkrar olunub - M.Q.) "Milli Şura"nın aksiyasının keçirilməsinə "hakimiyyət tərəfindən maneə" kimi qiymətləndirilib (?!). Məhz yuxarıda qeyd edilən fikirlər də bunu ehtiva edir ki, Əli Kərimli-Cəmil Həsənli cütlüyü deyirsə ki, "hakimiyyət bizdən qorxur", bu zaman nəyə görə onların "arxasında" olan "xalq kütləsini", hətta bir gün əvvələ təyin olunmuş vaxtda küçələrə çıxarmırlar? Sualın cavabı bəsitdir: Onlar sadəcə olaraq, belf edirlər. Ancaq həmin blefləri dərhal da faş olunur.
Məqsəd oyunlar ərəfəsində xarici turistlərin, o cümlədən, jurnalistlərin diqqətlərini radikal müxalifətin aksiyalarına doğru yönləndirməkdir
İndi isə qayıdaq yuxarıda qeyd edilən məsələyə. Məsələ ondadır ki, qarşıdan gələn I Avropa Oyunları ərəfəsində ortaya qoyulan məqsədlərdən biri mitinqlərin iyun ayının əvvəllərinə, bu da olmasa, may ayının son günlərinə təyin olunması ətrafında verilən təlimatlardandır. Təlimatlarda o da bildirilir ki, məhz oyunlar ərəfəsində xarici turistlərin, o cümlədən, jurnalistlərin diqqətləri radikal müxalifətin aksiyalarına doğru yönləndirilməlidir. Əldə etdiyimiz informasiyaya görə, artıq bu istiqamətdə ABŞ-ın, Böyük Brtitaniyanın bir sıra təşkilatları ilə erməni lobbisi arasında razılaşma var. Onlar bu razılaşmanı məhz Əli Kərimli ilə sövdələşiblər. Hətta bunun üçün müəyyən qrant payları da ayrılıb.
Ancaq göründüyü kimi, bunun icrası üçün elektorata, kütləyə sahib olmaq lazımdır. Amma bütün bunlar "Milli Şura"da yoxdur. Olmadığına görə də Əli Kərimli-Cəmil Həsənli cütlüyü, əslində, çox çıxılmaz vəziyyətdə qalıblar. Bu səbəbdən də hakimiyyəti günahkar çıxarmağa çalışırlar. Lakin göründüyü kimi, onlar "günahkar" axtara-axtara, xalqa, dövlətə qarşı törətdikləri xəyanətlərinin girovlarına çevrilirlər və olurlar günahkar. Günah isə cəzasız qalmır. Hər halda bunun da bir vaxtı-zamanı var.
Mübariz QULİYEV