Bu, sonuncu istefa deyil
Müsavat partiyasında cərəyan edən son məlum hadisələrdən sonra təşkilat sıralarının istər kütləvi, istər digər sahədəki seyrəlmə, istərsə də partiyadan çıxarılma prosesi adi hala çevrilib. Artıq siyasi ictimaiyyət elektron mediada, sosial şəbəkələrdə, yazılı mətbu orqanlarda demək olar ki, hər gün "Müsavatdan daha bir istefa", yaxud "Müsavat partiyasından çıxarılıb", yaxud da "rayon təşkilatı buraxıldı" tipli yazılarla qarşılaşır.
Xatırladaq ki, ötən ilin sentyabrında keçirilən başıbəlalı qurultaydan sonra Müsavat partiyası hələ də özünə gələ bilməyib. Ona görə də hər keçən gün bu partiyada yeni narazılıqlar baş qaldırmaqda, yeni sədrə etimadsızlıq daha da güclənməkdədir. Hətta müstəqil fikirli müsavatçılar tutduqları mövqedən geri çəkilmir, yeni başqan Arif Hacılıdan baş verən haqsızlıqların hesabatını tələb edirlər. Bu isə ömürlərinin böyük bir hissəsini Müsavata qurban verən şəxslərin partiyadan qovulması ilə müşayiət olunur. Belə ki, buna misal Müsavat partiyasının aparıcı funksioneri Vurğun Əyyubun, tanınmış müsavatçı Adil Qeybullanın və bu günlərdə Müsavat partiyası qadınlar birliyinin sədri Ellada Məmmədlinin vəzifəsindən uzaqlaşdırılmasıdır.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının humanitar məsələlər üzrə katibi Vaqif Abışov "Səs"ə verdiyi açıqlamasında Müsavat partiyasında baş verən kütləvi istefalara münasibət bildirərkən deyib ki, demokratiyanı arzulayan, təbliğ edən bir təşkilat öz daxilində demokratiyaya və onun qanunlarına əməl etməli idi: "Bununla belə qanun çərçivəsində partiyanın yaradılmasında bu və ya digər formada əməyi olan insanlara hörmət göstərilməli idi. Hətta onlar öz diktatura xislətlərini üzə çıxarmamalı idilər. Bu hadisələr bir daha sübut etdi ki, Müsavatda olan ayrı-ayrı şəxslər partiyanı idarə edə bilmirlər və ona hazır deyillər. Təbii ki, hazır olmadıqları bir vaxtda cəmiyyətdən, hakimiyyətdən də demokratiya qaydaları tələb etmək haqları yoxdur. Bu baxımdan onlar ilk növbədə gərək özlərində demokratiyanı qursunlar. Hesab edirəm ki, Müsavatdan Vurğun Əyyubun, hazırda isə Ellada Məmmədlinin və digərlərinin çıxarılması prosesi davam edir. Çünki bu prosesdə İsa Qəmbərin özü də Arif Hacılını dəstəkləyir. Düşünürəm ki, onlar düzgün yolda deyillər. Əgər Müsavat bu minvalla davam edəcəksə, inanmıram ki, Azərbaycan siyasətində özünə güc toplaya bilsin".
Ellada Məmmədli: "Hacılı qardaşları Müsavatın rayon təşkilatlarını qazanc mənbəyinə çeviriblər"
Mayın 17-də Müsavat partiyası qadınlar birliyinin sədri vəzifəsindən uzaqlaşdırılan Ellada Məmmədli Müsavatdakı saxtakarlıqları, sabiq başqanın yalnız öz mənafeyini güdməsini ifşa edərək bildirib ki, Hacılı qardaşları partiyanın rayon təşkilatlarını qazanc mənbəyinə çeviriblər: "Az bir zamanda Müsavata gəlib yaltaqlıqla bir qrupda yerləşib "özlərinə yer edənlər", rayon təşkilatlarının varlığından xəbəri olmayanlar, özək üzvlərini tanımayanlar, xaricə gedənlərə "yaşıl işıq" yandırıb rayon təşkilatlarını qazanc mənbəyinə çevirən, mənəm riyakar yoxsa, siz? Ağzı söyüşlü, əxlaqi dəyəri, mənəviyyatı satılmışlar, həm iqtidara, həm müxalifətə yarınanlar, büdcə təşkilatlarında işləyib Rəsulzadənin çöllüyə atılmış portretinə susanlar, sizsiniz riyakar, yoxsa mən? Bir qədər hədiyyə, bir qədər məddahlıq, hətta palçıqdan yapılmış at heykəlilə rayon təşkilatı sədrliyi adını alıb, dadını "kiçik qardaşa" bəxş edənlər, sizin də deməyə sözünüz varmı? İddia edirsiniz ki, Xətai rayon təşkilatının 55 üzvünün istefasını mən təşkil etmişəm. Sizcə, Xətai rayon təşkilatını quranlar, illərini Müsavata verənlər, məhrumiyyətlərə dözənlər, Müsavatı məbəd bilənlər mənim sözümləmi istefa verdilər? Dediyiniz yalana inanırsınızmı? Yanılırsız. Yeni rəhbərliyin avtoritar idarəçiliyinə, ləyaqətliləri partiyadan uzaqlaşdırdığına , daxildə demokratiyanı boğduğuna, partiyanı uçuruma sürüklədiyinə etiraz edərək istefa verdilər. İstefa verənlərin 9 nəfər olduğunu, onlardan birinin ölü, 8 nəfərin diri olduğunu qeyd edənlər, barı ölənin kim olduğunu, yəni adını açıqlayın. Çünki dedikləriniz yalandır və isbatı da yoxdur. Nə qədər Hacılı qardaşları Müsavatda var, yalan da ayaq tutub yeriyəcək".
Beləliklə, bütün bunlar bir daha təsdiq edir ki, yeri gəldi-gəlmədi, iqtidarı müxtəlif məsələlərdə, o cümlədən qeyri-demokratik seçki keçirməkdə ittiham edən müxalifət, eləcə də müsavatçılar hətta partiya daxilində normal seçkilər keçirməyi bacarmırlar. Bu həqiqətləri dilinə gətirən, saxtakarlıqlarla barışmayan, müstəqil düşüncə sahibi olan müsavatçılara qarşı divan tutulması isə A.Hacılı və komandasının "demokratiya" libasına bürünərək, əsl gerçəklikdə avtoritar idarəetmə metoduna üstünlük verdiklərini nümayiş etdirir. Son üç ayda yüzlərlə müsavatçının bu partiyadan istefa verərək, digər təşkilatlara qoşulması da məhz bu "siyasət"in bəhrəsidir.
Rəfiqə HÜSEYNOVA