"Milli Şura" hər dəfə rüsvayçı mitinqindən ibrət dərsi almayaraq yenidən 31 mayda mitinq keçirmək qərarına gəlməsi doğurdan da həmin qurumda təmsil olunanların həyasızlığının yüksək dərəcədə olduğunun göstəricisidir. Yenə də eyni adamlar, şüarlar. Özü də ölkədə beynəlxalq səviyyəli böyük bir tarixi tədbirin - İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsi. Bu mitinqdə də "siyasi məhbus" məsələsi ətrafında maxinasiyalar edərək, xarici təşkilatlar qarşısında xal qazanmağa çalışan ənənəvi müxalifət təşkilatları növbəti qrant həvəsindən yan keçə bilmədiklərini açıq şəkildə sərgiləməkdədirlər.
Araz Əlizadə: "Onların başına kül olsun ki, milli "şurikləri"nin lideri Əli ilə Cəmil kimi agentləri var"
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə "Milli Şura"nın mayın 31-nə təyin etdiyi mitinqin heç bir nəticə verməyəcəyini düşünür. A.Əlizadə "SƏS" qəzetinə verdiyi açıqlamasında bildirib ki, "Milli Şura" üzvlərinin vaxtı çoxdan keçib: "Onlar canlı meyitdirlər. Onların dövrü o zaman getdi ki, mitinqlərə pulla adam gətirməyə başladılar. Onlar özləri də vaxtlarının keçdiklərini dərk edirlər, sadəcə, gündəmdə qalmaq, maliyyə mənbələrindən uzaq olmamaq üçün guya öz fəaliyyətlərini davam etdirirlər".
A.Əlizadə qeyd edib ki, ötən mitinqlər göstərdi ki, artıq insanlar arasında bunlara etimad qalmayıb: "Ötən mitinqlərdə olduğu kimi, bu mitinqə də insanlar gəlməyəcək. Özümüzü qoyaq xalqın yerinə - adamı nə qədər aldatmaq olar?"
O, qeyd edib ki, nə qədər ki, Əli Kərimli deputat mandatı alırdı, normal işləyirdi, amma deputat seçilməyən kimi küsdü: "Necə ki, bunların milli "şurikləri"nin lideri Cəmil Həsənli nə qədər ki, deputat seçilirdi, deyirdi, "hurrey", sonra da bəyan etdi ki, bu deputat mandatı ya satılır, ya da peşkəş edilir. Amma ona sual verəndə ki, kim sənə satıb, peşkəş edib, cavab vermədi. Bunlar pula görə vicdanını satan adamlardır".
A.Əlizadə qeyd edib ki, bu adamlar xaricdən idarə olunurlar: "Yoxsa necə dolanırlar? Firavan həyat sürürlər. Bunlar özlərini də saxlayırlar, cangüdən də saxlayırlar, sürücü də saxlayırlar. Bəs bunlar haradandır? Bu sualı onlara vermək lazımdır. Deyəcəklər ki, dostlarımız kömək edir. Bu dost bir gün kömək edə bilər, iki gün kömək edə bilər. 93-cü ildən hakimiyyətdən getmisiniz. Dostun işi-gücü qurtarıb ki, sizi saxlayır? Onların dostları ABŞ-da, Avropada Azərbaycana qarşı işləyən fondlardır".
"Bir çox müxalif partiyaların xaricdən maliyyələşdirilməsi "Siyasi partiyalar haqqında qanun"un tələblərini kobud şəkildə pozulması deməkdir"-deyən A.Əlizadə vurğulayıb ki, bununla da bu adamlar özlərini xarici dövlətlərin agenti hesab edirlər.
"Belə çıxır ki, Əli Kərimli ilə Cəmil Həsənli maliyyələşdikləri dövlətin agentidik" sualı A.Əlizadə belə cavablandırdı: "Onlarına başına kül olsun ki, Əli ilə Cəmil kimi agentləri var. Onların məqsədləri bəllidir - pul qazanmaq. Cəmil Həsənli nə qədər ki, deputat idi, cınqırı çıxmırdı, necə ki, onu deputat qayırmadılar, oldu müxalifətçi. Çünki ölkənin bu uğurlarını görməyənlər əqidəsizlər, xalqı istəməyənlərdir. İstər mayın 31-də olsun, istərsə də hansısa gündə olsun "Milli Şura"dakı əqidəsizlərin mitinqləri heç bir nəticə verməyəcək".
Sərdar Cəlaloğlu: "Milli Şura" mitinq keçirməklə xaricdəki qüvvələrə özünün bir güc olduğunu göstərməyə çalışır"
ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə verdiyi açıqlamasında bildirib ki, keçirilən mitinqə insanların qatılmaması cəmiyyətdən ciddi bir sifariş olmadığını göstərir. Əgər insanlar özü etiraz bildirmirsə, müxalifətin mitinq təşkil etməsi ilə bir şey alınmaz".
S.Cəlaloğlu qeyd edib ki, sadəcə, "Milli Şura" mitinq keçirməklə xaricdəki qüvvələrə özünün bir güc olduğunu göstərməyə çalışır və ölkədə yaranmış vəziyyətdən yararlanmaq istəyir: "İstəyir ki, bu cür mitinqlərlə xaricdəki qüvvələrə və ölkədə özünün bir güc olduğunu, aparıcı müxalif qüvvə kimi göstərsin, amma biz belə hesab edirik ki, bu dəqiqə "keçi can hayındadı, qəssab piy axtarır" fikri olmamalıdır". ADP sədri hesab edir ki, xalqın küçələrə çıxardılması elə xalqın özünün əleyhinə yönələ bilər: "Elə bu mitinqlərə əhalinin çoxlu şəkildə qoşulmamasının səbəbi də odur ki, insanlar başa düşürlər ki, indiki dövrdə Ukraynada, Suriyada, İraqda baş vermiş hadisələr Azərbaycanda da təkrar oluna bilər. Ona görə də kütləvi aksiyalara qoşulmurlar. Biz də bunu nəzərə alaraq, yəni sosial sifarişin olmadığını, xalqın kütləvi aksiyalara qoşulmaq istəmədiyini nəzərə alıb, mitinq taktikasından istifadə etmirik. AXCP isə, əksinə, mitinq taktikasından istifadə edir, çalışır ki, bundan maksimum istifadə etsin və özünü bir güc kimi təqdim etsin".
"Milli Şura"nın mitinqlərinin davam etdirəcəyi məsləsini S.Cəlaloğlu mənasız hesab edir: "Lap hər gün keçirsinlər. Bunun nə mənası var ki? Mən öz təcrübəmdən deyə bilərəm ki, 1996-cı ildən 2005-ci ilə qədər Azərbaycanda, demək olar ki, kütləvi aksiyaların 90 faizini bizim partiya təşkil edirdi, 10 faizini isə başqa partiyalar edirdi, amma o taktika çox da ciddi nəticələrə gətirib çıxarmadı. Yəni qarşımıza qoyduğumuz məqsədlərə xidmət etmədi. Yalnız mitinqlərlə heç nəyə nail olmaq olmaz. Ona görə də məhdud maraqlara görə bu qədər məsuliyyətli, ağır bir işi yerinə yetirmək effektsiz görünür".
Rəfiqə HÜSEYNOVA