Partiya rəhbərliyi növbəti dəfə ittihamçı rolunda
Müsavat partiyası daxilində baş verən məlum olaylar nəticəsində yaşanan qarşıdurmalardan sonra ara bir müddət səngidimişdi. Lakin bu səngimə bir neçə gün davam etdi. Belə ki, partiyada yenidən ziddiyyətli hadisələr baş qaldırmaqdadır. Buna səbəb isə Müsavatın qurucularından hesab olunan Vurğun Əyyubun istefaya göndərilməsindən sonra, yenidən partiya sıralarına qatılması barədə Binəqədi rayon təşkilatı tərəfindən qəbul edilən qərarı olub.
Vurğun Əyyub: "Partiyada heç də hamı partiyanın rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, sifarişli qərarlara tabe olmaq niyyətində deyil"
Daha dəqiq desək, Binəqədi rayon təşkilatı şura özəyinin qərarını ləğv edərək, onun partiya sıralarına bərpa olunması üçün qərar çıxarıb. Yeni ziddiyyətlərin yaşanması da məhz bu üzdən baş verib. Vurğun Əyyub isə öz növbəsində bildirib ki, həmin qərar onun üçün də gözlənilməz olub: "Binəqədi rayon təşkilatının şura üzvlərinə göstərdikləri diqqətə, sərgilədikləri hüquqi və demokratik mövqeyə görə təşəkkürümü bildirirəm".
Əyyub onu da qeyd edib ki, partiyada heç də hamı partiyanın rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, sifarişli qərarlara tabe olmaq niyyətində deyil: "Son zamanlar baş verən qanunsuz, nizamnamədən kənar addımlara etiraz edib ortaya mövqe qoyan insanlar bunu bir daha sübut etdilər! Var olun!"
Məlum qərar və Vurğun Əyyubun həmin açıqlaması söz yox ki, qarşı tərəfin qıcıqlanmasına, o cümlədən, sərt açıqlamalar verməsinə səbəb olub.
Müsavat başqanının müavini Elman Fəttah: "Rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas şura iclası ola bilməz"
Məsələn, Müsavatın başqan müavini Elman Fəttah tərəfindən verilmiş açıqlamada deyilir: " Partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur. Bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas şura iclası ola bilməz. Bu, bir neçə şəxsin şuradan kənar toplantısıdır. Binəqədi rayon təşkilatında şura iclası çağırılmayıb. Nizamnaməyə görə özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir".
Mustafa Hacıbəyli bizə nə dedi? - "Kimlərinsə sifarişini yerinə yetirmək üçün hansısa lüzumsuz məsələləri ortaya atırlar"
Müsavat partiyasının funksioneri, partiyanın məclis üzvü və başqan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli isə Vurğun Əyyubun Binəqədi rayon təşkilatı tərəfindən verilmiş qərara qarşı qəribə açıqlaması ilə yadda qalıb. "SƏS" qəzetinə açıqlama verən Mustafa Hacıbəyli bildirib ki, Müsavatın Binəqədi rayon təşkilatının sədri Rauf Ağadır və o, partiyanın "aclıq aksiyasında" iştirak etdiyi üçün rayon təşkilatının verdiyi qərar nizamnaməyə ziddir: " Hazırda isə o, səhhətindəki problemlərin aradan qaldırılması ilə məşğuldur".
Mustafa Hacıbəyli deyib ki, rayon təşkilatının sədri məhz yataqdaykən, yəni "aclıaq aksiyasına" son qoyaraq, həkim nəzarətində olarkən, Binəqədi rayon təşkilatı toplantı keçirib və qərar qəbul edib. Müsavat funksioneri həmin qərarı qəbul edənləri etinasız adlandırıb və qeyd edib ki, onlar Bakıda baş verən yanğın hadisəsini bir kənara qoyaraq, kimlərəsə özlərini xoş göstərmək istəyirlər: "Kimlərinsə sifarişini yerinə yetirmək üçün hansısa lüzumsuz məsələləri ortaya atırlar".
Göründüyü kimi partiyada sular yenidən və bu dəfə daha kəskin şəkildə bulaşıb. Çünki bu vaxta qədər göndərilənlər, eləcə də öz istefaları ilə gedənlərlə yanaşı, onlara dəstək verənlərin də sıraları artamaqdadır. Buna misal kimi, Müsavat partiyasının məclis üzvü Məlahət Mürşüdlünün ötən gün partiyadan istefa verməsini fgöstərmək olar. O öz istefasının səbəbi kimi partiyanın qadınlar şurasının sədri Ellada Məmmədlinin çıxarılmasını, o cümlədən təşkilat daxilində avtoritar rejimin mövcudluğunu önə sürüb. Xanım müsavatçı qeyd edib ki, o, bütövlükdə partiya rəhbərliyindən narazıdır və narazıların sayı çoxdur. Bu isə həm də ona dəlalət edir ki, qarşıda bu kimi olayların yaşanması halları intensivləşəcək. Bununla da Müsavat partiyasının qarşıdan gələn parlament seçkilərindəki uğur qazanmaq xəyalları birdəfəlik əldən çıxacaq.
Mübariz QULİYEV