Şöbə sədri adının "siyasi məhbus" kimi hallanmasını istəmir
Bəllidir ki, AXCP-nin şəhər və rayon şöbələri partiyanın rəhbər strukturundan kifayət qədər narazı qaldıqları üçün son addımlarını istefa verməkdə görürlər. Belə ki, buna səbəb partiya sədri Əli Kərimlinin təşkilat daxilində avtoritar idarəçiliyi və etiraz edənlərə basqı rejimi tətbiq etməsidir. Məsələn, AXCP-nin ən problemli çöbələrindən biri də Sumqayıt şəhər təşkilatıdır. Orada keçən ildən başlayaraq, ardıcıl istefalar baş verib və demək olar ki, barmaqla sayılacaq adamlar qalıb. Gedənlər isə Əli Kərimli barədə əllərində bir çox ifşaedici faktların, dəlil və sübutların olduğunu deyirlər.
Kəmaləddin Rəhimov vaxtında demişdi: "Kim istefa verirsə, sosial şəbəkələrdə onu təhqir edirlər"
Satatistik rəqəmlər də yuxarıda qeyd edilənləri isbat etməkdədir. Məsələn, ötən ilin sonlarında şöbənin 52 üzvü yazılı şəkildə istefa verərək Əli Kərimlinin qanadının altından çıxıb, Mirmahmud Mirəlioğlunun sədrilik etdiyi KXCP-yə keçdiklərini bəyan etmişdilər. Hətta həmin vaxt Sumqayıt şəhər şöbəsinin sədri olan Kəmaləddin Rəhimov AXCP rəhbərliyini sərt şəkildə tənqid edərək, əlində Əli Kərimliyə aid olan videomaterialların olduğunu da bildirmişdi. Sitat: "Partiyada həqiqəti deyənlərə satqın damğası vururlar. Bəzən xahiş edirlər ki, baş verənləri ictimaiyyətə açıqlamayaq, gizlədək. Amma kim istefa verirsə, sosial şəbəkələrdə onu təhqir edirlər".
Digər cəbhəçi Şakir Abbasov da onun kimi Kərimlini partiyaya, dövlətə və xalqa xəyanət etməkdə günahlandırmışdı. Ümumilikdə isə AXCP sıralarını tərk edənlər artıq Əli Kərimli rejimindən bezdiklərini deyərək, ya siyasi fəaliyyətlərinə son qoyduqlarını, a da başqa normal müxalifət partiyalarına transfer olunduqlarını bildirirlər.
Əli Kərimlinin əsas xisləti və aşkar sifəti məhz bu cür halar üzərində qurulub
Son aylarda isə AXCP-dən 80-ə yaxın üzv istefa verib. İstefa verənlər ictimaiyyətə məlumat verdikdən dərhal sonra isə AXCP sədrinin "facebook" şəbəkəsindəki qrupları istefa verdiyini açıqlayanlar haqda qara piar kampaniyası aparır, onlara qarşı hücumlar edir, təhqir, şantaj və böhtanlar səsləndirirlər. Hətta vəziyyət o həddə qədər inkişaf edir ki, Əli Kərimlinin adamları həmin insanların ailələrinə qarşı da rüsvayçı şərhlər yazırlar. Bu isə bir daha sübut edir ki, Əli Kərimlinin əsas xisləti və aşkar sifəti məhz bu cür halar üzərində qurulub.
Bu arada AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiyadan istefa verərkən, Əli Kərimlinin planlarını qabaqlayacaq bəyanat yayıb. O, haqqında açılan istintaq işinə kənar müdaxilələrin olmaması və buna siyasi don geyindirilməməsi üçün Sumqayıt təşkilatının sədrliyindən və AXCP sıralarından istefa verdiyini bildirib. Sitat: "Əminəm ki, mənim haqda istintaq ədalətli aparılacaq və hər şeyə aydınlıq gətiriləcək. Buna görə istintaqa heç bir kənar təsirlərin və bəzi dairələrin bu məsələyə siyasi don geyindirilməsinin qarşısının alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm".
Bu dəfə hər şey onun istədiyi kimi baş vermədi
Gəlin bu məsələyə bir az da yaxından nəzər salaq. Belə ki, İsa Qurbanov haqqında başladılan istintaq işinin ədalətli aparılacağına inandığını deyir və eyham vurur ki, Əli Kərimli onun adından hər hansı siyasi manipulyasiya edib, özünə siyasi xal toplamaqla məşğul olmasın. Yəni "siyasi məhbus", yaxud da "vicdan məhbusu" adını onun üzərinə yapışdırmasın. Bu kimi bəyanat isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq gün kimi aydındır, AXCP sədrinin növbəti planı işı yaramayacaq. Çünki bu dəfə hər şey onun istədiyi kimi baş vermədi.
İstefaların isə davam etməsi artıq lübud hala çevrilib. Yaxın zamanlarda Əli Kərimlidən imtina kampaniyasına növbəti istefa verəcək insanlar toplumu qatılacaq. Gözləntilər də məhz bunu təsdiq edir.
Mübariz QULİYEV