"Milli Şura" Qərbin maraqlarını doğrulda bilmir
Radikal müxalifət düşərgəsi, daha doğrusu, qondarma "Milli Şura" mayın 30-da mitinq keçirmək haqqında qərar qəbul edib (əgər buna mitinq demək olarsa, çünki 100 nəfərdən çox olmayan aksiyaya mitinq deməyə adamın dili gəlmir -R.). Əslində, həmin mitinqin də iflasa uğrayacağı indidən bəllidir. Çünki AXCP sədri Əli Kərimlinin dirijorluq çubuğu ilə fəaliyyət göstərən və partiyanın filialı təsirini bağışlayan "Milli Şura"nın mayın 30-na planlaşdırılan mitinqinin ötən mitinqlərdən hər hansı bir üstünlük təşkil ediləcəyini gözləmək olmaz. Elektorat, tərəfdaş və sosial baza qıtlığını ötən mitinqlərində sübuta yetirən "Milli Şura" rəhbərliyi də, əlbəttə ki, bütün bunları yaxşı bilir. Sadəcə, AXCP sədri Əli Kərimli əlində saxladığı Cəmil Həsənli kartından öz məqsədləri üçün yararlanması istiqamətində Qərb siyasi dairələrinin və həmin dairələr sayəsində ona pul ötürən erməni lobbisinin göstərişlərini reallaşdırmağa çalışır.
Digər tərəfdən, radikallar həmişə, sadəcə, öz nəzarətləri altında olan qəzetlərin səhifələrində mövcud olublar. Əgər bir neçə müxalifət qəzeti olmasaydı, "Milli Şura"nın mövcudluğu zərrə qədər də hiss olunmazdı. Əslndə, onların indiki mövcudluğunu virtual olaraq qəbul etmək daha düzgün olar. Amma keçirdikləri hər mitinq-piket cəmiyyətdə dağıdıcıları bir daha ifşa edir.
Siyavuş Novruzov: "Onların məqsədi mitinq keçirib nəsə demək yox, sadəcə, xarici sifarişləri yerinə yetirməkdir"
Təbii ki, mayın 30-da də radikalların eyni aqibəti yaşayacağı şübhəsizdir. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da deyib ki, "Milli Şura" gündəmə gəlmək üçün belə qərarlar qəbul edir, halbuki qurum yetkililəri özləri də yaxşı bilirlər ki, 3-5 adamlıq mitinqlə heç nə edə bilməzlər. Onun sözlərinə görə, "Milli Şura" heç bir fəaliyyəti olmayan, cəmiyyət tərəfindən qəbul edilməyən ölü bir qurumdur: "Hazırda bu təşkilatın bircə adı qalıb, üzvləri hər keçən gün buranı tərk edirlər. Onlar kiminlə mitinq keçirəcəklər? Bir Cəmil Həsənlidir, o da özü çıxıb danışacaq".
S.Novruzov "Milli Şura"nın seçki vaxtı keçirdiyi mitinqləri xatırladaraq deyib ki, onda guya bu qurumun güclü vaxtları idi: "Guya bir neçə təşkilatı özündə birləşdirən müxalifətin əsas mərkəzi idi. Amma mitinqlərdə onların nəyə qadir olduğunu hər kəs gördü. 15-20 təşkilatın birgə mitinqində iştirakçıların sayı 500 nəfəri keçmirdi. İndi nə qədər adam qatılacaq? Maksimum 50 nəfərlik piket keçirə bilərlər".
S.Novruzov onu da əlavə edib ki, Azərbaycanda mitinq əhval-ruhiyyəsi yoxdur: "Onların məqsədi mitinq keçirib nəsə demək yox, sadəcə, xarici sifarişləri yerinə yetirməkdir. Yaxud da xaricə "biz də varıq" deyə özlərini göstərirlər".
Sərdar Cəlaloğlu: "Nəzərdə tutulan "Milli Şura" deyilən şey faktiki olaraq yoxdur"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bizə verdiyi açıqlamasında bildirib ki, əslində, "Milli Şura" AXCP sədri Əli Kərimli və bir neçə "cırtdan" partiyaların (bir özü, bir də papkası olanlardır -R.) yığışdığı ölü qurum faktiki olaraq yoxlur. Belə olan halda düşünmək lazımdır ki, yox olan qurumun ağızdolusu "mitinq" keçirmək istədiklərini bildirməsi utanılasıdır: "Bu qurum ölü bir qurum kimi, sadəcə, quru adı üzərində "yaşayır". Nəzərdə tutulan "Milli Şura" faktiki olaraq yoxdur. Onun varlığını formal olaraq saxlayırlar. "Milli Şura"nın fəaliyyətini davam etdirməsi oradakı qüvvələrə xeyir etməsə, buraxarlar. Görünür, Əli Kərimliyə belə sərf edir. Çünki hər mitinqə görə Əli Kərimli yaxşı qrantlar alır, dolanışığını düzəldir".
Ümumiyyətlə, hər zaman mitinq taktikası "Milli Şura" ideyasının, həmçinin, bu qondarma qurumda cəmləşən dağıdıcı müxalifətin tam iflasını, fiaskosunı təsdiqləyir. Çünki Azərbaycan cəmiyyəti sağlamdır və milli maraqlarımıza zidd fəaliyyət göstərən radikal müxalifətin hər hansı layihəsində iştirak etmir. Bu mənada 30 may mitinqi də radikalların nə qədər zəif durumda olduğunu bir daha ortaya qoyacaq.
Rəfiqə HÜSEYNOVA