AXCP-də repressiya dalğası davam edir
Müsavat partiyasındakı kütləvi istefalardan sonra indi də bütün diqqət AXCP-də yaranmış olduqca gərgin vəziyyətə yönəlib. Son bir ayda Müsavat partiyasından 5, AXCP-dən isə 3 dəfə istefalar olub. Məsələn, iki gün öncə Müsavatdan 11 nəfər qadın istefa verməklə növbəti kütləvi istefaların anonsunu aldıq. Hər iki partiyanı tərk edənlərin istefa səbəbləri oxşar olsa da, fərqli cəhətləri də var. Bəs bu fərqlər nədir? Son vaxtlarda Müsavatdan istefa verənlər partiya rəhbərliyini ittiham edərək özləri könüllü şəkildə partiyadan istefa veriblər. AXCP-də vəziyyət bir az fərqlidir. AXCP-ni tərk edənlər isə Əli Kərimlini tənqid etdiyinə, rəhbərlərinin qərarlarına qarşı çıxdıqlarına görə partiyadan qovulublar. Lakin bununla yanaşı, hər iki partiyadakı özbaşınalığın, istefaların, partiyadaşların qarşılıqlı ittihamlarının başlıca günahkarları elə Müsavat və AXCP rəhbərləridir. Səriştəsiz addımlar nəinki partiyada, hətta kiçik bir ailədə belə səriştəsiz addım atılanda ailə məhv olur.
Artıq dünən AXCP-dən növbəti dəfə 3 nəfər qovulub. AXCP Nərimanov rayon təşkilatının sabiq funksioneri Ağaşirin Tanrıverdioğlu da etiraf etdi ki, Nərimanov rayon təşkilatının məclisinin növbədənkənar toplantısı keçirilib və iclasda rayon təşkilatının sədr müavini, AXCP gənclər komitəsinin fəalı Dəyanət Babayev, partiya üzvləri Cavid Musazadə və Ehtiram Mehdiyevin partiyadan xaric edilməsi barədə qərar qəbul ediblər.
Diqqət edin, A.Tanrıverdioğlu bildirib ki, qərarın verilməsinə səbəb bu şəxslərin partiya rəhbərliyinin qərarları ilə razılaşmaması, partiya sədri Əli Kərimlinin çıxışlarına etiraz etmələri olub. A.Tanrıverdioğlu onu da açıqlayıb ki, bu şəxslər AXCP sədrinin göstərişi ilə partiyadan uzaqlaşdırılıblar. Məsələ bundadır ki, bir neçə gün öncə A. Tanrıverdioğlu da eyni ittihamla partiyadan uzaqlaşdırılıb.
AXCP-dən isə qovulanlarla bağlı suallrımıza cavab verən tapılmadı. Lakin yenə də çox maraqlı bir məqamın şahidi olduq. Ali məclisin sədri Həsən Kərimov bu barədə məlumatı olmadığını bildirib. Maraqlıdır, AXCP-də ikinci şəxs olan H.Kərimov bunu bilmirsə, bəs kim bilməlidir? Bu şəxslərin partiyadan uzaqlaşdırıldığı gün Nurəddin Məmmədli Milli Kitabxanada qəzet oxuyurdu. Yalan danışmadı, dedi ki, mənim xəbərim yoxdur, yazı oxuyuram.
Uzun illərdir ki, ""demokratiya" donu geyinib cəmiyyəti çaşdırmağa çalışan Əli Kərimli, görəsən, özü nə üçün adi bir "demokratik hüceyrə" ola bilmir? "Demokrat" olmaq ona xarici kəşfiyyatın "ata" tapşırıqlarını yerinə yetirmək qədər önəmlidirsə, elə insanların da ona etiraz etmək, demokratik şəkildə fikirlərini ifadə etmək kimi haqqı, hüququ vardır. İnsanlara xırda məişət çətinliklərinin gələcək "faciələrini" uzun müddət cəbhəçi etmək olarmı? Əgər cəbhəçi olmaq bütün problemlərin həlli və şərəfli bir işdirsə, o zaman niyə oğlun cəbhəçi deyil? Oğlun yaşındakı gəncləri "Məhsul" stadionuna tökəndə bəs oğlun niyə o sırada olmur?
Samir