PDF Oxu

Müxalifət

  • 606

Müsavatda "mühacir işi" böyüyür

Müsavatda "mühacir işi" böyüyür

Çetedəki adlar bəllidir, ittiham və iddialar məhkəməyə doğru istiqamət alacaq

Müsvat partiyasında "mühacir işi" üzrə ittiham olunan partiya rəhbəriyi onlara qarşı irəli sürülmüş ittihamlara tutarlı cavab və arqumentlər qoymaqda çətinlik çəkirlər. Belə ki, aldıqları rüşvətlər müqabilində partiyaya üzv yazdırılan insanların sonradan Qərbi Avropa ölkələrinə mühacirət etmələri arxasında partiyanın yuxarı eşalonunda olan şəxslərin adlarının hallanması isə əslində çox ciddi bir ittihamdır. Xüsusilə, əsas ittiham olunan tərəf Müsavatın baqşanı Arif Hacılı və onun komandasıdır ki, burada Gülağa Aslanlı başda olmaqla bir neçə nəfərin adları hallanmaqdadır.

Digər tərəfdən, ittihamçının da Müsavat partiyasının üzvü olması sözügedən məsələnin reallığa söykənməsinə kifayət qədər zəmin yaradır. Faktları ortaya qoyan isə "Yeni Müsavat" qəzetinin əməkdaşı, o cümlədən, Müsavat partiyasının üzvü Elbəyi Həsənlidir. Məsələn, ortada olan faktlardan biri Müsavat rəhbərliyinin son 6 ayda 483 vətəndaşa partiya üzvü olmaqla bağlı verdiyi arayışlardır və həmin arayışların "çəkisi" ölçüsündə rüşvətin miqdarı təyin olunub. Bu barədə az sonra daha geniş təfsilatla çıxış edəcəyik.

Ancaq ortada növbəti iddiaların da olduğu üçün bu məsələnin haradan qaynaqlanması barədə məhz Elbəyi Həsənlinin mətbuata ötürdüyü fikirlərini nəzərə çatrıamağı lazım bildik.

Elbəyi Həsənlinin İsveçrədəki "Ocaq" adlı mərkəzin sədrliyindən getməsinə səbəb nə olub?

Xatırladaq ki, sözügedən ittihamın əsas fiquru olan Elbəyi Həsənli həm də İsveçrədə fəaliyyət göstərən "Ocaq" Mədəniyyət Mərkəzinin sədri olub. Bu mərkəz ötən ay mayın 16-da yaradılıb. Mərkəz yaradıldıqdan sonra isə Müsavat partiyasının rəhbər strukturları buna etiraz edərək, həmin təşkilatın fəaliyyətinə qarşı çıxıblar. Çünki həmin mərkəzə məhz mühacirətdə olan müsavatçılar üzv yazılıblar. Müsavat rəhbərliyi tələblərinin yerinə yetirilmədiyini gördükdən sonra isə Elbəyi Həsənli başda olmaqla, ona və "Ocağ"a üzv yazılan müsavatçılara qarşı təhdidlər yağdırılmağa başlayıb. Nəticədə Elbəyi Həsənli "Ocaq" sədrliyindən istefa verib. Təhdidlər isə belə olub - "Ocaq" üzvü olan və hələ siyasi sığınacaq almamış müsavatçılar seçim edərək, Elbəyi Həsənlidən uzaqlaşmasalar, onlar barədə İsveçrənin Bakıdakı səfirliyinə müraciət olunacaq. Yəni həmin insanlar barədə İsveçə məlumatlar ötürüləcək ki, sonradan həmin adamların bu ölkədəki oturma izinlərinə qadağa qoyulsun. "Yeni Müsavat"ın yazarına görə, bu kimi addımın atılması tamamilə qeyri-insani, qeyri-demokratik olan bir çağırış və təhdidlərdir:"Belə bir addım atılsa, gerçəkdən də məhz mənə görə bir neçə müsavatçı ailənin İsveçrədə oturum alması təhlükəyə düşəcək və insanlar bədbəxt olacaqlar. Müsavatın hazırda başında olan dəstəyə belə bir imkan verməmək və müsavatçı ailələri bu cür qorxu və terror atmosferindən qurtarmaq üçün "Ocaq" Mədəniyyət Mərkəzinin rəhbərliyindən istefa verirəm. Lakin bildirirəm ki, haqq bildiyim işə davam edəcəm. Paralel olaraq, Müsavat partiyasının hazırda başında olan dəstənin bəzi üzvləri haqda əlimdə olan faktları jurnalist olaraq müstəqil şəkildə araşdırmağa başlayacam. Bu faktlar isə dəhşətli bir iddianı ortaya qoyur. Müsavat partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər. Hazırda Avropanın ayrı-ayrı ölkələrində miqrasiya xidmətləri bu cür saxta "müsavatçıları" aşkarlayıb və ciddi araşdırmalar gedir".

Rauf Arifoğlunun adı da "mühacir işi" qalmaqalında hallandı

Maraqlı məqamlardan biri də Elbəyi Həsənlinin son zamanlara qədər təmsil olunduğu qəzetin - "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlunu da ittiham hədəfinə almasıdır. Çünki Elbəyi Həsənlinin Rauf Arifoğlu ilə kifayət qədər isti münasibətləri mövcuddur və hətta ötən il o, Bakıya gəldiyi zaman baş redaktorun uzunmüddətli qonağı da olub. Bu barədə "musavat.com" saytı da geniş məlumat dərc etmişdi. Beləliklə, Elbəyi Həsənlinin sözügedən "mühacir işi"ndə Rauf Arifoğlunun adının nəyə görə hallanmasının əsl səbəbinə nəzər salaq. Məsələn, Həsənli bildirir ki, Müsavatın konkret funksionerlərinin imzası olan saxta vəsiqə və arayışların bəzilərinin surətləri artıq onların əllərində var. Sitat: "Yəni Müsavat partiyasının indiki rəhbərliyinin mühacirət biznesini ifşa edəcəyimizə dair söz vermişdik. Qolumuzu çırmayıb, araşdırmağa başlamışdıq ki, Rauf Arifoğlu Avropaya gəldi. Bizimlə uzun-uzadı danışdı. Arif Hacılının legitimliyini tanıdığını (!-R.N.) dedi, bizi də ona biətə (?-R.N.) səslədi. Əlimdəki faktların bəzilərini ona dedim. İndiki rəhbərliyin partiyamızı özünün biznes qurumuna çevirdiyinin aşkar olduğunu, bunlara susa bilməyəcəyimi söylədim. Üz vurdu. Onun Avropada olduğu müddətdə bir şeylər yazmadım. Lakin həqiqət qardaşlıqdan da irəlidədir. Ona görə də məni qınasa da yazıram".

Məhz Rauf Arifoğlunun birbaşa İsveçrəyə gedərək, Elbəyi Həsənlidən məlum araşdırmaya son qoymağı tələb etməsi, bu da azmış kimi saxta sənəd biznesinin əsas fiquru olan Müsavat başqanı Arif Hacılının legitimliyini tanımağa çağırış etməsi istər-istəməz bəzi suallar yaratmaqdadır. Sual oluna bilər ki, bəs Rauf Arifoğlunun burada hansı maraqları var? Nəyə görə Rauf Arifoğlu tənbəllik etməyərək, bu işə görə İsveçrəyə getdi? Bəlkə Rauf Arifoğlunun Elbəyi Həsənli ilə yaxın dostluq münasibətlərindən xəbərdar olan Arif Hacılı onu bu işə cəlb edib ki, bəlkə qarşı tərəfin susmasına nail ola bilsin? Yaxud Rauf Arifoğlu Arif Hacılının həmin xahişini nəzərə alarkən, İsveçrə səfərininin xərclərini öz cibindənmi xərəcləyib, yoxsa Arif Hacılı onun Avropa səfərinin xərclərini qarşılayıb? Əgər Arifoğlu həmin səfərin xərclərini öz cibindən xərəcləyibsə, demək, onun Hacılı qarşısında hər hansısa bir kölgəli əməli var. Yox, onun yol xərclərini Arif Hacılı qarşılayıbsa, bu zaman Rauf Arifoğluya da saxta sənəd məsələsindən pay düşüb. Demək, ortada araşdırılacaq məqamlar çoxdur və görünür, "mühacir işi"nin xəmiri qarşıda hələ çox su aparmalı olacaq.

Beləliklə, "mühacir işi" məsələsində ifşa olunduğunu görən Müasvatın mövcud rəhbərliyi hələlik vəziyyətdən çıxmaq üçün, guya ortaya qoyulan faktları inkar etmək üçün "ifşaetmə" kampaniyasına başladı. Guya onlara qarşı başladılan bu kampaniya reallığı əks etdirmir. Amma bütün çabalarına rəğmən, reallıq həm də rəqəmlərlə üzə çıxmışdır. Bəlli olub ki, partiya rəhbərliyi, xüsusilə Arif Hacılı və müavinləri Gülağa Aslanlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, o cümlədən, Müsavatın rayon təşkilatının sədrləri Rafiq İsmayıl (Sabunçu), Vaqif Davud (Oğuz), Nemət Kərimli (Binəqədi), eləcə də daha bir neçə başqa rayon təşkilat sədrləri "mühacir işi"ndə əsas aparıcı fiqurlardırlar.

Ortada 500 min manatdan artıq korrupsiya faktı var və ya ortada olan qiymət preyskurantları

Xatırlatmaq yerinə düşərdi ki, Müsavat başqanının müavini Gülağa Aslanlı hər saxta sənədə görə Elbəyi Həsənli tərəfindən 700 manat almaqda ittiham olunur. Bu ittihamdan sonra o, mətbuata çıxaraq, 700 manatlıq kişi olmadığını dilə gətirmişdi. Amma ittiham edən tərəf onun, əslində, 700 manatlıq "kişi" olduğunu sübuta yetirib. Özü də çox ilginc məqamlarla. Məsələn, saxta sənəd məsələsinin arxasnda olan qiymət preyskurantına nəzər saldığımız zaman biz bunu görürük. Müsavat rəhbərliyi saxta arayışı şəkillə təqdim etməkdən ötrü 1500 manat, şəkilsiz arayışı təqdim etmək üçün isə "mühacirlərə" 800 manat pul "oxuyublar".

Elbəyi Həsənlidən bu barədə daha bir sitata nəzər salaq: "...Bəli, 700 manat ilk baxışda az görünə bilər. Ancaq nəzərə alsaq ki, 6 aya 483 arayış satılıb və hər bir arayışın orta qiyməti min manatdır, onda söhbət yarım milyon manatdan gedir. Üstəlik, neçə ildir ki, bu alverlə məşğulsan... Mexanizm sadədir. Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropoya "müsavatçı" ixrac edirlər.Bu prosesdə onlara Avropada dəstək verənlər də var".

İsa Qəmbər bütün bunlardan xəbərsiz olubsa...

Kifayət qədər həqiqətləri sübuta yetirən araşdırmadan o da bəlli olur ki, "Mühacir işi" çetesinin Avropada da qanadları və təmsilçiləri olduğu halda, Müsavatın sabiq başqanı İsa Qəmbər bütün bunlardan xəbərsizmiş. Əslində, digər faktlar inandırıcı göründüyü halda, İsa Qəmbərin həmin məsələdən xəbərsiz olması iddiası inandırıcı görünmür. Belə ki, Elbəyi Həsənlinin iddiasına görə, çetenin İsveç paytaxtında - Stohkolmda yaşayan üzvü Əli Ağayev bu biznesdə Arif Hacılı və Gülüğa Aslanlının ən inanılmış işçilərindəndir. Bəlli olub ki, saxta sənədlər vasitəsilə partiya üzvünə çevrilən adamları İsveçə yönəldən odur. Onun dələduzluq əməllərindən biri isə həqiqətən də təəccüblüdür. Məsələn, Əli Ağayev hələ bir neçə il öncə İsveçə yığdığı, lakin oturum izni ala bilməyən saxta partbilet sahiblərinə dəstək üçün Müsavatın o zamankı başqanı, İsa Qəmbəri və indiki başqan Arif Hacılını Stohkolma dəvət etmişdi. Bununla o, saxta sənəd vasitəsilə İsa Qəmbərin fotolarını çəkdirib. Nəticədə daha bir dələduzluq və saxtakarlıq əməli işə yarayıb. Ancaq Elbəyi Həsənli həmin vaxt Əli Ağayevin həmin əməlindən İsa Qəmbərin xəbərsiz olduğunu yazır. Bu isə inandırıcı görünmür. Yaxud, İsa Qəmbər həmin vaxt bu kimi əməllərdən xəbərsiz olubsa, demək, indinin özündə də etiraf etməyə məcburdur ki, onun rəhbərliyi zəif olub. Hər halda zəif olmasa idi, ən azından, çoxsaylı bənzər hallardan heç olmasa biri haqqında məlumatlı olardı. Demək, o, ya xəbərdar olub, ya da onun zəif idarəçiliyi başqalarının onun üzərindən iş qurmaları ilə nəticələnib.

İsa Qəmbərin sonradan nala-mıxa vuraraq, məsələn, Belçikaya mühacirət etmiş Elnur Mirzəyevi tutarlı faktlar ortaya qoymamaqda (?-R.N) ittiham etməsi isə məsələni daha da açığa çıxarmış olub. Məsələn, Gülaga Aslanlının mühacirətə getmək istəyən vətəndaşlara sadə arayışı 800, ya da 1000 manata, İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyənlərə isə 1500-2000 manata satması nədənsə Müsavat başqanını narahat edib.

Şünki fortolar 3-4 gün sonra Avropa ölkələrindən birinin miqrasiya xidmətlərinə ötürülürmüş. Və Əli Ağayev kimi, Hollandiyada yaşayan müsavatçı Eldəniz Yusibov da xüsusi bölgü üzrə Oğuzdan, Qəbələdən olan insanları Hollandiyaya, Belçikaya, Almaniyaya Müsavatda düzələn saxta sənədlər vasitəsilə köçürməyə nail olub. O cümlədən, Yusif Abidov, Qalib Rzayev adlı şəxslər də "mühacir işi" çetesində canfəşanlıqlar göstəriblər. Beləliklə, məsələ uzandıqca-uaznır və onun üzü məhkəməyə tərəf istiqamət alması da gözləniləndir. Ancaq fakt da öz faklığında qalır. Bu səbəbdən, Müsavat rəhbərliyinin "mühacir işi"ndə adları hallanan saxtakar rəhbərlərinin demokratiya, plüralizm, söz və insan hüquqları azadlığı haqqında danışmaları daha öncələr də ciddiyə alınmadığı kimi, bundan sonra, ümumiyyətlə ciddiyə alınmayacaq.

Rövşən NURƏDDİNOĞLU

P.S. Bu arada "mühacir işin"də daha bir rüsvayçı əməl üzə çıxıb. Belə ki, bu günlərdə keçirilən "aclıq aksiyası"nı da Arif Hacılı - Gülaga Aslanlı - Razim Əmiraslanov çetesi məhz qazanc məqsədilə həyata keçiriblər. Belə ki, aclıq aksiyası bitəndən iki gün sonra 5 nəfər "müsavatçı" İsveçin Yöteborg şəhərində peyda olublar! Özü də "aclıq aksiyası" zamanı partiya rəhbərliyi ilə birgə çəkdirdikləri şəkilləri ilə...

Digər xəbərlər