Əli Kərimli buna əmin olmağa məcburdur
AXCP-nin mətbu orqanı kimi tanınan "Azadlıq" qəzetinin haray-şivənçiliyi barədə çox yəqin ki, ictimai rəydə kifayət qədər məlumatlar var və hal-hazırda da bu qəzetin dövltəçilik maraqları əleyhinə yazılar dərc etməsi, cəbhəçi funksionerlərin həmin istiqamətdə dəridən-qabıqdan çıxmaları, bununla da düşmən dəyirmanına su tökmələri birinci hal deyil. Xüsusilə, AXCP sədri Əli Kərimlinin ilk Avropa Oyunları ərəfəsində qitənin bir neçə ölkəsinin bu oyunlarda iştirak etməyəcəyi, boykotu barədə bar-bar bağıran, lakin növbəti dəfə yanlıdığını görən "Azadlıq" qəzeti indi də çulunu sudan quru çıxarmaqdan ötrü, guya "milli heysiyyat örtüyünə" büründüyünü nümayiş etdirməyə uğursuz cəhdlər göstərir. Lakin bu barədə bir az sonra münasibət bildirəcəyik.
Bu kimi olayların arxasında dayananın biri və birincisi məhz AXCP sədridir
Bu arada onu da qeyd etmək yerinə düşərdi ki, I Avropa Oyunları ərəfəsində gah Hollandiyanın, gah Almaniyanın, gah İsveçrənin, gah Yunanıstanın, gah da Almaniyanın Azərbaycana gəlməyəcəklərini car çəkən "Azadlıq" qəzeti hər dəfə də müşkül vəziyyətə düşüb və onları məhz arxalandıqları həmin ölkələr pas vəziyyətində qoyub. Məsələn, "Azadlıq" qəzetinin bir neçə gün öncə Almaniyanın Avropa Oyunlarını boykot edəcəyi ilə bağlı xəbəri öz təsdiqini tapmayıb. Çünki Avropa Oyunları ilə bağlı Almaniya nümayəndə heyətinin rəhbərləri artıq Bakıdadır. Onlar "Atletlər Kəndi"ndə qaldıqları binadan ölkələrinin bayrağını asıblar. Nümayəndə heyətinin digər üzvləri və idmançıların isə bu günlərdə gəlməsi planlaşdırılır. Digər dövlətlər də Almaniya kimi.
Yuxarıda da qeyd etdiyim kimi, "Azadlıq" qəzeti əlinə düşən hər bir məqamda ona təlimatlar verən, Azərbaycan dövlətinə və xalqına qarşı qısqırdan erməni lobbisinin, bir sıra düşmən mövqeli ermənipərəst siyasi dairələrin xoşuna gəlməkdən ötrü dəridən-qabıqdan çıxır. Söz yox ki, bütün bu kimi olayların arxasında dayananın biri və birincisi məhz AXCP sədri Əli Kərimlidir.
Ermənilərin milli qəhrəmanlarına çevrilmiş Leyla Yunusu, Xədicə İsmayılı müdafiə edən "Azadlıq" hansı səbəbdən Ermənistanın bayrağının "Atletlər Kəndi"ndə dalğalanmasına bu qədər dözümsüz yanaşır?
Və belə bir məqamda çox maraqlı, eyni zamanda düşündürücüdür ki, dünənə qədər ermənilərlə canbir olub Azərbaycan dövlətinə qarşı birgə çıxış edən, ermənilərin milli qəhrəmanlarına çevrilmiş Leyla Yunusu, Xədicə İsmayılı müdafiə edən "Azadlıq" indi hansı səbəbdən Avropa Oyunlarında iştirak edəcək Ermənistanın bayrağının idmançılar kəndində dalğalanmasına bu qədər dözümsüz yanaşır? Guya AXCP-də və "Azadlıq" qəzetində təmsil olunan cəbhəçilərdə "milli qürur hissi" oyanıb və düşmən ölkənin bayrağının Azərbaycanda dalğalanması onları "narahat edir". Təbii ki, bütün bunlar sadəcə manipulyasiyalardır və sosial şəbəkədə Əli Kərimlinin, Fuad Qəhrəmanlının, o cümlədən Cəmil Həsənlinin siyasi artistizm maraqlarından doğan ucuz şoulardır. Çünki adicə bu kimi iddianın ortaya atılmasının özü siyasi səbatsızlığın və savadsızlığın ən yüksək göstəricisidir. Biz AXCP-nin və "Azadlıq" qəzetinin sözügedən arqumentsizliklərinə qarşı kifayət qədər ciddi arqumentlər, faktlar qoya bilərik.
"Erməni bayrağıdır" iddiası ətrafında absurd və absurd olduğu qədər də gülünc "arqumentlər"
Məsələn, bu gün ABŞ-la heç də isti münasibətləri olmayan, hətta düşmən elan edilən elə dövlətlər var ki, onların bayraqları BMT-nin Nyu-Yorkdakı binasında dalğalanır. Biz burada İran İslam Respublikası, Şimali Koreya, Venesuela, Kuba kimi dövlətlərin bayraqlarını göstərə bilərik. Demək "Azadlıq" belə hesab edir ki, heç bir diplomatik, beynəlxalq status gözləmədən, Avropa Oyunlarında iştirak edəcək Ermənistan komandasının bayrağı Azərbaycanda təmsil olunmamalıdır (?!).
Daha bir arqument göstərək. Məsələn, ABŞ-da keçirilən Olipmpiya Oyunlarında da bu ölkə ilə soyuq münasibətləri olan ölkələrin bayraqları orada dalğalanıb, himnləri səslənib. Yeri gəlmişkən, Pekin Olimpiadası dövrü Çinin ABŞ-la münasibətlərində durğunluq yaranmışdı. Lakin ABŞ idmançıları həmin Olimpiada dövründə ən çox medal qazanan ölkə oldu və himni dəfələrlə səsləndirildi. Məgər Çin ABŞ bayrağının dalğalanmasına qarşımı çıxmalıydı?! Absurddur və absurd olduğu qədər də gülünc iddialardır.
2013-cü il seçkiləri ərəfəsində və sonra Rusiyanın qaranlıq siyasi dairələri ilə iş birliyinə girən, erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gələcəklərini düşünən, "Milli Şura" yaradıb, Rüstəm İbrahimbəyovu, Eldar Namazovu pulyığan kimi istifadə edənlər...
Bu da son deyil. İqtidar mətbuatı - "Yeni Azərbaycan" qəzetini, eləcə də digər mətbu orqanları hədəfə alan "Azadlıq" qəzeti özünün ucuzluğunu elə bir fonda sərgiləyib ki, əslində özü-özünü kifayət qədər ifşa edib. Guya ermənilərin Avropa Oyunlarındakı xərcinin Azərbaycan tərəfindən ödənildiyini iddia edən AXCP-nin "Azadlıq"adlı sarı mətbuatı ölkəmizin Rusiyanın maraqlarına xidmət etdiyini belə həyasızcasına iddia edib. Ancaq 2013-cü il seçkiləri ərəfəsində və sonrakı illərdə planauyğun şəkildə Rusiyanın qaranlıq siyasi dairələri ilə iş birliyinə girərək, həm də erməni lobbisinin dəstəyilə hakimiyyətə gələcəklərini düşünərək, "Milli Şura" yaradanlar, Rüstəm İbrahimbəyovu, Eldar Namazovu pulyığan kimi istifadə edənlər indi bu barədə bir kəlmə də olsa danışmırlar. Çünki həmin vaxt Əli Kərimli də yaxşıca qazanmağa macal tapmışdı. İndi də dünyada və Avropada ilk dəfə keçiriləcək Avropa Oyunlarına qara yaxmağa çalışaraq, növbəti qazancları barədə düşünür. Amma yanılır. Yanılır ona görə ki, təlimatlandırdığı "Azadlıq" qəzetinin verdiyi gülünc proqnozlar heç vaxt özünü doğrultmayıb, bundan sonra da doğrultmayacaq. Biz bunu da sübut edə bilərik.
Nazir: "Bu vəsait Avropa Olimpiaya Komitəsi tərəfindən ödənilir"
Məsələn, ölkəmizin Gənclər və İdman naziri Azad Rəhimov ermənilərin xərcləri barədə verdiyi açıqlamasında deyib ki, Azərbaycanın Ermənistanın xərclərini qarşılaması üçün heç bir öhdəçiliyi yoxdur: "Azərbaycan dövləti olaraq imzaladığımız müqavilədə, eyni zamanda Avropa Olimpiya Komitəsinin qanunda belə bir maddə yoxdur ki, kiminsə məcburi şəkildə maliyyə xərclərini bizim ödəməyimizə məcbur edək. Bunu tək Ermənistan yox, hər bir ölkə deyə bilər ki, bizim maddi imkanlarımız kifayət qədərdir xərci özümüz ödəyəcəyik. Hazırda Avropada bu cür zəngin ölkələr çoxdur. Amma bu günə qədər heç bir ölkə ondan imtina etməyib. Bu vəsait Avropa Olimpiaya Komitəsi tərəfindən ödənilir. Bizim onlarla bir müqaviləmiz var. Eşitməmişəm ki, hansı bir ölkə ondan imtina etsin".
Qara piar kampaniyası əks-effekt verdi - ölkələrin sayı 49-dan 50-yə yüskəlib!
Lakin sonda Əli Kərimlinin qanını qaraldacaq daha bir məlumatı qeyd etmək pis olmazdı. Yəqin ki, "Azadlıq" qəzeti də bu məlumatı dərc etməzdi. Çünki sərf etməz. Ancaq ictimai rəydə maraq doğurduğu üçün biz qeyd etməliyik ki, hələ ilk gündən 49 ölkə Avropa Oyunlarında iştirakını təsdiqləyib. Lakin Azərbaycana qarşı çıxan qərəzli siyasi dairələr, erməni lobbisi və onların dəyirmanlarına su tökən anti-dövlətçi müxalifət yürütdükləri qara piar kampaniyasında istədikləri nəticəni əldə edə bilməyiblər. Daha dəqiq desək, Avropa Oyunlalrında iştirak edəcək ölkələrin sayı nəninki azalıb, əksinə çoxalıb.
Məsələn, qara piardan sonra bu rəqəm 50 ölkəyə çatıb. Qeyd: Ötən ilin dekabr ayında Kosovo da Dünya Olimpiya Komitəsinə üzv qəbul olunub. Bundan dərhal sonra avtomatik olaraq Kosovo Avropa Olimpiya Komitəsinə daxil olub. Avtomatik olaraq Kosovo da Bakıda keçiriləcək ilk Avropa Oyunlarında öz bayrağı altında çıxış edəcək.
Beləliklə, məsələ tamamilə aydındır. Aydındır ki, baş verənlər Əli Kərimlini və onun "Azadlığ"ını pəjmürdə edib. Görünür, bu səbəbdən də oyunlara sayılacaq günlər və saatlar qaldıqca, o və ətrafı daha da aqressivləşməyə başlayır. Onların aqressivləşməsi, daha da radikallaşmasının isə nə xalqa, nə də ki, xalqın dəstəklədiyi dövlətə heç bir təsir imkanı necə ki, olmayıb, bundan sonra da olmayacaq. Xüsusilə, Əli Kərimli buna əmin olmağa məcburdur!
Rövşən NURƏDDİNOĞLU