Partiyada toplum narazılar dalğası genişlənir
Özlərini ölkənin ən aparıcı müxalifət partiyaları kimi təqdim edən, daha dəqiqi isə sırıyan AXCP və Müsavat partiyalarındakı istefaların sayı son günlər elə ardıcıl hal almağa başlayıb ki, hətta statistika ilə məşğul olan təşkilatlar da bunu hesablamaqda çətnilik çəkməyə başlayıblar. Məsələn, bu günlərdə Müsavatın Suraxanı rayon təşkilatından daha 10 nəfər istefa verdi. Onlar da digər etirazçı və narazı müsavatçılar kimi istefalarının səbəblərini partiyanın ailə podratı təşkilatına çevrilməsi, Arif Hacılı və Mustafa Hacıbəyli qardaşlarının oranı istədikləri kimi idarə etdikləri, İsa Qəmbərin isə baş verənlərə etinasız yanaşması ilə əlaqələndirirlər. Artıq Müsavatın rayon təşkilatlarında demək olar ki, adam-filan da qalmayıb. Uzağı bir-iki nəfərdən başqa ki, onların da əslində müsvatçılıq ideologiyasından, ümumiyyətlə başları-zadları çıxmır və əlbəttə ki, bütün bunlar Arif Hacılıya sərf edir. Çünki ona siyasi bilgisi, siyasət anlayışı olan kəslər lazım deyil. Çünki onlar Arif-Mustafa qardaşlarına maneələrə törədə bilərlər. Ona görə də vəziyyət bəlli həddə qədər inkişaf etməkdədir. Sabah-birigün oradan növbəti rayon təşkilat üzvləri də gedərkən, bundan təəccüb etməyə dəyməz. Necə deyərlər, Müsvatda "təmizləmə" işlər tam sürətlə davam etməkdədir".
Son bir ayda Müsavatdan 50-60 nəfər istefa verib
Məsələ ilə bağlı Müsavat partiyasının qadınlar şurasının keçmiş sədri Ellada Məmmədli isə yeni başqan Arif Hacılını şər-böhtan atmaqdan başqa bir işə sahib olmadığını deyib. Bildirib ki, Arif Hacılı keçmiş Müsavat başqanı İsa Qəmbərin yolunu getməklə yanaşı onun kimi böhtanlı, qərəzli yazılarla öz simasızlığını nümayiş etdirir.
Bu yerdə Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlunun A.Hacılı haqqında açıqlaması da maraqlıdır: "Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqlik nümayiş etdirib, pafos və böhtan dolu bir yazını "bizim missiyamız" adı altında gün üzünə çıxarıb, elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Ancaq A.Hacılı həmin yazıları yüz dəfə də oxusa, həqiqəti görə bilməyəcək... Çünki sizin missiya adlandırdığınız 4 min 500 işarəlik yazınız birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur. Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uydurma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi!"
Q.İbadoğlu onu da bildirib ki, nizam-intizam nədir bilməyən özündə olmayanı tələb edir: "Elə buna görə də partiya daxilində intizamsızlar - Arif Hacılı və onun qardaşları qalıb. Bir də bu gün partiyada baş verənlər Müsavatda partiyadaxili demokratiyanın olmamasının göstəricisidir. Onlar hələ də başa düşmürlər ki, sıravi üzvlərsiz rəhbərlik heç kimə lazım olmayacaq".
Tural Abbaslı: "Müsavatda qrup maraqları önə çəkilir"
Müsavat partiyasının başqanlığına sabiq namizəd Tural Abbaslı isə partiyadan xaric edilənlərlə bağlı atılan bu addımı qətiyyətlə pisləyərək bildirib ki, Müsavat rəhbərliyinin sifarişi əsasında həyata keçirilir. Onun sözlərinə görə, Müsavat partiyasından xaric edilənlərin getdikcə artması yaranmış qarşıdurmanı daha da dərinləşdirməkdədir: "Rayon təşkilatının düşünülməmiş belə qərarları gərginliyin yaranması istiqamətində yeni cəbhənin açılması deməkdir. Çünki partiyadan xaric olunanlar sıravi üzvlər deyil. O, cümlədən Müsavatın qadınlar birliyinin kesmiş sədri Ellada Məmmədli sıravi üzv deyildi. Qadınlar Birliyi partiya Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərən strukturlardan sayılırdı. Ellada Məmmədlini çıxarmaqla partiyanın işlək olan bir qurumunu iflic vəziyyətə saldılar. Belə bir addımın atılması yanlış idi".
T.Abbaslı qeyd edib ki, hazırda Müsavat partiyasında qrup maraqları önə çəkilir: "Və yaxud da partiya divanı Suraxanı rayon təşkilatının sədrini və üzvünün Müsavatdan xaric edilməsi. Partiyanın belə bir addım atması sübut edir ki, Müsavatda əsas qrup maraqlarıdır. Onlar yeni təşkilat komitəsinə Arif Hacılıya yaxın şəxslərin adlarını salıblar. Belə davam edərsə, partiyada vəziyyət daha da gərginləşəcək".
Beləliklə, Müsavatda baş verən istefalar parta-part davam edir. Partiya rəhbərliyi isə az qala sədrlik etdiyi təşkilatın ən böyük müxalifət təşkilatı olduğunu önə sürsə də, başa düşülən də odur ki, tərkibində barmaqla sayılacaq adamları qalan Müsavatın artıq sonu çatıb.
Rəfiqə HÜSEYNOVA