"Qırğı sədr" Əli Kərimli...
"Müsavatçılar təlimat əsasında işləyir"
AXCP və Müsavat partiyaları arasında uzun illərdir ki, davam edən savaşın miqyası daha da genişlənməkdədir. Əgər əvvəllər bu savaş sıravi üzvlər və gənc fəallar arasında gedirdisə, indi bu tendensiya dəyişib. Artıq partiya rəhbərlərinin özləri açıq şəkildə savaşa çıxıblar. Bu dəfə "Yeni Müsavat" qəzetinin cəbhəçilərin ünvanına səsləndirdiyi ittihamlara C.Həsənli cavab verib. O, qəzetdə onun və "Milli Şura"nın ünvanına yazılmış bəzi ittihamlara facebook səhifəsində cavablandırıb: "Yeni Müsavat" qəzeti müxalifəti və insanları ləkələmək, onların arasına şübhə toxumu səpmək, süni ziddiyyətlər yaratmaq üçün bütün "yaradıcılıq" potensialını ortaya qoyur. Son illərdə pərdəarxası oyunlara həvəs göstərən "Yeni Müsavat" "Milli Şura"nı "şok separat mövqedə" ittiham edir. Nədən ibarətdir bu "şok separat" mövqe? Müsavat partiyası Avropa Oyunlarının açılış mərasimini boykota çağırıb, "Milli Şura" və AXCP bu çağırışda ona qoşulmayıb. Bizim "Yeni Müsavat" nəinki deyə bilməz, heç ağlından da keçirə bilməz. Amma doğrudan da biz bunu bir idman məsələsi hesab edərək, siyasətdən kənar olan minlərlə idmançının bu yarışlarda marağının olmasını nəzərə alaraq, idmanla siyasət arasında məsafə saxlamağın vacibliyini üstün tutaraq boykot çağrışında bulunmadıq. Əgər Müsavat partiyası belə bir addım atıbsa və öz addımında israrlıdırsa, biz də onun etdiyini təkrarlamağa borclu deyilik. "Yeni Müsavat"dan fərqli olaraq bizim bütün əlaqələrimiz açıq və şəffafdır. Ünvanı bəlli olmayan "Analitik xidmət"in yazısında heç bir ədəb qaydalarına məhəl qoymadan qeyd edilir ki, "qırğı sədr" Əli Kərimli bu məsələdə ona təzyiq edən silahdaşlarına deyib: "Ürəyimizə daş basıb, dözməliyik, boykot çağırışı etməməliyik. Bu qoca ....n istefası ilə hədələyərək, israr etdi, mən də razılaşdım, başqa yolum qalmadı...".
Daha sonra C.Həsənli "Yeni Müsavat" qəzetinin təlimat əsasında işlədiyini bildirir: "Əlbəttə, biz yaxşı bilirik ki, "Yeni Müsavat" "Milli Şura" ilə AXCP, Əli Kərimli ilə mənim münasibətlərimə şübhə toxumu səpmək üçün təlimat alır".
Samir