"Avropa İnsan Haqları Məhkəməsinin Ermənistan hərbiçilərinin işğal olunmuş ərazilərindən çıxmasına yönəlik qərarı bundan əvvəl də olmuşdu. Çünki Ermənistanda doğulan azərbaycanlıların, eyni zamanda Qarabağda məcburi qaçqınlıq həyatı yaşayan insanların Avropa Şurasına, Avropa Məhkəməsinə müraciət etmək hüququ var idi ki, onlar mülki qaydada öz iddialarını irəli sürsünlər. Görünür bu da həmin prosesin tərkib hissəsidir". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Avropa İnsan Haqları Məhkəməsinin Ermənistan hərbiçilərinin işğal olunmuş ərazilərindən çıxmasına yönəlik qərarına münasibət bildirərkən deyib.QAT sədrinin sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsinin əsas iş prinsiplərindən biri ondan ibarətdir ki, hər bir insanın mülkiyyət toxunulmazlığı hüququ var: "İndi baxın görün Ermənistandan 200 minə yaxın soydaşımız yerini, yurdunu, torpağını tərk edib və onların xeyli sayda əmlakları orada qalıb. Eyni zamanda Qarabağdan bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurdlarından didərgin düşüb. Beləcə insanlara xeyli ziyan dəyib. Avropa Məhkəmələrinin çıxardığı qərar təbii ki, qanunauyğun və ədalətlidir. Hesab edirəm ki, bu proses uğurla davam etdirilməlidir".
sia.az