TƏRS BAXIŞ
Yaxud "Yeni Müsavat" ona hücum çəkən "Azadlığ"ı əks-hücumla necə vurdu
"Yeni Müsavat"la "Azadlıq" qəzetinin, daha dəqiqi, Rauf Arifoğlu ilə Əli Kərimlinin arasında olan uzunmüddətli nifaq, savaş və qarşıdurma artıq elə bir səviyyəyə qədər inkişaf edib ki, ötən qarşıdurmalarda barmaq yeri qoyulsa da, budəfəkində heç ona da yer qalmayıb. Qarşı tərəflər bir-birlərini xəyanətdə, hakimiyyətə işləməkdə və s. bənzər ittihamlarda suçlayaraq, günü-gündən daha da aqressivləşir, amansız savaşı daha da qızışdırırlar.
Maraqlı məqamlardan biri də odur ki, "Yeni Müsavat" rəhbərliyinin Əli Kərimlinin nəzarəti altında dərc olunan "Azadlıq" qəzetinə, AXCP və "Milli Şura" rəhbərliyinə istiqamətləndirdiyi ittihamlarına Müsavat rəsmiləri – başqan Arif Hacılı, onun müavinləri, eləcə də eks-başqan İsa Qəmbər dəstək verməsələr də, qarşı tərəf bütün "batalyonu" ilə hücuma keçib. Xüsusilə, Rauf Arifoğlunun Əli Kərimli və Cəmil Həsənli barədə yazdığı sonuncu məqaləsindən sonra. "İbrahimbəyov getdi, Cəmil də gedəcək - Kərimli bəlasi isə əbədidir...", həmçinin, "Kərimlinin düşərgəsinin şantajı ucbatından Azərbaycan siyasi məkanında kimsə siyasət yapa bilmir, manevr cəhdləri yoxdur; hər kəs qarşı-qarşıyadır" ifadələrini birbaşa AXCP-"Milli Şura" nişangahına tuşlayan Rauf Arifoğlu bununla ortada qalan sonuncu körpüyə də od vurdu və bu odun istisi "Milli Şura"da təmsil olunanlara həqiqətən də möhkəm od qoydu. Çünki xəyanətləri sayəsində pul-para qazanaraq, gah bir, gah da digər partiyaların qapılarını döyənlər də burada öz paylarını aldılar. Bu isə onlara sərf etmədiyi üçün, dərhal Əli Kərimlinin "Azadlığ"ında az qala Cəmil Həsənliyə, yerdi gəldi-gəlmədi, aftafa tutmağa başladılar.
Biz bunu ilk olaraq, Gültəkin Hacıbəylinin timsalında gördük. Onun ardınca isə İbrahim İbrahimlinini, sonra isə digərini və sairələrini gördük. Hamısı da bir ağızdan bar-bar bağırırlar ki, sən demə Cəmil Həsənli "mələyiymiş", heç kmin də bundan xəbəri-zadı yoxmuş (??!!-R.N.).
Hətta Cəmil Həsənlini "müəllim", "professor", "hörmətli" kimi ifadələrlə bəzəyənlər burada bir növ zıınqırov rolunu da oynayıblar. Məsələn, onlar istəsəydilər, hərəsi bir tərəfdən "sevimi" Cəmil "professorlarının" yaxasından yapışıb, zınqırov təki müxətlif səslər çıxarardılar ki, bəkə Rauf Arifoğlunun səsini-küyünü batıralar. Ancaq batıra biləcəklərmi? Axı Rauf Arifoğlu hələ ötən dəfə xəbərdarlıq etmişdi ki, Cəmil Həsənli ilə Əli Kərimli onu işıq üzü görməyən faktları cəmiyyətə, ictimai rəyə aşmağa məcbur etməsinlər…
Rövşən NURƏDDİNOĞLU
P.S. Maraqlıdır, nəyə görə Müsavat rəhbərliyi müsavatçı Rauf Arifoğlunu açıq-saçıq müdafiə etmir, "Yeni Müsavat" qəzetinə çıxıb, "Milli Şura" rəhbərliyini suçlamır?