Politoloq: "Cəmil Həsənlinin boş ittihamlarının mənasızlığı başa düşüləcək və o, susub yerində oturacaq"
Rauf Arifoğlu: "Əli Kərimli heç zaman iqtidar olmayacaq, Cəmil Həsənli Rüstəm İbrahimbəyovdan da betər siyasi tale yaşayacaq"
Gültəkin Hacıbəyli: "Rauf Arifoğlu millət vəkili olmaq istəyir, ona görə belə edir"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə" "Milli Şura"nın sədri Cəmil Həsənli arasında davam edən savaş daha da böyüyür. Hər iki tərəf bir-birilərini təhqir etməkdən belə çəkinmirlər. Heç kimdə şübhə doğurmur ki, bu, həm də AXCP və Müsavat arasında gedən uzun illərin savaşının davamıdır. Demək olar ki, bu gün müxalifətin nəzarətində olan media C.Həsənli ilə R.Arifoğlunun bir-birilərinə qarşı təhqir dolu ittihamlarının dərc etməklə məşğuldur.
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli qeyd edib ki, Cəmil Həsənlinin bu şəkildə Rauf bəyə qarşı hücumunu gözləmirdi: "Sadəcə olaraq, onları bu mənasız ittihamlara son qoymağa və xüsusən də Rauf bəyi başını aşağı salıb özünün xalqa xeyir verən yaradıcılıq işi ilə məşğul olmağa çağırıram. Dünya dağılmayıb, bunların arasında nə olub ki?! Cəmil Həsənlinin sözü, deyəcəyi qurtarmayacaq?! Cəmil Həsənli boş yerə ittihamlar irəli sürür. Bir gün onun ittihamlarının mənasızlığı başa düşüləcək, yəqin ki, o da susub yerində oturacaq".
R.Arioğlu isə C.Həsənlinin ittihamlarına bu dəfə məqalə ilə cavab verib. O, məqaləsində yazır: "Tarix və vətəndaşlar qarşısında bütün məsuliyyətimlə ifadə edirəm bunları! Əli Kərimli heç zaman iqtidarda olmayacaq! Cəmil Həsənli gələn il bu zamanlar Rüstəm İbrahimbəyovdan da betər siyasi tale yaşayacaq. Bunları görmək o qədər bəsit ki!"
Bu şəxs arasındakı savaşın miqyası bir az da böyüyüb. Belə ki, Gültəkin Hacıbəylinin məsələyə müdaxilə etməsi "Yeni Müsavat" qəzetinin ona qarşı ittihamlar irəli sürməsi ilə nəticələnib. "Yeni Müsavat" qəzetinin 2008-ci ildə çəkilən Gültəkin Hacəbəyliyə aid videonu nümayiş etdirməsi vəziyyəti daha da çətinləşdirib. "Yeni Müsavat" video şərhdə yazır: "Keçmiş millət vəkili Gültəkin Hacıbəyli də "Yeni Müsavat"a qarşı başladılmış böhtan və iftira kampaniyasında ümumi xora qoşularaq qəzetimizi hakimiyyətə işləməkdə ittiham edib və qəzetin, onun rəhbərliyinin ünvanına xoşagəlməz ifadələr səsləndirib. İndiyədək apardığı ictimai-siyasi, eləcə də məişət məsələlərinə dair hüquqi mübarizədə dəfələrlə Gültəkin Hacıbəyliyə dəstək vermiş Musavat.com saytı sabiq deputatın öz bioqrafiyasından "parlaq" epizodlardan birini seçərək "hakimiyyətə işləməyin", "iqtidara yarınmağın" əsl sübutunu təqdim edir...".
Məsələyə G.Hacıbəylinin cavabı da çox gecikməyib. "Azadlıq" qəzetində "Gülətkin Hacıbəylidən Rauf Arifoğluna tərs sillə" başlıqlı məqalədə deyilir: "Rauf bəyə qarşı iradlar da onun hakimiyyətə xidmət etməsinə görə yox, bu xidməti açıq şəkildə deyil, gizlində, müxalifət, Müsavat ideologiyasına bürünərək göstərməsinə görədir. Rauf bəy millət vəkili olmaq istəyir. Niyə də istəməsin?"
Samir