Müxalifətdaxili intiriqalar əksər partiyaların sıradan çıxmasına gətirib çıxarıb. Xüsusilə də AXCP-Müsavat qarşıdurması daha gərgin olduğundan bu partiyalardan qopmalar digər partiyalarla müqayisədə daha çoxdur. AXCP sədri Əli Kərimli Müsavata qarşı mübarizəyə yeni-yeni fərdlər cəlb etməkdədir. "Milli Şura" deyilən qondarma qurumun sədri Cəmil Həsənlinin Müsavata qarşı ittihamlarla çıxış etməsinin arxasında Əli Kərimlinin sifarişinin dayandığını demək olar. Çünki C.Həsənlinin ittihamları Ə.Kərimlinin ənənəvi mübarizə metodlarından fərqlənmir. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs"ə verdiyi açıqlamasında bildirdi ki, istər Əli Kərimli, istərsə də İsa Qəmbər böyük ambisiyalrı uğurunda savaşırlar: "Ola bilsin ki, burada Əli Kərimlinin o qədər də marağı olması bu savaşda. Amma Cəmil Həsənlinin marağı var. Çünki Azərbaycanın yüksək səviyyədə keçirdiyi I Avropa Oyunlarından sonra ölkəmizi istəməyən bəzi xarici qüvvələrin qısqançılıq hissləri bir az da artacaqdır. Yəni Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq üçün bir alət kimi müxalifət qüvvələrindən istifadə etmək istyəcəklər. Bunun üçün də ölkəmizdə üç qüvvə var. Birincisi "Milli Şura", ikincisi Müsavat, üçüncüsü də AXCP-dir. Bunların arasında gedən savaşın Avropadan gələcək pula sahib çıxmaq uğurunda da ola bilər".
Təşkilat sədrinin sözlərinə görə, Cəmil Həsənli həmişə Əli Kərimlinin, Əli Kərimli də Cəmil Həsənlinin əli ilə oynayıb: "Bu baxımdan da, Cəmil Həsənlinin Müsavata qarşı ittihamlarla çıxış etməsinin arxasında Əli Kərimlinin sifarişinin dayandığını demək olar".
T.Novruzov onu da bildirdi ki, müxalifət partiyaları fəaliyyət göstərsələr də uğursuzluğa düçar olurlar: "Müxalifətin bugünkü acınacaqlı vəziyyəti mövcud səhv siyasət aparmaları ilə bağlıdır. Demək olar ki, müxalifət düşərgəsində olan bir sıra liderləri şəxsi ambisiyaları, müxalifətə özünü göstərməsinə imkan vermir və verməyəcək də. Bundan sonra da onların nə isə nailiyyət əldə edə biləcəkləri də inandırıcı görünmür. Bir sözlə, müxalifət düşərgəsində fəaliyyət göstərən partiyalar və onların liderləri tarixin arxivinə atılmağa məhkumdurlar".
GÜLYANƏ