Müxalifətin dağıdıcı qanadı öz maddi təminatlarını təsir altında saxladıqları QHT-lər vasitəsilə həll edirlər. Bu baxımdan vətəndaş cəmiyyəti institutu funksiyasını daşımalı olan QHT-lər siyasi maraqların icraçılarına çevrilirlər. Təbii ki, bu, qanunvericiliyin tələblərinə ziddir. Siyasi fəaliyyət yolu tutan QHT-lər mütləq cəzalanmalıdır.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda bir qrup müxalif siyasi qüvvələr və onların nəzarəti altında olan QHT-lər var ki, onlar Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə və ölkəmizin dünya dövlətləri arasında müsbət münasibətlərini pozmağa çalışırlar: "Bu da məqsədyönlü bir siyasətdir. Adıçəkilən qüvvələrə elə gəlir ki, bu cür vasitələrlə onlar öz siyasi iddialarını təmin edə və bunula da hər hansı bir xarici dəstəyi ala bilərlər. Ümumiyyətlə, bu kimi qüvvələrin apardıqları bütün səylərə baxmayaraq onların gördükləri iş sonda heç bir nəticə vermir və verməsi də mümkün deyil. Amma bu qüvvələr bir məsələni başa düşmürlər ki, onların maraqlarının təmin olunmasına yol açmır. Müxalifətyönlü QHT-lərin yersiz hərəkətlərə əl atması onlara baş ucalığı gətirən deyil. Əksinə, onları daha da gözdən salacaqdır".
"Demək olarmı ki, Əli Kərimli- İsa Qəmbər qarşıdurması həm də siyasiləşmiş QHT-lərin sıradan çıxmasına gətirib çıxarır" sualını cavablandıran R.Qonaqov bildirdi ki, müxalif QHT-lərin dağılmasının başlıca səbəbi liderlərin müstəqil olmamaları və biri-birinə qarşı olan düşməncilik münasibləridir: "Bu gün müxalifət liderlərinin biri-birinə qarşı olan düşmənçilik münasibləri onlar tərəfdən yaradılan blok və qurumların, eləcə də QHT-lərin dağılmasını şərtləndirən əsas amillərdən biridir. Bu da müxalifət partiyaların birləşməsinə yox, dağılmasına gətirib çıxarır. Bu gün müxalifətin, eləcə də QHT-lərin ümumi güc mərkəzi yoxdur. Bu şansın olması da mümkün deyil. Bir sözlə, hər zaman müxalifət məğlubiyyətə düçar olub və olacaq da".
GÜLYANƏ