PDF Oxu

Müxalifət

  • 1 162

KXCP-də vəziyyət yenidən gərginləşdi

KXCP-də vəziyyət yenidən gərginləşdi

Etirazçı fraksiyaçılar Mirmahmud Mirəlioğlunu pozuculuqla hədələdilər

Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) vəziyyət yenidən gərginləşməkdədir. Belə ki, partiyada qurultayöncəsi vəziyyət eynilə Müsavatda olduğu kimi görünür. Hələ bir neçə il önə, KXCP sıralarından qovulduqları iddia edilən tərəflər - Demokratik Birlik Fraksiyasının (DBF) üzvləri də bəyan edirlər ki, onlar bugünün özündə də klassik cəbhəçi olaraq qalmaqdadırlar və barələrində verilən qərarların heç birini legitim hesab etmirlər. Məsələn, DBF təmsilçisi İsmayıl Yusifov iddia edib ki, narazıların iştirakı olmadan keçirilən qurultayın nəticələri tanınmayacaq. Çünki bəllidir ki, avqustun 1-də KXCP-nin qurultayı keçiriləcək və bəlli olan da budur ki, qurultayda indiki sədr Mirmahmud Mirəlioğlunun növbəti dəfə namizədliyi irəli sürüləcək və o, səs çoxluğu ilə sədr seçiləcək.

Narazılar fraksiyasının təmsilçisi: "Biz KXCP sədri Mirmahmud Mirəlioğlunu məlumatlandırmışıq"

İsmayıl Yusifov bildirib ki, KXCP-nin qurultayı ilə bağlı həm idarə heyətinin, həm də ali məclisin qərarı var: "Mən KXCP daxilində fəaliyyət göstərən Demokratik Birlik Fraksiyasında təmsil olunuram. Fraksiyanın qərarı belə oldu ki, birtərəfli qurultaya getmək partiyanın parçalanmasına imza qoymaq deməkdir. Biz KXCP sədri Mirmahmud Mirəlioğlunu məlumatlandırmışıq. Demişik ki, bizim iştirakımız olmadan keçirilən qurultayın nəticələrini tanımayacağıq. Hesab edirik ki, Demokratik Birlik Fraksiyasında təmsil olunanlar da qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinə daxil edilməlidir. Həmin təşkilat komitəsinin nizamnaməyə uyğun olaraq keçirəcəyi qurultay legitim ola bilər".

İ.Yusifov qeyd edib ki, bu gün mediada ziddiyyətli xəbərlər oxuyur: "Məsələn, KXCP-dən deyirlər ki, 17 rayon şöbəsində konfrans keçiriblər. Əslində, bunlar mövcud olmayan rayon şöbələridir. Xəzər Teyyublu dizinin üstündə protokol yazır, 2-3 nəfərin adını da qurultay nümayəndəsi olaraq qeyd edir. Hesab edir ki, bu qurultaya hazırlıq, rayon şöbəsinin konfransını keçirmək deməkdir. Xeyr, belə ola bilməz. Bizim iştirakımız olmadan keçirilən qurultayın nəticələrini tanımayacağıq. Bu mövqeyimizi mətbuat və KXCP idarə heyətinin üzvlərinin vasitəsilə sədrə çatdırmışıq. Bu, faktiki olaraq partiyanın parçalanması demək olar".

İsmayıl Yusifov: "Qurultayda iştirak etməsək, onun nəticələrini legitim hesab etməyəcək, KXCP uğrunda mübarizəmizi davam etdirəcəyik"

Narazı klassik cəbhəçi əlavə edib ki, qurultayla bağlı Demokratik Birlik Fraksiyasının konkret mövqeyi var: "Qurultayda fraksiya mənim namizədliyimi irəli sürəcək. Mətbuatın, qurultay nümayəndələrinin, qonaqların iştirakilə seçkiyə gedəcəyik. Mən seçkilərdə qalib gələcəyimi bilirəm. Böyük ehtimalla qarşı tərəf də şəffaf seçkilərdə məğlub olacağını bilir. Qarşı tərəf bunu dəqiq bildiyi üçün iddia edir ki, KXCP-nin İsmayıl Yusifov adlı üzvü yoxdur. Bu da olduqca absurd cavabdır. Çünki mən 2006-cı ildən partiyanın üzvüyəm, sədrin müavini, 6 il idarə heyətinin üzvü olmuşam, ali məclisdə təmsilçiliyim olub. Eyni zamanda, KXCP xətti ilə deputatlığa namizəd olmuşam. Bu halda onlar mənim üzvlüyümü necə dana bilərlər? Sadəcə, məqsəd odur ki, fraksiyada təmsil olunan 26 rayon şöbəsi və şəxsən mən qurultayda təmsil olunmayım. Çünki bizim qurultayda iştirakımız qarşı tərəfin uduzması anlamını verir. Biz də qurultayda iştirak etməsək, onun nəticələrini legitim hesab etməyəcək, KXCP uğrunda mübarizəmizi davam etdirəcəyik. Yəni bizim qətiləşən və hamı tərəfindən qəbul edilən ortaq mövqeyimiz bundan ibarətdir. Qurultayın nəticəsi tanınmayacağı təqdirdə, fraksiya toplaşaraq ortaya mövqeyini qoyacaq və buna uyğun da addımlar atacağıq".

Bütün bunlar vəziyyətin yenidən gərginləşməsindən xəbər verir. KXCP rəhbərliyi elan edir ki, partiya daxilində Demokratik Birlik Fraksiyası mövcud deyil, İsmayıl Yusifov adlı partiya üzvü yoxdur. Qarşı tərəf isə özlərini KXCP-nin yaradıcıları qrupuna aid edirlər. Belə ki, Demokratik Birlik Fraksiyasını zamanında KXCP-də yüksək postlar tutan Ədalət Yusifov, İsmayıl Yusifov, Fikrət Cəfərli, Qaya Əliyev və digər şəxslər idarə edirlər. Belə olan halda KXCP-nin Müsavatsayağı parçalanması artıq an məsələsinə çevrilib.

Rövşən RƏSULOV

Digər xəbərlər