Azərbaycanda parlament seçkilərinin keçirilməsi vaxtı yaxınlaşdıqca müxalifət düşərgəsində ənənəvi proseslərin başlanması müşahidə olunur. Xüsusilə də, sosial bazalarının olmamasını bildikləri üçün "köhnə dəyirmana, yeni nır" vurmaqla "varlıqlarını" nümayiş etdirmək istəyən radikal müxalifət seçkiərəfəsi ölü qurumların yenidən "bərpası" təklifini irəli sürürlər. Ancaq bunun nə faydası, çünki "SİDSUH", "DUH", "DUBB", "YES", məşvərət məclisləri, "İctimai Palata" və digərlərinin acınacaqlı aqibəti göz qabağındadır. Bu uğursuzluqdan sonra yenidən utanmadan "AXP" sədri Pənah Hüseynlinin "İctimai Palata"nın yenidən bərpa olunması təklifi ilə çıxış etməsi, lap həyasızlığın son nöqtəsidr. Soruşa bilərsiniz ki, niyə? Çünki bu boyda biabırçı uğursuzluqdan sonra yenidən... abırsızlığın...
Xəyali parlament, yoxsa?..
Cəlil Məmmədquluzadənin məşhur "Ölülər"ini oxumayan, yəqin ki, ya yoxdur, ya da çox azdır. Əsəri mütaliə etməyənlər, yəqin, tamaşasına baxıblar. Müxalifətin "İctimai Palata" adlı qurum yaradıb 2010-cu ilin parlament seçkilərinin nəticələrindən narazı qalanları bura cəmləmək cəhdi nədənsə mənə Şeyx Nəsrullahın "ölü diriltməyini" xatırladır. Elə bilirəm, müxalifət ideoloqları bu qurum ətrafına toplananlara məhz Şeyx Nəsrullahsayağı vəd verir: "Bir yerə yığılın və gözləyin, "mandat"ınızı "dirildib" sizə peşkəş edəcəyəm". Görünür, P.Hüseynli qarşıdakı növbəti parlament seçkilərində istəyinin "faş" olacağına inandığı üçün "İctimai Palata"nın bərpası təklifini irəli sürür. Ancaq, necə deyərlər, qatar getdi. Artıq bitmiş bir prosesi çək-çevir etməyin nə mənası!
Onu da xatırladaq ki, sözügedən qurum AXCP və Müsavat Partiyası rəhbərləri və funksionerlərinin şəxsi ambisiyalarını təmin etmək məqsədilə yaradılmışdı. Ancaq ermənipərəst dairələr tərəfindən "Milli Şura" adlı qondarma ölü qurumun ortalığa atılması "İctimai Palata"nı sıradan çıxardı. Əslində, bu qurum da mahiyyəti, məramı və məqsədinə görə əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Söz yox ki, radikal müxalifət bu qurumları məqsədsiz yaratmır. Əsas məqsədləri isə düşmən dairələrdən çirkli pullar qoparmaqdır. Onlara qrantlar verən anti-Azərbaycan qrupları inandırmağa çalışırlar ki, guya yeni yaratdıqları qurum cəmiyyətin sosial-siyasi sifarişidir. Yalnız belə əhəmiyyətsiz qurumları yartmaqda mahir olan AXCP və Müsavat partiyasının rəhbərləri müxalifətin birlik görüntüsü nümayiş etdirmək üçün sonradan adı olub özü olmayan bir neçə partiyanı da öz sıralarına qoşurlar. Bununla da qrant almaq istədikləri antimilli dairələrə sübut etmək istəyirlər ki, guya bu təşkilat ayrı-ayrı partiyaların, onların rəhbərlərinin təşəbbüsü və siyasi maraqlarının ifadəsi qismində təşkil olunub. Həmin birliklərin saxta olması tez bir zamanda özünü büruzə verir. Elə buna görə də dağıdıcı müxalifətin yaratdığı qurumların ömürləri çox az olur və seçki başa çatan kimi tarixin arxivinə göndərilirlər. "SİDSUH", "DUH", "YES" və digərlərinin aqibətini indi "İctimai Palata" ilə "Milli Şura" da yaşamaqdadır. Bir vaxtlar AXCP sədri Əli Kərimli ilə Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər "İctimai Palata"nı müxalifətin mükəmməl "birlik forması" kimi təqdim edirdilər. Hətta İsa Qəmbər Almaniyada və Gürcüstanda Erməni Ümummilli Hərəkatının rəhbəri Aram Manukyanla əməkdaşlıq haqqında saziş imzalayanda da "İctimai Palata"nı uzun-uzadı tərifləmiş və bu qurumun müxalifətin birliyi sayəsində yarandığını bildirmişdi. İndi isə "İctimai Palata" da ömrünü başa vurub.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı mətbuata verdiyi açıqlamasında bildirib ki, "İctimai Palata" artıq ötən prezident seçkisi ərəfəsində öz missiyasını başa vurub. Ona görə də bu qurumun yenidən bərpasına ehtiyac yoxdur: "Prezident seçkiləri ərəfəsində meydana gələn "Milli Şura" "İctimai Palata"nın iflasını sürətləndirdi. "İctimai Palata"da təmsil olunan qüvvələrin tam əksəriyyəti, həm də "Milli Şura"da təmsil olunurlar. Ona görə də Pənah Hüseynlinin "İctimai Palata"nın saxlanılması və ya bərpası təklifi məqsədəuyğun deyil. Bizim müxalifət parlament seçkilərinə hazırlaşmaq əvəzinə bu cür yersiz təkliflərlə manipulyasiya etməyə üstünlük verirlər. Bu da belə düşünməyə əsas verir ki, bəzi partiyalar bu seçki ilini "ölü qurumları diriltmək"lə yola vermək istəyirlər".
Rəfiqə HÜSEYNOVA