PDF Oxu

Müxalifət

  • 979

KXCP böhranlı vəziyyətdə olarkən, həm də iki daş arasında

KXCP böhranlı vəziyyətdə olarkən, həm də iki daş arasında

"Azadlıq-2015", yoxsa "Milli Şura"?

Klassik Xalaq Cəbhəsi Partiyasının (KXCP) daha bir problemi meydana gəlib. Belə ki, adıçəkilən siyasi təşkilatda qurultayöncəsi qarşıdurmalar və narazılıqlarla yanaşı, parlament seçkilərinə hazırlıq məsələsində də əks-fikirlilik meydana çıxıb. İlk öncə xatırladaq ki, KXCP rəhbərliyi artıq bir neçə ildir ki, daxildə yaranmış və anti-Mirəlioğlu istiqamətində fəaliyyət göstərən "Demokratik Birlik" fraksiyası ilə bacara bilmir.

KXCP-nin qurultayında narazılar tərəfindən hazırlanmış sürprisləri gözləməyə dəyər

Xatırlatmaq yerinə düşərdi ki, "Demokrarik Birlik" fraksiyasının da əsas məqsədi məhz partiyanın sədri Mirmahmud Mirəlioğlunu təşkilatın rəhbəri postundan uzaqlaşdırmaq, sədrliyə yeni nəfəs gətirməkdən ibarətdir. Ancaq KXCP rəhbərliyi narazılıqlar və tələblər baş qaldırılan gündən başlayaraq onları istefaya göndəriblər, açıq şəkildə desək, qovublar. Düzdür, gedənlər və göndərilənlər bu gün də özlərini KXCP üzvü olduqlarını bəyan edirlər. Amma partiya rəhbərliyi belə düşünmür. Bu baxımdan, qurultaya hazırlaşdıqlarını deyən sədarət üzvləri əslində qurultayda nələrin baş verə biləcəyindən xəbərsizdirlər. Qısacası, KXCP-nin qurultayında narazılar tərəfindən hazırlanmış sürprisləri gözləməyə dəyər.

Mirmahmud Mirəlioğlunun "Demokratik Birlik" fraksiyasının üzvləri ilə yanaşı, "Milli Şura"da təmsil olunan partiya üzvləri ilə də qarşıdurması olacaq

Lakin daha bir məsələ yuxarıda da qeyd edildiyi kimi, partiyanın parlament seçkilərindəki iştirakı ilə bağlıdır. Məsələ ondadır ki, KXCP-nin bəzi üzvləri fərdi qaydada hələ də "Milli Şura"nın üzvü kimi qalmaqdadırlar. Baxmayaraq ki, sədr Mirmahmud Mirəlioğlu və onun müavinləri "Milli Şura"nın üzvlüyündən imtina edərək, Müsavatın ardınca oradan çıxıblar. Daha dəqiqi, KXCP sədarəti də Müsvat kimi "Milli Şura"nın Rusiyanın layihəsi olduğunu bəyan edərək, qeyri-milli siyasi layihədə iştirak etmək istəyində olmadığını deyib.

Bunun əvəzinə isə KXCP "Azadlıq-2015" siyasi blokuna daxil olub ki, oradan da parlament seçkilərinə qatılsın. Lakin burada növbəti ziddiyyətli məqamlar üzə çıxıb. Belə ki, bu ilin payızında keçiriləcək parlament seçkilərində KXCP namizədlərinin hansı birliyin iddiaçıları olub-olmayacaqları suallar yaradıb. Çünki bayaq da qeyd etdiyimiz kimi, "klassiklərin" bir qismi hələ də "Milli Şura"nın üzvü kimi qalmaqdadırlar və onlardan bir neçə nəfəri parlament seçkilərində namizədliklərini irəli sürəcəklərini deyiblər. Nəzərə alsaq ki, KXCP rəsmən "Milli Şura"nın üzvü deyil, onda M.Mirəlioğlunun "Demokratik Birlik" fraksiyasının üzvləri ilə yanaşı, "Milli Şura"da təmsil olunan partiya üzvləri ilə də arası soyuyacaq. Çünki həmin tərəflər də Mirəlioğlunun təmsil olunduğu "Azadlıq-2015" blokunu qəbul etmirlər.

Çöküşə doğru

Görək, KXCP sədri sözügedən mübahisəli məsələyə necə don geyindirir. Sitat: "Burada məsələ belədir. "Milli Şura" seçkilərdə iştirak edəcək ya yox, bu, onların daxili işləridir. Bizim hər birimiz "Milli Şura"nın fərdi üzvləri olmuşuq. Orada həm də partiya mənsubiyyətləri var idi. KXCP-nin "Milli Şura"ya daxil olmaq barədə qərarı yoxdur ki, oradan çıxmaq haqqında da qərarı olsun".

Göründüy kimi, Mirəlioğlu bununla demək istəyib ki, "Milli Şura"da fərdi qaydada təmsil olunan "klassiklər" parlament seçkilərinə qatılsalar, rəhbərlik onların namizədliklərini dəstəkləməyəcək. Çünki KXCP hazırda "Azadlıq-2015"də təmsil olunduğuna görə, onun üzvlərinin əlavə olaraq, "Milli Şura" təmsilçisi kimi seçkilərə qatılmaq iddiaları rəhbərliyə sərf etmir. Beləliklə, məsələ aydındır. Aydın olan isə budur ki, Mirəlioğlu bu dəfə vəziyyətdən çıxmağı bacarmasa, yəni partiyası qarşılaşdığı böhranlı vəziyyətdən xilas ola bilməsə, parlament seçkilərində növbəti uğursuzluğa düçar olsa, onun partiyası çökməkdən yaxa qurtara bilməyəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər