Müsavat partiyasında sular durulmamaqla yanaşı, partiyadaxili məsələlərdə ardıcıl ziddiyyətlər də artmaqda davam edir. Müsavat partiyası bir tərəfdən tərkibindən çıxaraq formalaşmış "Azərbaycan Demokratiya və Rifah" hərəkatının onu sıxışdıraraq, siyasi müstəvidə imic qazanmasına, o biri tərəfdən isə hələ də daxilində fəaliyyət göstərən narazı qrupların şıltaqlıqlarına tab gətirə bilmir. Beləliklə, artıq kifayət qədər parçalanmış, dağınıq və pərakəndə vəziyyətdə olan partiya demək olar ki, bir tükdən asılı qalıb. Arif Hacılı klanı isə partiyanı heç cür ağır durumdan çıxarmağa nail ola bilmir. Hətta sabiq başqan İsa Qəmbərin də ona göstərdiyi müəyyən dəstəyi səmərəli nəticə verməməkdədir. Məsələn, İ.Qəmbər zaman-zaman mətbuata çıxaraq, "müsavatçılıq ideologiyası" ətrafında çeynənmiş sözlərini təkrarlayıb, özünü A.Hacılıya dəstəkçi kimi göstərib. Amma müsavatçıların əksəriyyəti İ.Qəmbərin uzun illər bu təşkilata rəhbərlik etməsinə baxmayaraq, siyasi uğur əldə edə bilmədiyini əsas gətirərək, daha onun boş sözlərinə, lazımsız vədlərinə inanmadıqlarını aşkar tərzdə nümayiş etdirirlər.
Tural Abbaslı: "Bəzi şəxslər bizə qarşı çıxsalar da, bu bizi qətiyyən maraqlandırmır...Seçkiyə qatılmaqda qərarlıyıq"
Hazırda isə Müsavatın yaşadığı problemlərdən biri də partiyanın sabiq divan üzvü Tural Abbaslının parlament seçkilərində iştirakla bağlı gəldiyi qərardır. "Müsavat partiyasının son qurultayından narazı qalan müsavatçıların əksəriyyəti növbəti parlament seçkilərinə fərdi şəkildə qatılacaq"-deyə iddia irəli sürən Tural Abbaslı bununla Arif Hacılı klanına qarşı savaş cəbhəsi açdığını nümayiş etdirib. Bu amilin ən maraqlı məqamlarından biri də Tural Abbaslı uzun illər partiyanın gənclər komitəsinin üzvü olduğu üçün, ətrafında komanda yaratması amilidir. Bəli, məhz Tural Abbaslı tərəfdarları öz siyasi iddialarını reallaşdırmaqdan ötrü hətta Arif Hacılını başqanlıqdan devirməyə qədər gedə biləcək yolda addımlayacaqlarını gizlətmirlər. Məhz bu mühüm faktoru əlində əsas tutan Abbaslı qarşıdan gələn parlament seçkilərinə bir qrup narazı gənclə birlikdə qatılacağını inamla bildirib.
Tural Abbaslı həmçinin edəcəyi hücumla bağlı Arif Hacılı komandasını məlumatlandırdığını da deyib. O, bununla bildirmək istəyib ki, əgər Arif Hacılı onların qarşısını kəsmək istəyirsə, buyursun hərəkətə keçsin. Ancaq bu zaman daha sərt təpkilərlə qarşı-qarşıya qalmalı olacaq. Hətta düşünmək mümkündür ki, sabiq divan üzvü burada bir növ ultimativ tonda çıxış edərək, başqanlığa xəbərdarlıq verib. Çünki onun özü də yaxşı bilir ki, belə məsələlərdə Arif Hacılının qardaşı Mustafa Hacıbəyli Məclis üzvü kimi ortaya atılır və o özlərinə sərf etməyən istənilən məsələni "nizanaməyə zidd" kimi qiymətləndirir. Bu baxımdan, Tural Abbaslı qabaqlayıcı tədbir görərək, açıqlamasında bu məsləni də qabardıb Sitat: "Biz bu barədə partiyaya məlumat vermişik. Qərarımız partiyanın nizamnaməsinə heç bir ziddiyyət təşkil etmir. Ola bilər bəzi şəxslər buna qarşı çıxsınlar. Amma, bu bizi qətiyyən maraqlandırmır. Çünki seçkiyə qatılmaqda qərarlıyıq".
Partiya rəhbərliyi siyasi səriştəsizlikdə ittiham olunur
Beləliklə, Tural Abbaslı Müsavat rəhbərliyinə qarşı ciddi hücuma hazırlaşdığını gizlətmir. Hətta yaxınlarda siyasi təşkilatın güclü sunami ilə üz-üzə qalacağı da istisna olunmur. Bu sunamini isə bir neçə güclü dalğanın ardınca məhz Tural Abbası və tərəfdarları gətirmək ərəfəsindədirlər.
Lakin bütün baş verənlərə rəğmən, Müsavat funksioneri təşkilatın düşdüyü ciddi fəsadların aradan qalxması üçün Arif Hacılı komandasına məsləhət verməyi də unutmayıb. O, bununa bağlı bildirib ki, partiyanın problemdən yeganə çıxış yolu seçkiyə digər siyasi partiyalarla blok şəklində qatılmasıdır. Lakin belə bir rəhbərliyin fonunda bunun da baş tutması inandırıcı görünmür. Abbaslı bunu səriştəsizlərin çoxğluğu ilə əlaqələndirib: "Amma, təəssüf ki, bu gün partiyanın rəhbərliyində bu manevrləri edə biləcək insanlar azdır. Çünki, Müsavat partiyasının rəhbərliyində siyasi təcrübəsi az olan insanlar təmsil olunur. Ona görə də istəsələr belə bir bloku yarada biləcəklərinə şübhə edirəm".
Məsələ isə tamamilə aydındır. Əgər Müsavat başqanı Arif Hacılı hər hansı siyasi gediş edərək, düşdüyü çətin vəziyyətdən çıxa bilməsə, ona qarşı başladılan hücum qarşı tərəfin, yəni Tural Abbaslı cinahının qələbəsi ilə başa çata bilər.
Mübariz QULİYEV