PDF Oxu

Müxalifət

  • 1 000

Müsavat Partiyasında seçkiqabağı növbəti qalmaqal

Müsavat Partiyasında seçkiqabağı növbəti qalmaqal

Rauf Arifoğlu: "Bu insanlar cəmiyyəti zəhərləməklə, bulandırmaqla məşğuldurlar"

"Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlunun partiyadan istefa verəcəyi barədə fikirlərini soyuqqanlıqla qarşılayan Müsavat partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlının mətbuata verdiyi açıqlaması böyük qalmaqala səbəb olub. G.Aslanlı qeyd edib ki, R.Arifoğlu Müsavata partiya sıralarını tərk etmək barədə hər hansı bir rəsmi sənəd təqdim etməyib: "Müsavat partiyasından istefa vermək və ya qəbul olmaq haqqında müraciət edilərsə, buna partiyanın Nizamnaməsinə uyğun olaraq baxılır. Rauf Arifoğlunun müraciətinə də bu şəkildə baxılacaq. Bir də, R.Arifoğlunun partiyadan getməsi böyük hadisə deyil, gedirsə, getsin".

Rauf Arifoğlu: "Bir neçə ay öncə Müsavatdan gedənlərə "qalın" deyə xahiş edirdimsə, indi kimsəyə "gedin" deməyəcəyəm"

Müsavat funksionerlərinin açıqlamasına aydınlıq gətirən R.Arifoğlu bildirib ki, Gülağa Aslanlı kimilərin sözləri onun üçün o qədər də əhəmiyyətli deyil: "Dünyada qəbul olunan bir norma var ki, jurnalistlər konkret partiya üzvü olmurlar. Buna görə də çoxdan, neçə illər öncə verdiyim bir qərarı həyata keçirəcəyəm.

R.Arifoğlu onu da əlavə edib ki, həyatında əsas rolu 26 il öncə yaratdığı qəzet oynayır: "Seçim anıdır, bunu etmişəm, geriyə yol yoxdur. Bundan sonra da müstəqil şəxs kimi ictimai-siyasi fəaliyyət göstərəcəyəm. Məsələn, təsisçilərindən biri olduğum "Milli Strateji Düşüncə Mərkəzi"ndə fəaliyyətimi davam etdirəcəyəm. Mənə də, Müsavata da bu cür daha rahat olacaq".

"Yeni Müsavat"da çalışan digər müsavatçı jurnalistlərin qərarı ilə bağlı məsələyə R.Arifoğlu belə cavab verib: "Özləri bilərlər. Mən bir neçə ay öncə onlara "qalın" deyə xahiş etdim. Çünki təşkilatda vəziyyət fərqli idi. İndi kimsəyə "gedin" deməyəcəyəm. Hər kəs özü qərar verəcək".

"AXCP bolşevik təfəkkürlü insanlar olaraq cəmiyyəti zəhərləməklə, bulandırmaqla məşğuldurlar"

R.Arifoğlu AXCP və "Yeni Müsavat" qəzeti arasında başlanan növbəti ittihamlara da toxunaraq bildirib ki, AXCP sədri Əli Kərimli və siyasi mənada kültürsüz, gerilikçi, normal sivilizasiyanın və demokratiyanın qaydalarını bilməyən, mətbuat azadlığını, xüsusi şəxsə məxsus olan qəzetin sərhədlərini, azadlığını tanımayan bir dəstənin hakimiyyətə gəlməsindənsə, indiki hakimiyyətin iş başında qalması daha faydalıdır: "Əli Kərimli xəyanətkarlığı ilə yerində sayacaq və "bəlkə qaytardılar" utopiyadan uzağa gedə bilməyəcək. Çünki bir ovuc qalıblar. Hətta müxalifət təşkilatı kimi kadr potensialı olmayan bir təşkilatın hakimiyyətə gəlmək şansları yoxdur və olmayacaq da". Baş redaktorun fikrincə, bu dəstənin siyasətdəki rolu ancaq siyasi mühiti bulandırmaq, insanlara böhtan atmaq, onları şantaj etməkdən ibarətdir. Ə.Kərimli və dəstəsinə müalicəsi olmayan xəstəlik kimi yanaşan R.Arifoğlu bu təşkilatın funksionerlərini bolşevik təfəkkürlü insanlar hesab edir və deyir ki, bu insanlar cəmiyyəti zəhərləməklə, bulandırmaqla məşğuldurlar: "Başda Ə.Kərimli olmaqla AXCP kənardan idarə olunur. Ə.Kərimlinin bəzi yaxın adamları isə xaricə adam keçirib pul yığmaqla məşğuldur. Görün, bir siyasi partiya nə günə qalıb ki, siyasi dəllallıqla məşğul olaraq pul qazanırlar. Bu insanlar hansı üzlə hakimiyyət davası çəkirlər? Bir-birinin ünvanına söylədikləri ən ağır ifadələr göstərir ki, bu insanları siyasi əqidə yox, maddiyyat düşündürür".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər