Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir
- Elşən müəllim, AXCP-nin sədr müavini Əbülfəz Qurbanlının ardınca, Müsavatın qurucularından olmuş Rauf Arifoğlu da istefa qərarını açıqlayıb. Sizcə, bu istefaların səbəbini rəhbərliyə etirazla bağlı olduğunu demək olar?
Məsələ burasındadır ki, ən ağıllı və ən sadiq adamlar da artıq düşünmə məcburiyyətində qalıb. Düzdür, Əli Kərimli tip "başbilənlər" bunu dözümsüzlük kimi səciyyələndirir. Amma dözməli nə var ki? Hakimiyyət müxalifətə, onun tərəfdaşlarına hansı gücü, hansı məhrumiyyətləri tətbiq edir ki, hələ buna dözmək də lazım olsun? Heç bir! Diqqət edin, iqtidar ümumən müxalifətdən kənardı. Onların hətta mənasız mitinq təşəbbüslərinə qarşı belə çıxmır. Meydanı tam verib müxalifətin ovcuna ki, bacardığınızı eləyin. Bundan artıq nə mütərəqqilik gözləyir dağıdıcı müxalifət? Yoxsa gözləyir ki, Ə.Kərimlini zurna - balabanla hakimiyyət başına dəvət eləsinlər?. Bilirsiniz.... Ə.Kərimli bitib. Elə İ.Qəmbər də bitmişdi. Sadəcə A.Hacılı mövzusunu ortalığa atıb bir azca manevr etmək, bu bitimi uzatmaq istədilər. Fəqət alınmadı. Ona görə alınmadı ki, siyasi müxalifət gələcək dövrlər üçün başqan, sədr hazırlamamışdı, illər boyunca bu təşkilatlarda gənclərin amansız təqibi, onlara qarşı misli görünməmiş qısqanclıq vardı. Sonucda isə hamısı pərən- pərən oldu. İndi istefa verənlər də toxumluq qalanlar idi. Amma onlar da görünür, bu biabırçılığı artıq gözə ala bilməyiblər.
- Son 4 ildə AXCP sədri Əli Kərimlinin 5 müavini istefa verib. Bu fakt Əli Kərimlinin yararsızlığının bir nümunəsi sayıla bilər?
- Əli Kərimli büs - bütün pafosdan ibarət olan adamdı. Bu insan öz liderini satıb. Həm də pis satıb. Rəhmətlik Elçibəylə bağlı ifşaedici - saxta disklər yazdırıb, onu şantaj edib, öz rəhbərinin xəstəliyi haqda mətbuata yalandan böhtan dolu informasiyalar ötürüb, AXCP-ni faktiki olaraq parçalayıb. Beləsinin yanında müavinmi qalar? Qalmaz əlbət. Və ya siz son 4 ildən danışırsız. Bəs ondan qabaqkı illər? Üst - üstə 11 nəfər gedib. Təsəvvür edirsinizmi, 11 müavin!!! O zaman sual olunur: hamı pis oldu, bircə sənmi yaxşı oldun, ay Kərimli?! Fuad Mustafayev kimi adamı çərlədib çıxartdı təşkilatdan. O isə, Kərimliyə bütün fəaliyyəti boyunca ondan sadiq adam olmayıb. Həm, bildiyim qədər qohumluq münasibətləri də var idi. İndi görün nələr baş verib ki, Fuad bəy səssiz - səmiriz çıxıb gedib. Əlqərəz, bütün problemlərin başı Kərimlinin özüdür. Əli Kərimli elə bir tipdir ki, canavarla yola getmək olar, onunla yox.
- İstər Müsavatdan, istərsə də AXCP-dən olan istefalar onu deməyə əsas verə bilərmi ki, parlament seçkilərinə qədər bu partiyalar tamamilə sıradan çıxa bilər?
- Bundan artıq sıradan çıxası bir şeyləri qalıbmı ki? Bu təşkilatların hər ikisinin mühərriki ən az 3 dəfə yığılıb. Hələ 3-cüsü də güman ki, istisna olub. Bundan o tərəfə isə yol yoxdur. Azərbaycan müxalifəti yenilənməlidir. İnanın ki, bu aksiomadır. Yoxsa heç bir seçkidə maraqlı mübarizənin şahidi olmayacayıq. Və əmin olun: qaraguruhla vuruşmaq bizim özümüzə də xoş deyil. Biz də istəyərik, qarşımızdakı rəqib səviyyəli, kitab oxuyan, dünyagörüşlü olsun. Amma görünən budur ki, Əli Kərimli və onun quldurlarının ortalıqda göz mazol etməkdən savayı niyyətləri yoxdur. Olsun. Qəbulumuzdur. Zatən biz də öz qələbələrimizi ard-arda sıralama ənənəmizdən imtina etmirik və etməyəcəyik!
GÜLYANƏ