PDF Oxu

Müxalifət

  • 1 116

AXCP partiya olaraq buraxılacaq...

AXCP partiya olaraq buraxılacaq...

"Çünki, daxili çəkişmələr və qopmalarla daha çox Əli Kərimlinin rəhbərlik etdiyi partiya üzləşib"

Son vaxtlar müxalifət daxilində baş verən gərginlik partiyalardan kütləvi istefaların baş verməsinə gətirib çıxarmaqdadır. Son 4 ildə AXCP sədri Əli Kərimlinin 5 müavini istefa verib. Eləcə də Müsavat partiyasından bir neçə rayon təşkilatı buraxıldığını elan edib, kollegial orqanlarda təmsil olunan şəxslərin yarıdan çoxu istefa verdiyini bəyan edib. Bu faktlar bir daha müxalif partiyaların çöküşünün təsdiqi sayıla bilər.

Vəhdət partiyasının sədri Tahir Kərimli qəzetmizə açıqlamasında bildirdi ki, avtoritar rejim quran və başqalarını ittiham edərək özü bu cür əməlləri ilə partiyanı idarə edən şəxslər böhranlı vəziyyətlə üzləşməli idilər: "Yəni həmin partiyalarda təmsil olunan şəxslərin müəyyən məsələlərlə bağlı irəli sürdükləri təkliflərini qulaqardına vurmağın axırı da qopmalarla nəticələnməli idi. Həmin partiyada təmsil olunan şəxslərin özləri də çox gözəl bilirdilər ki, liderləri onları heç vaxt qələbəyə apara bilməz. Əksinə daha da məğlubiyyətə aparacaq. Bu baxımdan heç bir perspektivi olmayan AXCP, Müsavat və bu kimi digər partiyalardan istefa verirlər. Bu da onu göstərir ki, həmin partiya və rəhbəri liderliyə yaramır. Xüsusilə də, baş verənlərə əsasən demək olar ki, AXCP partiya olaraq buraxıla bilər. Çünki, daxili çəkişmələr və qopmalarla daha çox Əli Kərimlinin rəhbərlik etdiyi partiya üzləşib".

"İstər Müsavatdan, istərsə də AXCP-dən olan istefalar onu deməyə əsas verə bilərmi ki, parlament seçkilərinə qədər bu partiyalar tamamilə sıradan çıxa bilər" sualını cavablandıran partiya sədri bildirdi ki, ümumiyyətlə, müxalifət düşərgəsində olan partiyalar özləri üçün partiya olaraq var olsalar da cəmiyyət üçün həmin partiyaların heç bir əhəmiyyəti yoxdur: "Heç bir sosial gücə malik olmayan partiyaların nə isə bir iş görə bilməsi mümkün olan məsələ deyil. Sadəcə olaraq, bu gün həmin partiyalar öz qəzetləri vasitəsi ilə təbliğ olunurlar. Yəni, parlament seçkilərində adları çəkilən partiyalar var olsalar da nəticədə bu seçkilərdən onların nə isə bir uğur qazanmaq şansları sıfıra bərabər olacaqdır".

T.Kərimli onu da bildridi ki, müxalifət partiya rəhbərləri siyasi çəkiyə malik deyillər: "Müxalifət partiya rəhbərlərinin siyasi səhnədə qalıb qalmamasının heç bir əhəmiyyəti yoxdur. Müxalifət partiya liderləri də çox gözəl başa düşürlər ki, onları hər hansı bir siyasi uğur gözləmir. Bu gün həm AXCP, həm də Müsavat partiyaları kifayət qədər zəifləyiblər. Bunun da səbəbi AXCP və Müsavat partiyaları arasında olan gərgin münasibətlər və bir-birinə qarşı olan düşmənçilikdir. Bu cür qarşıdurma nəticə etibarı ilə hər iki partiyanın daha da zəifləyərək sıradan çıxmasına gətirib çıxara bilər".

GÜLYANƏ

Digər xəbərlər