PDF Oxu

Müxalifət

  • 7 096

Əbülfəz Qurbanlı məsələsi böyüyür

Əbülfəz Qurbanlı məsələsi böyüyür

AXCP strukturlarından istefalar davam edəcək

AXCP daxilində yaranımş hərc-mərclik böyüməklə yanaşı, partiyadan növbəti istefaların da baş verəcəyi gözlənilməkdədir. Lakin bütün bunlar əslində gözlənilməyən istefanın arxasınca yaşanır ki, burada əsas məsələ bilavasitə sədr Əli Kərimlinin avtoritar idarəçiliyi ilə bağlıdır. Məhz onun müavini Əbülfəz Qurbanlının da eyni səbəbdən getməsi artıq kimsəyə sirr deyil. Eləcə də ondan öncə AXCP-ni tərk edən cəbhəçilərin hər biri Əli Kərimli siyasətinə "yox" deməklə oranı tərk etdiklərini bildiriblər.

Seymur Həzinin pulunun kəsilməsi tələbini irəli sürmüş Həsən Kərimova və bu tələbi dəstəkləyən Əli Kərimliyə qarşı çıxan Əbülfəz Qurbanlı parlament seçkiləri öncəsi AXCP-yə problemlər yaşada bilər

Əbülfəz Qurbanlının istefasının köklü səbəblərindən biri də "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzi ilə bağlıdır. Artıq məsələ ilə əlqədar mətbuatda da yer alan informasiyalardan da görünür ki, AXCP-də kim Əli Kərimlinin sözünü təkrar edir və hətta sədr haqsız olsa belə onu dəstəkləyirsə, həmin adamlar partiyadakı mövqelərini qoruyub-saxlayırlar. Kim isə əksinə gedirsə, ədalətsizliyə qarşı iradını, ittihamını irəli sürürsə, həmin adamlar ya şantaj olunur, ya da onlar istefa vermək məcburiyyətinə qədər sıxışdırılırlar. Məhz Əbülfəz Qurbanlının "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Seymur Həzinin müdafiəsinə qalxması nəticədə onun istefası ilə nəticəsini tapıb. Məsələnin məğzi isə belədir ki, ortada daha bir fiqurant mövcuddur. O, AXCP ali məclisinin sədri Həsən Kərimovdur. Daha dəqiq desək, Seymur Həzi məlum məsələlərlə bağlı həbs olunduqdan sonra ona "Azadlıq"da aldığı əmək haqqından əlavə partiya tərəfindən müavinət ayrılıb. Qurumun son iclaslarının birində isə Həsən Kərimov Seymur Həziyə ayrılan əlavə müavinətə etiraz edərək, həmin pulun kəsilməsini tələb edib. Əbülfəz Qurbanlı isə Həsən Kərimovun bu tələbinə kəskin etirazını bildirib. Nəticədə tərəflər arasında ciddi qarşıdurma yaşanıb. AXCP sədri Əli Kərimli isə aranı sakitləşdirməsi yerinə, qarşıdurmaya son qoyması yerinə, köhnə alışanlığına sadiq qalaraq, odun üzərinə benzin töküb. Yəni haqlı, ədalətli olan tərəfi deyil, ədalətsiz və haqsız çıxış edən tərəfi - Həsən Kərimovu dəstəkləyib. Təbii ki, pərt vəziyyətə düşən sədr müavini Əbülfəz Qurbanlı bu olaydan sonra AXCP-ni tərk edəcəyini dəqiqləşdirib. Yuxarıda da qeyd olunduğu kimi, Həsən Kərimovdan fərqli olaraq, Əbülfəz Qurbanlı zaman-zaman Əli Kərimlinin siyasətində nöqsanlar olduğunu gizlətməyib. Bu isə Əli Kərimlinin ona qarşı heç də simpatiyasının olmadığını təsdiq edən ilk amillərdəndir. Ona görə də AXCP sədri rəyasət heyətinin iclasında müavini Əbülfəzi deyil, digər funksioneri, daim onun dediyini təkrarlayan, onu dəstəkləyən Həsən Kərimovun tərəfində dayanıb.

Ancaq daha bir məqama nəzər yetirsək, belə bir qənaətə gəlmək mümkün olar ki, Seymur Həzinin pulunun kəsilməsi tələbini irəli sürmüş Həsən Kərimova və bu tələbi dəstəkləyən Əli Kərimliyə qarşı çıxan Əbülfəz Qurbanlı parlament seçkiləri öncəsi AXCP-yə problemlər yaşada bilər. Çünki qarşıdan parlament seçkiəri gəlir və siyasi müxaluifət də bəyan edir ki, seçkilərə hazırlıq prosesinə başlanılıb. Nəzərə alsaq ki, AXCP-də fəaliyyət göstərən qollardan biri və əsası məhz Əbülfəz Qurbanlının tərəfində dayanır, bu zaman Əli Kərimlinin vəziyyətinin heç də yaxşıya doğru getmədiyini düşünmək mümkündür. Çünki Əbülfəz Qurbanlı uzun müddət AXCP-nin gənclər təşkilatına sədrlik edib. Bu gün isə onun ətrafında kifayət qədər tərəfdaşı var. Həta Əli Kərimlinin sosial şəbəkədəki söyüş və şantaj qrupunun əsaslı tərkibi Əbülfəz Qurbanlının tərəfdarlarıdır. Belə olan təqdirdə, artıq sabiq sədr müavini olan Qurbanlı sosial şəbəkədə Əli Kərimliyə və onun müavinlərinə qarşı geniş antikampaniya başlada bilər. Bu antikampaniya isə AXCP-nin parlament seçkiləri öncəki maraqlarına qurşaqaltı zərbə kimi dəyə bilər.

Daha öncə istefa verənlər Əbülfəz Qurbanlını dəstəklədilər

AXCP-dən çıxarılan və istefa verənlərin bu məsələyə mövqeləri də ilginc və maraqdoğurucudur. Belə ki, Əli Kərimlinin müavinlikdən azad etdiyi və sonradan partiyadan istefa verən Razi Nurullayev baş verənlərdən təəssüfləndiyini desə də baş verənlərin gözlənilən olduğunu da bildirib: "Bütün bunlar gözlənilən olsa da, sadəcə, təəssüfləndiyimi deyə bilərəm. Ümumiyyətlə, AXCP-də baş verənlərə təəssüf edirəm. Mən partiyanın keçmiş üzvü və Azərbaycanda müxalifətin nümayəndəsi kimi, ümumi xalqın maraqlarından çıxış edərək, bu kimi hallara təəssüflənirəm".

Zərifə Məhəddinova: "Uzun çəkmədi, vicdanın sızlayır ... bilirəm"

Daha bir sabiq AXCP funksioneri, Əli Kərimlinin onun üzünə qarşı çatışmayan cəhətlərini dediyinə görə oradan uzaqlaşan Zərifə Məhəddinova sosial şəbəkələrdə vaxtı ilə müdafiə olunmaması ilə bağlı qınaq dolu status paylaşıb. O, Əbülfəz Qurbanlıya xitabən yazıb ki, Əli Kərimli onu müşavirlikdən çıxararkən, Əbülfəz Qurbanlının onu deyil, Əli Kərimlinin qərarını dəstəklədiyini xatırladıb. Ancaq buna rəğmən, hazırda Əbülfəz Qurbanlının hazırkı məqamda eyni vəziyyətə düşdüyünü yazıb: "Bax onda, o məqamda, mənim haqqım tapdalananda, yersiz şər-böhtana məruz qalanda susdunuz ... Hərçənd ki, haminiz əsl həqiqətin nədən ibarət olduğunu, mənim kimlərin ambisiyasının qurbanı olduğumu bilirdiniz . Amma haqqın yanında ola bilmədiniz. Uzun çəkmədi, vicdanın sızlayır ... bilirəm".

Ağaşirin Tanrıverdioğlu: "Bir-iki aydan sonra Əli Kərimliyə sual versələr ki, rəyasət heyətinin neçə üzvü var, bilməyəcək...Açıq şəkildə bəyan etmişəm ki, Əbülfəzə dəstək olacam"

AXCP-dən çıxarılan sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu isə bilavasitə Əbülfəz Qurbanlının istefa addımını dəstəklədiyini deyib. "AXCP-də və digər qurumlarda vurulan qanadlar sonda gəncliyin ətrafında birləşəcək"-deyə qeyd edən keçmiş cəbhəçi funksioner növbəti istefaların da anonsunu verib. Sitat: "Bu günlərdə Əbülfəzdən sonra rəyasət heyətinin daha bir tanınmış üzvü istefa verəcək. Hamı bu istefadan şoka düşəcək...Bir-iki aydan sonra Əli Kərimliyə sual versələr ki, rəyasət heyətinin neçə üzvü var, bilməyəcək. Partiya o vəziyyətdədir ki, insanlar kənardan kömək axtarırlar. Hamı bütün iyrənclikləri görüb. Qurultayda Müsavatın qərargahının zalı da Əli Kərimliyə böyük gələcək. Açıq şəkildə bəyan etmişəm ki, Əbülfəzə dəstək olacam. Əlinin "zombi"ləri onu top atəşinə tutsalar, yanında olacağam. O, Əlinin yelkənsiz gəmisində batmaq istəmədi. Tənəzzülə doğru gedən partiyada qalmağın mənası yoxdur. Əbülfəz Əlinin küyünə gedib həyatını məhv elədi. 26 ilimi qurban verdim. Artıq başa düşmüşəm ki, Əli uğrunda imiş bu mübarizə. Əbülfəzin bu yaşında gerçəkləri görməsini qəhrəmanlıq sayıram. O, istefasında bəzi eyhamlar vurub. Deyib ki, çox şeylər edə bilərdim, amma imkan vermədilər. Bunu düz deyir".

Tanrıverdioğlu Əli Kərimlinin oğlunun 2013-cü il prezident seçkiləri ərəfəsində təbliğat vərəqələrini cırdığına görə həbs olunması ilə bağlı necə təlaş keçirdiyini də xatırladıb: "Əli hakimiyyətə gəlmək üçün mübarizə aparmır. Partiyadan biznes kimi istifadə edir. Sadəcə, partiyanı gündəmdə saxlamaq üçün 5-10 "zombi"dən istifadə edir. Dəridən-qabıqdan çıxaraq, mandat uğrunda mübarizə aparır. Oğlu həbs olunanda deyirdi ki, əqidə, amallar uğrunda mübarizə aparıram, hakimiyyəti dəyişmək uğrunda yox. Niyə? Çünki oğlu həbsxanada idi. İndi mübariz gənclik həbsdədir. İndi yazmır ki, biz əqidə uğrunda vuruşuruq. Oğlunun 25 günlük həbsinə görə az qaldı siyasətdən getsin. 7-8 il iş alan gənclərin talelərini hansı vicdanınıza sığışdırırsınız?"

Göründüyü kimi, AXCP artıq düşdüyü məhvolma burulğanında çabalayır və bütün bunların arxasında dayanan əsas faktor Əli Kərimli xislətidir. Uzun illər öncə iderinə qarşı xəyanət edib, hayla AXCP-ni ələ keçirmiş Əli Kərimli və onun komandası artıq vayla getmələri barədə düşünməyə başlayıblar. Bu, bir reallıq və aksiomadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər