PDF Oxu

Müxalifət

  • 1 287

Uğursuz yolun çıxılmaz labirinti

Uğursuz yolun çıxılmaz labirinti
Və ya yaradılacaq növbəti "birliklər" də düşərgənin passiv vəziyyətdə qalacağını şərtləndirir

Növbəti dəfə müxalifət qarşıdakı parlament seçkilərinə "birliklər"lə gedəcəyini bəyan edir. Bu yerdə deyilir "utanmasan, oynamağa nə var ki". Biz deyəndə ki, bu müxalifət "xəstədir" deyirlər ki, böhtandır. Əgər belə olmasaydı, o zaman hər seçkiöncəsi yaratdığınız qurumların iflasa uğuradığını görə-görə yenidən bir də bu yolu getməyin nə faydası? Ancaq bir məsələ var ki, öz siyasi ömrünü çoxdan başa vuran dağıdıcı müxalifət hər seçki öncəsində olduğu kimi, bu dəfə də iflasa məhkum olacağını qabaqcadan gördükləri üçün qurumlarla gündəmdə qalmaqda ümid bəsləyirlər. O səbəbdən ki, ötən 22 il ərzində müxalifətin çoxlu sayda birlikləri, siyasi və ya seçki blokları ən müxtəlif adlarla mövcud fəaliyyət göstərmiş və son nəticəsi uğursuzluq olub. Çünki onlar hamısı şəxsi təşəbbüslə, şəxsi maraqlar, yaxud birlik yaratmaq məqsədilə deyil, digərinin sosial bazasını ələ keçirmək üçün qurulan təşkilatlardır.

Ərəstun Oruclu: "Yanlış prinsiplər üzərində qurulan koalisiyalar uzunömürlü olmur, ola da bilməzlər"

"Şərq-Qərb" Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, müxalifətin birlik modellərinin uğursuzluğa düçar olmasının səbəbi fərdlər üzərində qurulmasıdır: "Nə qədər ki, müxalif koalisiyalar dəyərlər, prinsiplər, hədəflər, mövqelər üzərində deyil, fərdlər, partiyalar, qruplar üzərində qurulub, mən şəxsən bundan heç bir nəticə gözləmirəm. Çünki nə qədər ki, bu birliklər fərdlər üzərində yaranıb və onun mübahisəsi gedirsə ki, kim sədr olsun, ya olmasın, bu qrupun kvotası pozuldu və sair, bu şeylərin perspektivi sıfırdır. Yanlış prinsiplər üzərində qurulan koalisiyalar uzunömürlü olmur, ola da bilməzlər".

Sərdar Cəlaloğlu: "AXCP-Müsavat müxalifətin uğursuzluğunun səbəbkarı və günahkarı olduğunu etiraf etməlidir""

Müxalifətin 22 ildə uğursuzluğa düçar olmasınının səbəblərinə aydınlıq gətirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, 22 ildə müxalifətin məğlubiyyətləri AXCP-Müsavatın adına yazılmalıdır: "Müxalifətin genişlənməsi və güclənməsi istiqamətində hər hansı nailiyyət əldə edə bilməyib. Əksinə, ilbəil geriləmələr müşahidə olunub. Ona görə də, AXCP-Müsavat aparıcı olmaq iddiasından imtina etməlidir. Çünki onların aparıcılıq iddiasında olması müxalifətə heç bir töhfə verməyib".

S.Cəlaloğlu onu da bildirib ki, kim ki deyirsə mən müxalifətin əsas gücüyəm, o da müxalifətin bütün uğursuzluğuna cavabdeh olmalıdır: "Lakin desələr ki, bu uğursuzluqların mənə aidiyyatı yoxdur, bu da çox gülünc səslənir. AXCP-Müsavat müxalifətin uğursuzluğunun səbəbkarı və günahkarı olduğunu açıq etiraf etməlidir. Yox, əgər etmirlərsə, o zaman bu partiyaları müxalifətin aparıcı qüvvələri kimi təqdim etmək düzgün deyil"".

Rəfiqə HÜSEYNOVA