PDF Oxu

Müxalifət

  • 1 203

AXCP-də istefalar davam edir

AXCP-də istefalar davam edir
Əli Kərimli bu prosesin qarşısını almaqda acizdir

Son günlər AXCP daxilində yaranımş hərc-mərclik və qarşıdurmalar partiyadan ardıcıl olaraq istefaların baş verməsinə gətirib çıxarıb. Əslində bu istefaların baş verməsi gözləniləndir. Çünki AXCP sədri Əli Kərimlinin avtoritar idarəçiliyi artıq onun müavinlərinin, o cümlədən bu günlərdə partiyanın sədr müavinliyindən istefa verən Əbülfəz Qurbanlının da "Yurd" şefinə "yox" deməklə oranı tərk etməsinə vadar edib.

Keçmiş cəbhəçilərdən real açıqlamalar

"AXCP-də nələrin baş verdiyini heç Əli Kərimlinin xidmət göstərdiyi, pərəstiş və əməkdaşlıq etdiyi şeytan da bilmir"- bu sözləri "Azadlıq" qəzetinin keçmiş yazarı Mirzə Sakit deyib və AXCP-dəki durumu dözülməz adlandırmışdı.

AXCP-nin Yasamal rayon təşkilatı Ali Məclisinin keçmiş sədri Mürsəl İbrahimov isə istefa verərəkən bildirmişdir ki, Ə.Kərimlinin diktaturası altında fəaliyyət göstərən, antimilli əməllərə sahib olan AXCP-də daxili durum çox gərgindir: "Qalan partiya funksionerləri bu partiyanın antimilli əməllərinə etiraz edərək radikal qurumdan uzaqlaşmağı məsləhət görürəm. Ona görə də özünüzü AXCP-də davam edən ziddiyyətlərin, anti-demokratik mühitin qurbanı etməyin. Mən son zamanlar baş verən olaylarda AXCP sədri Ə.Kərimlinin dövlətçilik əleyhinə olan prinsipsiz hərəkətlərindən hiddətlənərək AXCP sıralarını tərk edirəm".

AXCP-dən istefa verən Razi Nurullayev də baş verənlərdən təəssüfləndiyini desə də baş verənlərin gözlənilən olduğunu da bildirib: "Bütün bunlar gözlənilən olsa da, sadəcə, təəssüfləndiyimi deyə bilərəm. Ümumiyyətlə, AXCP-də baş verənlərə təəssüf edirəm. Mən partiyanın keçmiş üzvü və Azərbaycanda müxalifətin nümayəndəsi kimi, ümumi xalqın maraqlarından çıxış edərək, bu kimi hallara təəssüflənirəm".

AXCP-dən çıxarılan sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu isə bilavasitə Əbülfəz Qurbanlının istefa addımını dəstəklədiyini deyib. Tanrıverdioğlu Əli Kərimlinin oğlunun 2013-cü il prezident seçkiləri ərəfəsində təbliğat vərəqələrini cırdığına görə həbs olunması ilə bağlı necə təlaş keçirdiyini də xatırladıb: "Əli hakimiyyətə gəlmək üçün mübarizə aparmır. Partiyadan biznes kimi istifadə edir. Sadəcə, partiyanı gündəmdə saxlamaq üçün 5-10 "zombi"dən istifadə edir. Dəridən-qabıqdan çıxaraq, mandat uğrunda mübarizə aparır. Oğlu həbs olunanda deyirdi ki, əqidə, amallar uğrunda mübarizə aparıram, hakimiyyəti dəyişmək uğrunda yox. Niyə? Çünki oğlu həbsxanada idi. Oğlunun 25 günlük həbsinə görə az qaldı siyasətdən getsin. 7-8 il iş alan gənclərin talelərini hansı vicdanınıza sığışdırırsınız?"

Göründüyü kimi, AXCP artıq düşdüyü məhvolma burulğanında çabalayır və bütün bunların arxasında dayanan əsas faktor Ə.Kərimli xislətidir. Dolayısıyla, Ə.Kərimlinin partiya daxilindəki repressiv siyasəti, üzvlərin rəylərinin heç bir halda nəzərə alınmaması, həmçinin, yuxarıdakı bəyanatda qeyd edildiyi kimi, dövlətçilik əleyhinə davranışlar sərgiləməsi AXCP daxilindəki antaqonist ziddiyyətlər və qarşıdurma meyillərini daha da şiddətləndirib. Hətta bu gün partiya daxilində ciddi qütbləşmə və qruplaşma tendensiyası hökm sürməkdədir. Müşahidələr onu deməyə əsas verir ki, AXCP qarşıdakı zaman müddətində ciddi kataklizmlər, hətta parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Hər halda, zaman bu dağıdıcı qurumun aqibətinin nə olacağını nümayiş etdirəcək. Öncədən proqnoz vermək isə heç də çətin deyil: siyasi iflas! Zatən görünən odur ki, "Milli şura" adlı qondarma qurum digər dağıdıcı ünsürlər kimi AXCP-nin də son dayanacağı idi və Ə.Kərimlinin rəhbərlik etdiyi bu antimilli partiyanı aci tale gözləyir...

Rəfiqə HÜSEYNOVA