TƏRS BAXIŞ
Azərbaycan xalqının milli azadlıq hərəkatı dövründə yaranmış AXC (Azərbaycan Xalq Cəbhəsi) sonradan - ölkəmiz müstəqillik əldə etdikdən sonra partiyaya çevrilərək, AXCP adı altında siyasi təşkilat kimi fəaliyyətini davam etdirməyə başladı. Ümumiyyətlə, ard-arda yaranan partiyalar ölkədə siyasi ab-havaya qoşulmağa başladlar. Lakin məsələ bunda deyil. Belə ki, iyulun 26-da xalqın milli azadlığı fonunda yaranan Xalq Cəbhəsinin (hansı ki, o artıq bir tarixə çevrilmişdir R.N.) növbəti ildönümüdür və bu halda onun adını özünküləşdirənlər özünüreklam etməyə çalışırlar. AXCP sədri Əli Kərimli bir tərəfdən, AXCP-nin şöbəsi kimi fəaliyyət göstərən "Milli Şura"nın sədri Cəmil Həsənli də bir tərəfdən az qala AXC-nin yaranmasını öz adlarına çıxarmağa cəhdlər göstərirlər. Əlbəttə ki, AXCP-nin mərhum lideri Əbülfəz Elçibəyin adından öz səmərələri, reklamları, təbliğatlarında sui-istifadə etmələri üçün. Guya bunlar həqiqətən də "Xalq Cəbhəsi" adını "əziz" tutaraq, onun yolunda "ölməyə" hazır olduqlarını göstərirlər. Təbii ki, nə Əli Kərimlinin, nə də ki, Cəmil Həsənlinin AXC-nin qurulmasında heç bir rolları olmayıb. Əslində AXC-nin AXCP-yə çevrilməsindən sonra Ə.Kərimli başda olmaqla, elə C.Həsənli "Yurd" daxilində bu təşkilatı içdən parçalamağa balşadılar. Daha dəqiq desək, Əbülfəz Elçibəyin oradan uzaqlaşdırılması yönündə planlar, işlər qurmağa başladılar. Məhz indi bunların belə cah-cəlallı, bəh-bəhatlı şəkildə "AXC" deyib, "səcdəyə" getmələri həqiqətən də ikiüzlülüyün, əqidəsizliyin, ləyaqətsizliyin bariz göstəricisidir.
C.Həsənli Əbülfəz Elçibəyi "lider" adlandırır, az qala cəbhəçiliyi siyasət "allahı" olduğunu dilə gətirir, ancaq o biri tərəfdən də unudur ki, bu gün Əbülfəz Elçibəyin ölümü ilə bağlı istintaq gedir və hazırda yalmandığı Ə.Kərimli onun ölümündə əsas şübhəli şəxs kimi qalmaqdadır.
Daha bir məsələ isə C.Həsənlinin özünün də etiraf etdiyi kimi, 2005-ci ilin sonlarına qədər AXCP-nin üzvü olduğunu deməsidir. Guya o, həyatının ən yaxşı illərini də AXCP-də keçirib, "milli", "mənəvi" bioqrafiyasında cəbhənin xüsusi rolu varıymış. Bu zaman sual yaranır ki, əcəba, əgər Cəmil Həsənli AXC-də olarkən, ömrünün ən yaxşı illəri orada keçərkən, nəyə görə həmin təşkilat sıralarını tərk etdi? Hansı səbəbdən "ömrünün ən yaxşı vaxtlarından" imtina edib, oradan uzaqlaşdı? Bu sualın cavabı MANDATDIR! Deputatlıq mandatdı... Bir mandata görə cəbhə sıralarına, Ə.Kərimliyə, eləcə də reklam kimi istifadə etdiyi Əbülfəz Elçibəy ideologiyasına TÜPÜRƏRƏK parlamentin iclaslarına qatılan C.Həsənli sübut etdi ki, o ƏQİDƏSİZ birisidir və ondan heç vaxt insan üçün əhəmiyyət etalon faktoru daşıyan bu amili gözləməyə dəyməz. Bunun da sübutu var...
Sübutu isə belədir ki, indi də həmin Cəmil Həsənli 2010-cu ildə deputat seçilmədiyinə görə, arxasını çevirib, AXCP-yə sarı cumub. Daha öncələr də dediyimiz kimi, tüpürdüyü qazana baş vuraraq, tüpürdüklərini yalamağa başlayıb. Bir sözlə, SİYASİ YAL(T)AQLIĞINI aşkar, bariz şəkildə göstərib. Bax beləcə, növbəti dəfə Cəmil Həsənlinin "kimliyi" sübuta yetirilib. Yəqin ki, artıq şərhə də ehtiyac qalmır...
Rövşən RƏSULOV
P.S. Baxarsınız, Cəmil Həsənli Allah eləməmiş deputat-zad seçilsə yenidən tüpürəcək AXCP-yə və gedib oturacaq. Sonra da gəlib kəsdirəcək redaksiyamızın qapısını ki, AXCP-nin, Əli Kərimlinin ölkə üçün nə qədər zərərli olduğu barədə açıqlamalar versin. Ruslar demişkən, "kak v starıye vremena".