PDF Oxu

Müxalifət

  • 3 066

"Azadlıq" radiosunun indiki gerçək üzü

"Azadlıq" radiosunun indiki gerçək üzü
Ölkəmizdəki fəaliyyətinə sovet hakimiyyətinin son illərindən başlayan "Azadlıq" radiosunu Azərbaycanda milli azadlıq hərəkatının vüsət aldığı zamanlarda sadə Azərbaycan xalqı Mirzə Xəzərin təqdimatında Münhendən yayımlanan bütün verilişlərini böyük maraqla dinləyirdi. O zamanlar "Azadlıq" radiosu kapitalist dünyasından təcrid olunmuş, bir növ informasiya blokadasında yaşayan sovet vətəndaşları üçün, demək olar ki, əsas xəbər qaynağı, informasiya mənbəyi idi. Xalqımızın milli azadlıq mübarizəsi zamanı dünyanın altıda birini əhatə edən böyük bir dövlətin daxilində yaşayan xalqların milli hisslərinin qaldırılmasında və sovet hakimiyyətinə qarşı mücadiləyə təhrik olunmasında bu radionun da önəmli rolu mövcud idi. Müstəqilliyimizi bərpa edəndən sonra ölkədə azad mətbuat ortaya çıxdı və xarici yayımlara tələbat azaldı. Lakin bu qlobal yayım qurumları ölkəmizdə olan media azadlığından yararlanıb paytaxtımızda bürolarını açdılar və ölkənin içində fəaliyyət göstərməyə başladılar. 2009-cu ildə ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq, sözügedən radioların yerli dalğada yayımı dayandırıldı, lakin bu media orqanları öz fəaliyyətlərini uzun dalğada, peyk yayımı və internet üzərindən keçərək davam etdirirlər. Təəssüf ki, hazırda həmin radiolar, xüsusilə də, "Azadlıq" radiosu o zamanlardan fərqli olaraq, anti-Azərbaycan siyasəti yürüdür. Radionun verilişlərini və internet saytında yaydığı məqalələri analiz etdikdə, ortaya maraqlı mənzərə çıxır- "Azadlıq" radiosu bütün fəaliyyətini Azərbaycanda siyasi, dini, sosial gərginliyi artırmağa, cəmiyyətdə qarşıdurmalar yaratmağa istiqamətləndirib. ABŞ dövlətinə məxsus olan və Vaşinqtondan idarə olunan bu radio radikal dindarların icazəsiz aksiyalarını necə dəstəkləyir, dövlət və cəmiyyətlə dindarlar arasında münasibətləri gərginləşdirmək üçün hansı texnologiyalardan istifadə edir? Hansısa sosial problemləri qabardaraq insanlarda dövlətə qarşı inamsızlıq yaratmaq, hakimiyyət-cəmiyyət münasibətlərini qəsdən gərginləşdirmək üçün hansı oyunlardan çıxır? Özü də bütün bunlar demokratiya, insan haqları kimi adlar altında necə cəmiyyətə sırınır?

"Azadlıq" radiosunun ermənipərəst mövqeyi

Maraqlı digər məqam isə, "Azadlıq" radiosunun ermənipərəst mövqe ortaya qoymasıdır. Bu radionun Azərbaycandakı bürosu bütün fəaliyyətini ölkədə çaxnaşma yaratmağa hesablanıb. Məntiqlə Ermənistanda da belə olmalıydı. Amma belə deyil! Bu ölkədəki "Azadlıq" radiosu Ermənistanın çoxsaylı problemlərini, insan hüququ pozuntularını, anti-demokratik rejimi tənqid etmək əvəzinə, bütün gücünü Azərbaycan əleyhinə informasiyalar yaymağa sərf edir. Ancaq unudulur ki, Azərbaycan ABŞ-ın strateji müttəfiqidir, Ermənistan isə Rusiyanın. Azərbaycan bütün məsələlərdə - iqtisadi, hərbi, siyasi sahələrdə ABŞ-la və Avropa ilə fəal əməkdaşlıq edir, Ermənistan Rusiya ilə. Azərbaycan Qərb dəyərlərini, Qərb demokratiyasını üstün tutur, Avropaya inteqrasiya edir, Ermənistan Rusiyaya. Azərbaycan çoxmillətli, çoxdinli tolerant ölkədir, Ermənistan isə, monoetnik ölkə, bölgədə etnik təmizləmə siyasəti həyata keçirən işğalçı və terrorçu dövlətdir. Belə situasiyada "Azadlıq" radiosunun fəaliyyəti ilk baxışda heç də məntiqli və ağıllı görünmür.

Rəfiqə HÜSEYNOVA