Növbəti parlament seçkilərinə 3 aydan çox qalmasına baxmayaraq, müxalif düşərgədə yer alan siyasi partiyalarda seçkilərə hazırlıq yox dərəcəsindədir. Hələlik müxalifət nə partiyaları platformalarını nümayiş etdirib, nə də hazırlıqla bağlı çıxışlar edirlər. Amma hakim Yeni Azərbaycan Partiyasında (YAP) fərqli mənzərə müşahidə olunur.
Partiyanın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, YAP-ın ümumrespublika müşavirəsində parlament seçkiləri ilə bağlı tapşırıqlar verilib: "YAP parlament seçkisində bütün seçki dairələrindən namizəd irəli sürəcək. YAP 125 seçki dairəsinin hər birindən seçicilərin etimadını qazanacaq, vətəndaşların dəstəklədiyi və istədiyi namizədləri irəli sürəcək. Biz partiya olaraq Azərbaycan cəmiyyətinin istəyinə uyğun şəkildə proqram müəyyən edirik. Şəhər və rayonlarda namizədlərlə bağlı araşdırmalar aparmışıq. YAP vətəndaşların dəstəklədiyi şəxslərin namizədliyini irəli sürəcək".
S.Novruzov YAP-ın ümumrespublika müşavirəsində parlament seçkiləri ilə bağlı tapşırıqların verildiyini də xatırladıb: "Müşavirədə partiyanın yerli təşkilatlarına şəhər və rayon seçki qərargahlarında təmsil olunacaq şəxslərin siyahısını hazırlamaq tapşırığı verildi. İmza toplayan şəxslərin də siyahısı hazırlanmalıdır, onlar üçün treninqlər təşkil edilməlidir. Yaxın günlərdə bu işlərə start veriləcək".
Siyasilərin fikrincə, müxalif cəbhədəki süstlüyün obyektiv səbəbləri var. Onların bu seçkilərə də hazır olmadığı müşahidə edilir. Odur ki, artıq indidən nəticələrin necə olacağı bəllidir.
Müxalifət düşərgəsi "ölüm ya olum" dilemması qarşısında
Ardıcıl məğlubiyyətlər seriyasında sayı sonsuz olan, onsuz da seyrək olan tərəfdarlarını itirə-itirə gedən dağıdıcı müxalifət bu seçkilərdə hansı nəticələri göstərə biləcək?
Düşərgəyə ötəri nəzər salmaq kifayətdir. Ardıcıl olaraq 20 ildən artıqdır ki, bütün seçkilərdə məğlubiyyətə uğrayan müxalifət artıq siyasi ömürlərinin sonuncu payızını yaşamaqdadırlar. Elə bu baxımdan da payızda keçiriləcək parlament seçkilərini müxalifət üçün "ölüm ya olum" dilemması arasındadır. Belə ki, Müsavat partiyası faktiki olaraq AXCP ilə yollarını ayırıb və adıçəkilən qurumlar bu gün faktiki olaraq düşmənçilik münasibətindədir. Onlar ümumi rəqib saydıqları hakimiyyətdən daha çox bir-birilə mübarizə aparır ki, bu da öz növbəsində düşərgənin parçalandığını təsdiq edən faktor kimi çıxış edir.
Azərbaycan Demokrat Partiyası ilə bağlı vəziyyət isə bir qədər fərqlidir. Adıçəkilən və bir vaxtların ən radikal qruplarından sayılan ADP hazırda konstruktiv mübarizə üsullarına üstünlük verdiyini bəyan edib. Bu isə Azərbaycanda radikalizmin tamamilə iflasa uğradığını göstərməklə yanaşı, hakimiyyət-müxalifət münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığından xəbər verir.
Faktiki olaraq AXCP-dən başqa heç bir siyasi qurumun qatılmadığı "Milli Şura"ya gəlincə isə, ölü qurumun adından başqa heç nəyi yoxdur. AXCP üzvlərinin təşkil etdiyi "Milli Şura"nın parlament seçkilərindəki məğlubiyyəti bəri başdan proqnozlaşdırıla bilən ehtimallardan sayılmalıdır.
Odur ki, parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının təntənəli qələbə qazanacağı daha real görünür. Parlamentdə təmsil olunacaq müxalifət təmsilçilərinin kimliyinə gəlincə isə hər şeydən öncə qeyd olunmalıdır ki, onların sayı o qədər də çox olmayacaq. Konstruktiv düşərgə təmsilçiləri olan və hazırda da parlamentdə təmsilçilik qazanmış bəlli müxalifət partiyalarının bu seçkilərdə də kiçik uğurlar qazanacağı istisna olunmur. Bu isə artıq Azərbaycanda radikal müxalifətçilik düşüncəsinin "dəfn olunduğu" anlamına gəlməlidir.
Beləliklə, qarşıdan gələn parlament seçkiləri dağıdıcı müxalifətin "sonuncu payızı" olacağı ehtimalını təsdiqləyir.
Ü.ƏSGƏROV