İstefaya gedənlər isə partiya sədrinin əməllərini ifşa etməkdədirlər
AXCP-də vəziyyət getdikcə kritik həddə doğru yönəlməkdədir. Məsələ ondadır ki, partiyada Əli Kərimlinin siyasətini tənqid edənlər, təşkilatdaxili qruplaşmalar barədə mətbuata informasiya sızdıranlar dərhal partiyadan uzaqlaşdırılır və onlar sədr tərəfindən xəyanətkar elan olunurlar. Onu da qeyd etmək lazımdır ki, Ə.Kərimlinin qurultayla bağlı planları da ifşa olunmaqdadır. Bütün bunlar isə onun yaxın gələcəkdə onun partiya rəhbəri vəzifəsində qalmasına kifayət qədər əngəllər yaradır. Məhz qruplaşmalararası münaqişələrin də yaranması bu müstəvidə cərəyan etməkdədir.
Bu arada, bir neçə ay öncə AXCP-dən çıxarılan partiyanın Nərimanov şöbəsinin təşkilati məsələlər üzrə şöbə müdiri Ağaşirin Tanrıverdioğlu açıqlamasında Rafiq Daşdəmirlinin başına gətirilənlər barədə bəzi fikirlər səsləndirmişdi. Sitat: "AXCP-də təşkilat sədrlərdən ibarət gizli qrup var. Rafiq Daşdəmirli bu qrupun admini idi. Onun barəsində söz-söhbətlər çıxandan, mən onlar haqqında bəzi fikirlər deyəndən sonra Ə.Kərimli Rafiqi çağırıb. Deyib ki, qrup üzvlərindən üzr istə və qrupu tərk et. O da qrup üzvləri ilə sağollaşıb və onların sırasını tərk etdiyini bildirib. Ə.Kərimli deyib ki, sənin yerinə adam tapmayınca, istefa xəbərini açıqlama. O da söz verib ki, bu barədə danışmayacaq, sakitcə partiyanı tərk edəcək. Üç gün axtarışlardan sonra Səbail rayon şöbəsinin sədri Saqifi tapıblar. Rafiq öz ərizəsi ilə partiyadan çıxmayıb".
Göründüyü kimi, AXCP sədri partiya daxilində yalnız öz məqsədini güdməklə yanaşı, həm də ona sərf etməyən cəbhədaşlarını müxtəlif yollarla partiyadan uzaqlaşdırır. Ə.Kərimlidən olan daha bir narazılıq onun partiya daxilində uğursuz gənclər siyasəti yürütməsidir. AXCP sədrinə daha yaxın olan qruplaşma - Gözəl Bayramlı və Həsən Kərimov bilavasitə sədrin müxtəlif təlimatlarını yerinən yetirməklə, həm də oradakı müstəqilliyə meyilli gəncləri sıxışdırmaqla məşğuldurlar. Yeri gəlmişkən, onu da qeyd edək ki, bir neçə il AXCP-nin gənclər təşkilatının sədri olmuş Əbülfəz Qurbanlının da məhz bu siyasətə etiraz edərək, partiyadan istefa verməsini istisna etmək olmaz. Düzdür, o sonradan Ə.Kərimlinin müavini postuna qədər irəliləyə bilmişdi. Lakin AXCP sədri Ə.Qurbanlının partiyadakı gənclər vasitəsilə hətta sədrliyə belə iddialı olacağından ehtiyat edərək, yəni partiyada ən azından dəyişikliklər edəcəyindən qorxaraq, dərhal onun istefasını qəbul etdi.
Buna daha bir misal göstərə bilərik. Məsələn, A.Tanrıverdioğlu R.Daşdəmirlinin çıxarılması səbəblərindən danışarkən, bu mövzuya da toxunub: "Partiya üzvü olduğum vaxtların bir günündə Rafiq və Arzuman Məcidli məni görüşə çağırdılar. Arzuman və Rafiq mənə bir məktub verdilər. Dedilər ki, bu məktubu "Milliyyətim" qəzetində işıqlandır. Məktubu qəzetin redaktoru Sərdar Əlibəyliyə verdim. Onun özü də məktubun mənə verildiyi anı görüb. Məktubda gənclərin Əli bəyə müraciəti var idi. Müraciətdə deyilirdi ki, Həsən Kərimov və Gözəl Bayramlı gəncləri sıxır, bunlar vəzifələrindən uzaqlaşdırılsın. Təxminən bir həftə öncə bu məktubu Sərdar Əlibəyli Həsən Kərimova verib. Həsən bəy məktuba baxan kimi deyib ki, bu Rafiqin xəttidir. Ondan sonra məktubu Əli bəyə verib. Rafiqin məsələsi bundan sonra ortaya çıxıb. Nə qədər inandırmağa çalışsa da, mümkün olmayıb. Rafiq Əli bəyə deyib ki, onda Ağaşirinin sizin barədə dedikləri həqiqətdir. Kərimli bildirib ki, onu özüm bilərəm. Rafiq bu məsələlərdən sonra istefaya getməyə məcbur olub".
Mövzuda adı keçən "Milliyyətim" qəzetinin redaktoru S.Əlibəylinin də mövqeyi maraq doğurur. Belə ki, o, deyilənləri təsdiq edərək, Ə.Kərimliyə müraciət formasında olan məktubun ona verildiyini gizlətməyib və deyib ki, həmin məktubu öz gözlərilə görüb: "Siyasi arenada min cür belə oyunlardan çıxırlar. Ona görə də, məktubu dərc etdim. İbrət dərsi götürmələri üçün. Məktubda Ə.Kərimliyə H.Kərimov və G.Bayramlıdan şikayət var idi. Partiyada insanlar azad fikirlərini deməlidirlər. Yoxsa bu cür problemlər çıxır. Həmin məktubun kim tərəfindən yazıldığı mənə məlumdur".
Lakin AXCP-də problemlər bununla da başa çatmır. Belə ki, geridə qalan hər gün haqlarını tələb edən, Ə.Kərimlinin diktatorluq və avtoritar idarəçilik rejiminə etiraz edən partiya fəalları müxtəlif üsullarla oradan uzaqlaşdırılmaqdadırlar. Belə bir amilin yaşanması isə əslində Ə.Kərimliyə həm qurultay öncəsi, həm də parlament seçkiləri öncəsi sərf etmir. Ancaq o, özünə qarşı çıxanları da partiyada saxlamaq istəmədiyinə görə, məcbur olub onları AXCP sıralarından qovur. Belə getsə, cəbhə sıralarında ümumiyyətlə, adam qalmayacağını indidən proqnoz etmək mümkündür.
Rövşən NURƏDDİNOĞLU