Gülağa Aslanlı: "Bizimlə razılaşdırılmamış addım atıb, dəstəkləmirik"
"Tural Abbaslı "Ağ Blok" yaradarkən, partiya rəhbərliyi ilə heç bir müzakirələr aparmayıb". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı başqanlığına sabiq namizəd Tural Abbaslının gənclərdən ibarət "Ağ Blok" adlı siyasi qurum yaratmasına münasibət bildirərkən deyib.
Müsavat rəsmisinin sözlərinə görə, məhz bu üzdən onun partiya daxilindəki addımları dəstəklənmir: "Mən kifayət qədər aydın şəkilə izah etdim ki, Tural Abbaslı bizimlə razılaşdırılmamış addım atıb. Bu səbəbdən də onun həmin istiqamətdəki fəaliyyəti rəhbərlik tərəfindən dəstəklənməyəcək".
Partiyanın Ali Məclisinin üzvü Mustafa Hacıbəyli isə ümumiyyətlə, Tural Abbaslının həmin addımından xəbərsiz olduğunu bildirərək, bununla bağlı heç bir məlumat verməyəcəyini deyib.
Qeyd edək ki, blokun yaradılmasında məqsəd bu il keçiriləcək parlament seçkilərində iştirak etməkdir. Müsavat funksioneri Tural Abbaslı "Ağ Blok"un yaradıcısı olaraq mətbuata açıqlamasında deyib ki, blokun əsas hədəflərindən biri də seçki mühitinin yaradacağı siyasi vəziyyətdən və imkanlardan istifadə edərək siyasi arenaya yeni simaların təqdim edilməsidir: "Biz cəmiyyətə yeni alternativlərin təqdimatının labüd olduğunu düşünürük. "Ağ Blok" ilkin olaraq, bu il keçiriləcək parlament seçkilərində namizəd olacaq simalardan təşkil olunacaq. Burada, artıq siyasətdə sözlərini demiş və bəlli mübarizə tarixinə sahib olan fədakar gənc siyasətçilər var".
Abbaslı blokda yalnız Müsavat üzvlərinin deyil, o cümlədən digər müxalifət partiya təmsilçilərinin də təmsil oluna biləcəklərini istisna etməyib: "Bu blokda müxtəlif partiya üzvləri və bitərəflər də təmsil olunacaq. Əminəm ki, bu birlik Azərbaycanda yeni siyasi dövrün başlanğıcını qoyacaq bir struktur olacaq. Tərkibin genişlənməsi üçün hələ də işlər davam edir".
Tural Abbaslı blokun təsis konfransının keçirilməsi tarixini də açıqlayaraq dedyib ki, onun təsisi avqust ayına planlaşdırılır.
Xatırladaq ki, Tural Abbaslı Müsavat rəhbərliyinə etiraz edən qrup təmsilçilərindəndir və partiyanın qurultayından, o cümlədən başqanlıq seçkilərindən sonra onun mövqeyi ilə rəhbərliyin mövqeyi üst-üstə düşmür. Əvvəlcə o partiyadaxili fraksiya yaradaraq, rəhbərliyə qarşı müxalifət olacağını desə də, hazırda "Ağ Blok" adlı seçki qurumu yaratması həmin planın reallaşmadığını göstərir. Partiyadakı mənbələr isə növbəti istefa isminin məhz Tural Abbaslı olacağını iddia edirlər.
sia.az